Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 14:35

Həyatı sığorta olunanlar və olunmayanlar


Arxiv foto
Arxiv foto
- İşləyirsiz?

- Bəli.

- Sizi sığortalayıblarmı?

- Xeyr.

- Məcburi həyat sığortası haqda məlumatınız varmı? Bu ilin yanvarından qüvvəyə minib.

- Xeyr.

İlham Zeynalovdur bu. Bu ilin yanvarından qüvvəyə minmiş məcburi həyat sığortasından məlumatsızdır. Ancaq həmin qanuna görə, işəgötürənin işçini sığortalatması məcburidir. Əks halda o, cərimələnəcək. Bakı küçələrində apardığımız sorğu zamanı məlum olur ki, İlham Zeynalov istisna deyil.

Tofiq Əhmədov:

- Sizi sığortalayıblar?

- Yox. Sığortalamayıblar.

- Məcburi həyat sığortası haqda nə bilirsiz?

- Dünyanın başqa ölkələrində olması haqda məlumatım var. Bizdə olub-olmadığını bilmirəm.

Bakı küçələrində sorğunu davam etdiririk. Bank sektorunda çalışan Əziz Hüseynovu eşidək:

- Sığortalayıblar sizi?

- Bəli.

- Məbləği bilirsizmi?

- Sığortanın? Xeyr! Onu yalan deyərəm. Biz sıravi işçiyik, müdiriyyətə aid deyilik.

- Müqaviləylə tanışsızmı?

- Tanış olmuşam. Amma nə qədər məbləğ keçirilir, bizə deyilmir.

RƏSMİ MƏLUMATLAR

Bu ilin yanvar-oktyabr aylarında, yəni qanun qüvvəyə minəndən 12 932 işəgötürən öz işçisini sığortaladıb. Sığortalananların sayı 636 994 nəfərdir. Bu haqda AzadlıqRadiosuna Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov deyib.

SIĞORTA ŞİRKƏTLƏRİ NİYƏ SUSUR

Namiq Xəlilov yazılı müsahibə verdiyi üçün bəzi məlumatları dəqiqləşdirmək mümkün olmadı. Sığorta şirkətlərisə bu haqda danışmağa meyl göstərmədilər.
«Atəşgah» Həyat Sığorta ASC-dən bildirdilər ki, rəhbərlik toplantıdadır, daha sonra görüşə yollanacaqlar. Ona görə suallarımızı cavablandıra bilməyəcəklər.
«Paşa Həyat» Sığortada korporativ sığorta şöbəsinin əməkdaşı Cəlal Əliyev rəqəmləri açıqlamasa da, bəzi məlumatları bölüşdü. Onun sözlərinə görə, Dövlət Neft Şirkətinin və ya onun tərkibində olan «Azneft» İstehsalat Birliyi öz işçilərini yanvardan lisenziya almış, yəni bazara yenicə girmiş «Paşa Həyat»da sığortaladıblar.

Amma Cəlal Əliyev nə qədər işçinin sığortalanması və ya nə qədər sığortaçıya bədbəxt hadisə nəticəsində ödəniş edilməsi haqda danışmadı. Bunun üçün vaxt istədi. Daha sonra şirkətin başqa əməkdaşı Leyla Əfəndiyeva bildirdi ki, «şirkət sirri olduğundan rəqəmləri açıqlaya bilməzlər».

NİYƏ 13 MİN İŞƏGÖTÜRƏN?

Sahib Məmmədov
Sahib Məmmədov
9 ayda sadəcə aşağı-yuxarı 13 min işəgötürənin işçisini sığortalatması şübhə doğurmurmu? Bu az deyilmi? Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, bu sadəcə formal əmək bazarını əhatə edən rəqəmlərdir:

«Yəni əmək müqaviləsi olmayanlarla belə müqavilə bağlanmır. Ənənəvi olaraq da ən böyük problem bu cür adamlarla üzə çıxır. Sığortanın birmənalı tətbiqinin bu adamlara xeyri yoxdur. Bundan başqa, bəzi müəssisələrdə ikili mühasibat aparılır. Yəni real əmək haqqı ilə rəsmi əmək haqqı arasında böyük fərq olur. Ona görə də sonra bədbəxt hadisə baş verəndə sığorta rəsmi əmək haqqına uyğun ödənir».

Maliyyə Nazirliyinin xidmət rəisi Namiq Xəlilov deyir ki, ikili mühasibatla bağlı sualları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verək.

Nazirlikdən həmin suallara cavab ala bilməsək də, öyrəndik ki, onlar qanun çərçivəsində 4000-dən artıq fiziki və hüquqi şəxslə bağlı yoxlama aparıblar. Onlardan 1000-dən artığına göstəriş verilib ki, işçilərini sığortalatsınlar. Göstəriş yerinə yetirilməzsə, onları 3000 manat məbləğində cərimə gözləyə bilərdi. Yenə nazirliyin məlumatına görə, təkrar yoxlamada göstərişin yerinə yetirildiyi məlum olub.

MÜQAVİLƏDƏN XƏBƏRSİZ OLANLAR

Bakı küçələrində apardığımız sorğu zamanı müəllimə Gülbəniz Musayeva ilə də tanış olduq. Onu da sığortalayıblar. Amma məlum olur ki, bəzi məqamlardan xəbərsizdir:

- Zərurət yaranarsa sizə nə qədər sığorta ödəməlidirlər? Bilirsiz?

- Yox.

- Bəs müqavilədə göstərilməyib?

- Yadımdan çıxıb yəqin. Amma lazımlıdır. Hər kəs sığortalanmalıdır, qəza da ola bilər, hər şey.

Əslində Namiq Xəlilov deyir ki, müqaviləylə zamanında tanış olmaq lazımdır. Əks halda bu sonradan anlaşılmazlıqlara gətirir.

Yeri gəlmişkən, müstəqil ekspertlər bu yöndə monitorinqlərə başlamayıblar.

Amma Sahib Məmmədov təcrübəyə əsaslanıb deyir ki, əvvəllər işəgötürən yüngül və orta travma alanlarla bağlı rəqəmlər gizlədirdilər və işçini aldadırdılar.

«MÜQAVİLƏYLƏ TANIŞ OLUN»

Namiq Xəlilov isə deyir ki, bu sahəyə ciddi dövlət nəzarəti var və sığortaçılar tərəfindən sığortalıların hüquqlarının kütləvi şəkildə pozulmasından söhbət gedə bilməz:

«Ayrı-ayrı hallar olur, Dövlət Sığorta Nəzarəti Xidmətinə müraciətlər olur, sığorta şirkətlərində keçirilən səyyar yoxlamalar zamanı bu məsələyə ciddi baxılır və belə hallar aşkar edildikdə sığorta şirkətlərinə müvafiq göstərişlər verilir. Mübahisəli hallarda sığortalıların məhkəməyə müraciət etmək hüququ da var».

Maliyyə Nazirliyində xidmət rəhbəri Namiq Xəlilov deyir ki, bu ilin 9 ayında 21 sığorta ödənişi edilib:

«Ümumi sığorta ödənişi məbləği 152 218,75 manat təşkil edib. Hazırda 46 hadisə üzrə sığorta tələbinə baxılmaqdadır. Bu sığorta tələbləri üzrə təxminən 1 500 000 manat məbləğində sığorta ödənişinin verilməsi gözlənir».
XS
SM
MD
LG