Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:36

Rafiq Əliyev: «Dəyişməsək, dəyişən dünya bizi qəbul etməyəcək»


Rafiq Əliyev
Rafiq Əliyev
Professor Rafiq Əliyev Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsindən kənarlaşdırıldıqdan sonra özünə və «Ziyalılar forumu»na qarşı çıxışlara münasibət bildirib.

Bu barədə ilk açıqlamasını o, AzadlıqRadiosuna verib.

DƏYİŞMƏSƏK, DƏYİŞƏN DÜNYA BİZİ QƏBUL ETMƏYƏCƏK


ƏDALƏTSİZ CƏMİYYƏT ÇÜRÜMƏYƏ MƏHKUMDUR

37-Cİ İLLƏRİN ABI-HAVASINA KÖKLƏNƏN ANTİ-TƏBLİĞAT


Mənimlə və «Ziyalılar forumu» ilə əlaqədar son zamanlarda baş vermiş olaylara münasibətimi bildirmək istərdim. Əvvəla onu qeyd edim ki, bu son bir ay müddətində gedən proseslərin başlıca səbəbi ziyalılar forumunda iştirak edən azad düşüncəli ziyalıların və bütövlükdə ictimaiyyət nümayəndələrinin fikirlərinə, təkliflərinə hakimiyyətin bəzi yüksək dairələrində tolerantlığın olmaması, hətta sərt təpki ilə qarşılanması, bayağı, ötən əsrin 37-ci illərinin abı-havasına köklənən anti-təbliğat kompaniyasının aparılmasıdır. Ötən bir ay müddətində susmağıma gəlincə, bu, görünür mənim peşə yönümümlə əlaqədardır. Elmi araşdırmalarım həmişə idarəetmə və qərar qəbuletmə nəzəriyyələri ilə əlaqəli olduğundan, mən ilk növbədə bir obyekt kimi cəmiyyətdə gedən prosesləri, onların dinamikasını müşahidə edib qavramaq istədim. Şükürlər ki, gəldiyim nəticə çox pozitiv oldu, bir çoxlarının düşündüyü kimi cəmiyyətimiz ölməyib, bir balaca öləziyibsə də (elmi dildə ətalətliliyi varsa) amma o ayaqdadır. Çoxsaylı ədəbiyyat, sənət, elm, media insanları, bütövlükdə cəmiyyət (xüsusən sosial şəbəkələr vasitəsi ilə) bunu isbat etdilər. Göstərdilər ki, cəmiyyətdə mənəvi dəyərlər, ziyalı ruhu ölməyib. Bir də onu qeyd etmək istərdim ki, həmişə olduğu kimi, bu yazımda da mənim leksikonum tərbiyəmə və intellektimə uyğun olaraq, bəzi «akademiklərin» və professorların planlaşdırılmış yazılarındakı leksikona adekvat deyil.

«ZİYALILAR FORUMU» HEÇ KİMİN «QRUP»U OLMAYAN KÖNÜLLÜ TOPLANTIDIR


Yuxarıda göstərdiyim olayların əsas səbəbi «Ziyalılar forumu»nun fəaliyyəti ilə bağlı olduğundan bu məsələnin üzərində bir qədər ətraflı dayanmaq istərdim. 3-cü ildir fəaliyyət göstərən bu forum azad fikirli adamların, həmişə həqiqətin, xalqın, dövlətçiliyin yanında olan ziyalıların, bəzi məmurların fikrindən tam fərqli olaraq heç kimin «qrup»u olmayan könüllü toplantısıdır. Onun əsas missiyası ölkədə ictimai rəyin formallaşması, ölkənin sabit və dinamik inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır. Bu forumun və onun təmsilçilərinin heç bir siyasi iddiası yoxdur. Məqsəd, qeyd etdiyim kimi əxlaqlı, mənəviyyatlı, xalqa arxalanan saf vətəndaş cəmiyyətinin bərqərar olmasına yardım etməkdir. Bunun bariz sübutu üçün elə «Ziyalılar forumu»nun müzakirə etdiyi problemlərə ekskurs etmək kifayətdir: 1) ziyalı və cəmiyyət (dünən, bu gün və sabah); 2) əxlaq və cəmiyyət; 3) milli birlik: yollar və şərtlər və s.

Düşünürəm ki, bu gün ölkəmizdə ictimai fikrə daha diqqətli münasibət olmalı, o cümlədən «Ziyalılar forumu»nda təmsil olunan azad düşüncəli ziyalıların təkliflərinə daha həssas yanaşılmalıdır.

CƏMİYYƏTİMİZ BELƏ FEODAL ÇAĞIRIŞLARI BU GÜN ARTIQ QƏBUL ETMİR


Ölkədə milli birliyə səsləyən ziyalılara təzyiq və anti-təbliğat cəmiyyəti parçalamağa yönəlmiş uğursuz bir akt oldu. Bu məsələ, bir tərəfdən elmi adı olan bəzi insanları rəzil duruma saldısa, digər - daha acınacaqlı tərəfdən isə problemin naşıcasına regional müstəviyə keçirilməsinə cəhdlər göstərilməsi ilə yadda qaldı. Əlbəttə ki, bütün bunlar uğursuz cəhdlər idi. Mənə Qarabağ, Naxçıvan, Gəncə, Sumqayıt və başqa bölgələrdən gələn yüzlərlə zənglər, ismarışlar, 120000-dən çox üzvü olan «Azərbaycan» Facebook səhifəsində və başqa sosial şəbəkələrdə açılan müzakirələr çox aydın göstərdi ki, sağlamlaşmaqda olan cəmiyyətimiz belə feodal çağırışları bu gün artıq qəbul etmir.

Cəmiyyətimizin bu gün belə sayıq qalmasında müstəqil medianın, açıq fikirli ziyalılarımızın, bütövlükdə həqiqətin yanında olan Azərbaycan insanının xidmətləri çox böyükdür. «Ziyalılar forumu»na və mənə olan təzyiqləri ümumilikdə cəmiyyətə yönəlmiş təzyiqlər kimi qəbul edən, cəmiyyəti diri saxlayan və cəmiyyətin müqavimət gücünü yaradan ölkənin bütün ictimai-siyasi zümrələrinin təmsilçilərinə, xüsusən media nümayəndələrinə, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, ictimai qurumlara, sayılıb-seçilən yazarlarımızı, şairlərimizi, sənət adamlarımızı, alimlərimizi özündə birləşdirən böyük ziyalı ordusuna, imanlı din xadimlərinə, gələcəyimiz olan ləyaqətli və çoxsaylı gənclər ordusuna dərin minnətdarlığımı bildirirəm. Bu insanlar qorxmayan, sınmayan insanlardır. Böyük Mustafa Kamal Atatürk demişdir «Aydınları korkak olan milletler ezilmeğe mahkumdur».

CƏMİYYƏTİN İSLAHATLARA SOSİAL SİFARİŞİ VAR


Sonda cəmiyyətin bütün zümrələrinə öz düşüncələrimi çatdırmaq istərdim.

Bu gün dünya qlobal miqyasda kataklizmlər məngənəsindədir, maliyyə-iqtisadi böhran, regional müharibələr, tək Şərqdə yox, Qərbdə də baş verən etiraz çıxışlarının başlanması şəraitində cəmiyyətimiz üçün dominant tələb milli birlik, bu hədəfə aparan milli barış yoludur. Düşünürəm ki, buna alternativ yoxdur. Bu hədəfə çatmaq üçün ölkənin bütün ictimai-siyasi zümrələri, iqtidarlı-müxalifətli hamı tolerant olmalıdır. Hamı bir-birini eşitmək, ictimai fikrə daha diqqətli olmaq bacarığına yiyələnməlidir, daha çox açıqlıq və şəffaflıq olmalıdır. Ziyalıların səsi eşidilməlidir, onları aşağılamaq yox, qorumaq lazımdır.

Cəmiyyətin islahatlara sosial sifarişi var. Bütövlükdə dünyanın, o cümlədən Qərbin də dəyişməyə ehtiyacı var. Biz dəyişməsək, dəyişən dünya bizi qəbul etməyəcək.

Cəmiyyətimizin bütün tərəflərində ədalət bir nömrəli atributa çevrilməlidir. Əvvəlki yazılarımda dediyim kimi onsuz da dünya ədalətə hamilədir. Ədalətsiz cəmiyyət çürüməyə məhkumdur. Gəlin hamımız ədalətli, əxlaqlı cəmiyyət və Qarabağın xilası ideyası ətrafında birləşək.

Rafiq Əliyev, professor

Professor Rafiq Əliyevə işdən çıxarılması haqda əmr bu il noyabrın 4-ü «Ziyalılar forumu»nda iştirakından əvvəl təqdim edilib. Əmrdə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndini pozması qeyd olunub.

Məcəllənin həmin bəndində deyilir ki, «işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda (72-ci maddə) əmək müqaviləsi ləğv olunur».

Rafiq Əliyev 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir.
XS
SM
MD
LG