Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:21

Jurnalistlər «Preventiv cavab qrupu» yaradırlar


Anar Niftəliyev
Anar Niftəliyev
QƏZET REDAKTORU VƏ TƏSİSÇİSİNİN UŞAQLARI TƏHDİD OLUNDU

«Xural» qəzetinin davamçısı olan «ASİ»nin baş redaktoru Anar Niftəliyevlə təsisçisi Nurəddin Xoca hədələnib. Nurəddin Xocanın sözlərinə görə, dekabrın 6-da özünü təqdim etməyən şəxs eyni nömrədən onlara ayrı-ayrılıqda zəng vurub:

«Saat 12-13 arasında zəng gəldi ki, sənin o biri ayağını da sındırarıq – mən Qarabağ əliliyəm, bir ayağım işləmir - balaların əsgərdir, oğlanlarının sabahını fikirləşmirsən? Dedilər ki, «Asi» qəzetini bağla».

İki azyaşlı qızı olan Anar Niftəliyevə də eyni məzmunda təhdid gəlib:

«Deyiblər ki, iki qızın var, biz bilirik harda oxuyur, saat neçədə hara gedir, kiminlə gedir. Hər şeyi dəqiqliklə deyiblər...»

Anar Niftəliyev dərhal Daxili İşlər Nazirliyinə müraciət edib. Nərimanov rayon Polis İdarəsinin 18-ci bölməsindən bildiriblər ki, zəng taksofondan gəlib. Həmin ünvana – Təbriz 1 ünvanına yollanan qəzetçilər orda taksofon görməyiblər. Daha sonra həmin taksofonu başqa ünvanda tapıblar – «Nərimanov» kinoteatrının qarşısında.

Bu səbəbdən də iş Nərimanov rayon Polis İdarəsinin 17-ci bölməsinə göndərilib.

Anar Niftəliyev deyir ki, hələlik işin gedişatından narazı deyil. Onun fikrincə, polis istəsə sabaha kimi zəng vuranı tapacaq, çünki onun əlində bütün ipucları var. O ətrafda çoxsaylı kameraların olduğunu da vurğulayır. Bu kameralar həm banklara, həm də Dövlət Yol Polisinə aiddir.

POLİS: «ARADAN 2-3 GÜN KEÇMƏLİDİR»

İşi araşdıran Nərimanov rayon polis idarəsinin 17-ci bölməsinə zəng vurduq. Növbətçi bildirdi ki, cavab üçün 2-3 gün gözləmək lazımdır. Niyəsinə gəlincə, polis izah edir ki, bununla bağlı onlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etməlidirlər:

«Zəng edirik, vaxtı müəyyənləşdiririk, əhatə dairəsini müəyyən edirik. Hamısına baxılır. Dünən müraciət edibsə, bu tezliklə ona nə cavab vermək olar? 2-3 gün keçməlidir. Bizim səlahiyyətimizdə olan iş deyil».

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə də deyir ki, həmin şəxs polisə müraciət edibsə məsələ araşdırılacaq və mütləq ona cavab veriləcək.

«ÇOBANIN KÖNLÜ OLSA...»

Mahmud Hacıyev
Mahmud Hacıyev
Keçmiş polis rəisi Mahmud Hacıyev isə polisin cavabını «qeyri-peşəkar» adlandırır. Onun fikrincə, polis bu zəngin müəllifini 3 saata da tapa bilərdi:

«El misalı var: «Çobanın könlü olsa, təkədən pendir tutar». Hüquq-mühafizə orqanına yaraşmır, 2011-ci ildə desin ki, zəng küçə telefonundan gəlib müəyyən edə bilmirəm. İnsan təhdid olunur, qəsd oluna bilər... Bir də hüquq-mühafizə orqanlarının rəhbərləri bəyanatlar verirlər ki, son illərdə müasir aparatlarla təchiz olunublar və hər şeyin öhdəsindən gələ bilərik. Bu bəyanatlar hara, verilən cavab hara?»

Mahmud Hacıyev bunu da deyir ki, son illər jurnalistlərin başına gələnlərdən sonra polis bu cür təhdidlərə daha çevik reaksiya verməli, operativ araşdırma aparmalıdır.

PREVENTİV CAVAB QRUPU

Polis bu araşdırmanı nə qədər operativ aparacaq indidən deyə bilmərik. Amma araşdırma başqa ünvana da gedə bilər. Jurnalist ölümlərini, onlara olan təzyiqləri araşdıracaq qrup işə başlayır - Preventiv Cavab Qrupu.

Layihəni Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu həyata keçirəcək. Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə yardımı, Jurnalistlərin və Söz Azadlığı Müdafiəsi Fondunun hamiliyi ilə.

Layihənin rəhbərlərindən biri Mehman Əliyevdir:

«Son zamanlar jurnalistlərə qarşı təzyiqlərlə rastlaşırıq. İstər fiziki, istər psixoloji, istərsə
Mehman Əliyev
Mehman Əliyev
də məhkəmə təzyiqləriylə. Onun üçün də fikirləşirik ki, hər hansı formada jurnalistlərin müdafiə sistemini yaradaq. Bu istiqamətdə müxtəlif təşəbbüslər də var idi. Çoxu da müvəqqəti xarakter daşıyırdı. Sistemli müdafiə bu vaxtadək qurulmayıb. Son hadisələrsə göstərir ki, bu cavabsızlıq jurnalistlərə qarşı yeni-yeni cinayətlərə gətirir».

ÇƏKİNDİRMƏ EFFEKTİ

Mehman Əliyev deyir ki, Preventiv Cavab Qrupu daimi fəaliyyət göstərəcək. Bura jurnalistlər, hüquq-mühafizə qurumlarının sabiq əməkdaşları, vəkillər toplanacaq. Onlar jurnalistlərə qarşı təhdidləri və eləcə də cinayətləri araşdıracaqlar.

Artıq qrup Rafiq Tağının ölümü ilə bağlı təhqiqata başlayıb və yaxınlarda hesabat hazırlayacaq. Eləcə də rüşvət almaqda ittiham olunaraq həbs edilən, «Xural» qəzetinin redaktoru Əvəz Zeynallı ilə bağlı da ayrıca araşdırma gedir.

Bəs bunun önəmi, faydası nə olacaq jurnalistlərə? Mehman Əliyevə görə, təhqiqat aparacaq qrupların mövcudluğu jurnalistlərə təzyiq, cinayət törətmək istəyənləri çəkindirəcək. Bundan başqa cinayətin üstünün açılmasına kömək edəcək.

Son 6 ildə Azərbaycanda redaktor Elmar Hüseynov və publisist Rafiq Tağı qətlə yetirilib. Bir neçə jurnalist oğurlanaraq döyülüb, xəsarət alıb. Sonradan onlardan bəzisi mühacirət edib. Polis cinayətkarları hələ də tapmayıb. Bu ilin mayındasa «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahidin ailəsi təhdid olunmuşdu. Buna görə də ailə hazırda Fransada mühacir həyatı yaşayır.
XS
SM
MD
LG