Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:09

Prezidentin qızları 200 milyon dollar ziyana düşüblər


Gulnara Karimova 63-cü Kann Film Festivalında, 22 may 2010
Gulnara Karimova 63-cü Kann Film Festivalında, 22 may 2010
-

İsveçrədə çap olunan “Bilan” biznes dərgisi hər il 300 ən varlı adamın siyahısını dərc edir. Son beş ildə jurnalın tərtib etdiyi siyahılarda Özbəkistanın prezidenti İslam Karimovun böyük qızı Gulnara Karimovanın da adı düşürdü. Bu il isə ora Karimovun kiçik qızı, Özbəkistanın UNESCO-dakı səfiri Lola Karimovanın da adı əlavə olunub.

Bacılar 200 milyon itirdilər, amma hələ milyardları var

Gulnara və Lola bacılarının hədsiz var-dövlətə sahib olmaları əslində təzə xəbər deyil. Yeni olan budur ki, jurnalın dekabrın 2-də yaydığı hesabata görə bu bacılar son bir ildə xeyli pul itiriblər.

Luzannada çap olunan rusdilli “Nasha Qazeta” yazır ki, Karimova bacıları son bir ildə azı 200 milyon dollar ziyandadırlar. Bunun səbəbi haqqında məlumat yoxdur.

“Bilan” jurnalına görə də bacılar 2011-ci ildə biznesi ən çox zəifləyən supervarlılar siyahısındadırlar. Amma dərgi hesab edir ki, itkiləri olsa da bu qadınların əlində hələ də azı 1 milyard dollar var.

Bu rəqəm dərhal sual yaradır ki, ...

...prezidentin qızlarında bu qədər pul hardandır?

Gulnara Karimova Londonda Elton John-un keçirdiyi balda, iyun 2011
Gulnara Karimova Londonda Elton John-un keçirdiyi balda, iyun 2011
Bunun bir hissəsi ola bilər ki, Karimov klanının sahib olduğu Zeromax şirkətindən qazanıla bilər. Özbəkistanın ən böyük özəl şirkəti olan Zeromax Karimov ailəsinin və onlara yaxın olan adamların ən böyük gəlir mənbəyi hesab edilir.

Özbəkistanda iqtisadiyyatın bütün sahələrinə nəzarət edən bu şirkəti məlum olmayan səbəblərdən 2010-cu ildə dövlət alıb.

Prezidentin “hamının zəhləsi gedən” zəngin qızı

“The Guardian” Özbəkistandakı ABŞ diplomatlarının şəxsi qiymətləndirmələri kimi yazırdı ki, Gulnara Karimova bu ölkədə az qala hamının zəhləsi gedən bir şəxsdir.

WikiLeaks saytı vasitəsilə yayılan səfirlərin gizli məktublarına istinad edən qəzet yazır ki, Özbəkistanda Gulnaranı oğrular baronu kimi xarakterizə edirlər. İddiaya görə bu xanım ona boyun əyməyən biznes sahiblərinin hamısını dövlət aparatı vasitəsilə cəzalandırır.

Gulnara həm də bəzi kriminal dairələrlə əlaqədə ittiham edilir. “The Guardian” Daşkənddəki ABŞ səfirliyindən yazıldığı iddia edilən gizli məktublara istinadla bildirir ki, bu xanım yerli mafioz dairələrdəki əlaqələri vasitəsilə ölkədəki xam neft layihələrində də pay ələ keçirir.

Lola 14 milyon dollarlıq malikanəyə niyə 46 milyon verib?

Bu yaxınlarda Gulnaranın kiçik bacısı Lola da Britaniya mətbuatına mövzu olub. "The Daily Mail" dekabrın 4-də xəbər verib ki, Lola Karimova və onun əri Timur Tillayevin adı Cenevrə yaxınlığında dəyəri 46 milyon dollar olan bir malikanənin qapısında yazılıb.

Lola Karimova əri Timur Tillyaevlə birgə.
Lola Karimova əri Timur Tillyaevlə birgə.
İsveçrədəki bu ev Britaniya mediasının diqqətini ona görə çəkib ki, evi satan da yaxınlarda Londona geri dönən Britaniya İşçi Partiyasının maliyyə dəstəkçisi Andrew Rosenfelddir. Rosenfeld 2009-cu ildə həmin evi cəmi 14 milyon dollara alıbmış.

Bircə il sonra isə onu Lola Karimovaya 46 milyon dollara sataraq azı 30 milyon dollar qazanc əldə edib.

Qaranlıq olan odur ki, Karimova və onun əri birdən-birə niyə həmin malikanəyə bazar dəyərindən az qala iki dəfə yuxarı pul veriblər.

Britaniyanın Daşkənddəki keçmiş səfiri və hazırda hökumətin kəskin tənqidçisi olan Craig Murray bildirir ki, adətən bazar dəyərindən yuxarı olan bu cür sövdələşmələr pul yumaq üçün olur. Yəni, əslində iri məbləği alan adam pulun bir hissəsini qaytarıb geri verir.

Kiçik Karimovanın qazanc mənbəyi isə Özbəkistana Çindən mal gətirən Abu Sahiy şirkətindədir. AzadlıqRadiosunun araşdırmalarına görə Abu Sahiy ilk dəfə Karimovanın paya sahib olduğunu açıq nümayiş etdirib və bu şirkət Çindən mal gətirilməsi sahəsində faktiki monopoliyaya sahibdir.
XS
SM
MD
LG