Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:27

Həbsxananı azadlıqdan üstün tutanlar...


Səadət Hüseynov
Səadət Hüseynov
31 İL HƏBSXANADA YATMIŞ MƏHBUSUN FƏRYADI

Astara rayon Şahağacı kənd sakini Səadət Hüseynov 7 dəfə məhkum olunub, üst-üstə 31 il həbsxanada yatıb. Azadlığa çıxandan sonra da hələ özünə sakit yaşayış qura bilməyib. O bildirir ki, bu ilin sentyabrında həbsxanadan buraxılıb. Hələ ki, onu axtaran yoxdur:

«Sentyabrın 16-da getmişəm Ədliyyə nazirliyinin Astara rayon bölməsinə. Mənə dedilər ki, get, biz sizi çağırarıq. Onun üstündən 10 gün keçib, getmişəm orda olmayıb. O gündən bu günə kimi nə çağırırlar, nə maraqlanırlar».

Səadət Hüseynov deyir ki, yardım, kömək, iş vermək əvəzinə Astara rayon Polis Şöbəsindən ona hədə-qorxu gəlirlər. Kənddə baş verən oğurluq halları barədə onlara məlumat verməsini tələb edirlər:

«DEYİR CİBİNƏ HEROİN ATARAM»

«Deyirlər kənddə olan oğurluqları sən götür boynuna, get, həmişə qazamatda olmusan. Nə eləyirsən burda? Deyir, cibinə heroin ataram, səni tutduraram. Heç kim mənimlə maraqlanmayıb. İşləyirsən, nə yeyirsən, harada yaşayırsan, evin var? Özgənin evində yaşayıram. O, da sabah qovacaq məni. Mənim günahım nədir? Nəyə görə cibimdə ülgüc ilə gəzməliyəm? Polisi görən kimi ülgücü qoyuram boynuma. Deyirəm yaxın gəlmə. Nəyə görə?».

Səadət Hüseynov sakit həyat yaşamaq istədiyini bildirir. Onun 7 qardaşı olub, onların hamısı vəfat edib. Ata, anası da yoxdur. Köməksiz-arxasız qaldığını bildirir. Cəza çəkməkdən azad olunmuş şəxs kimi ona birdəfəlik yardım verməlidirlər. 3 ay keçməsinə baxmayaraq, ona yardım edilmir:

«MƏN DƏ İNSANAM»

«Mən onu alıb özümə şərait yaratmalıyam. Özümü təmin edim, cinayətkarlıq etməyim. Onu da vermirlər mənə. Nə ilə alım? Mənim buraxılış vərəqəmi alıb, qoyub ora. Ədliyyə Nazirliyinin icra nümayəndəsi. Sürəti çıxarmalıdır, özünü verməlidir mənə. Onunla şəxsiyyət vərəqəsi götürməliyəm. Şəxsiyyət vəsiqəsini götürüb işləyərəm də. Nə üçün gəlib «lötkə» çəkməliyəm? Mən də insanam, içmək istəyirəm, gəzmək istəyirəm. 50 dənə sənətim var. Məktəb qurtarmışam, diplomlarım var. Deyirəm cinayət eləmişəm? Deyir yox. Adam öldürmüşəm, adam döymüşəm? Nəyə görə izahat verməliyəm».

Ədliyyə Nazirliyinin Astara icra bölməsi
Ədliyyə Nazirliyinin Astara icra bölməsi
Səadət Hüseynov deyir ki, kənddə 20-dən çox onun kimi keçmiş məhbus var:

«BU ŞƏRAİTDƏN QAZAMAT YAXŞIDIR»

«Onlara da sosial təminat vermirlər. Eyni şeydir. Versəydilər nə vardı ki? Alverimi edərdim, gedərdim Rusiyaya, gedərdim dənizə. Bu, mənim işimdir də. Bu şəraitdən qazamat yaxşıdır. Bu dəqiqə Avropa Şurası, sağ olsun Mədət Quliyev elə şərait yaradıblar ki, qazamat burdan yaxşıdır. Saat 11-dir mən çörək yeməmişəm. İndi orada «kaşamı» da yemişdim, çörəyimi də yemişdim. İndi oturmuşdum çayxanada videoya baxırdım. Məndə o qədər kişilik yoxdur burda çayxanaya girim. Oraya girməyə 20 qəpik pulum yoxdur».

Astara rayon Polis Şöbəsində olduq. Şöbədə adının çəkilməsini istəməyən bir zabit Şahağacı kəndində oğurluq hadisəsinin baş verdiyini bildirdi. Şübhəli şəxs kimi Səadət Hüseynov şöbəyə çağırılsa da, gəlməyib. Üstəlik, Səadət Hüseynov həm də şöbədə qeydiyyata durmalıdır. Polis zabitinin deməsinə görə, o, keçmiş məhbus kimi bir il nəzarətdə qalmalıdır.

Ədliyyə Nazirliyinin Astara rayon icra bölməsində isə AzadlıqRadiosuna bildirdilər ki, cəza çəkməkdən azad edilmiş şəxslər qeydiyyata alınandan sonra qanun daxilində bütün proses yerinə yetirilir. Səadət Hüseynovun problemi varsa, müraciət edə bilər, dərhal yerinə yetiriləcək.

KEÇMİŞ MƏHBUSLARA İŞ YOXDUR

Astara rayon Məşğulluq Mərkəzinə ötən ildən 20-dən çox keçmiş məhbus iş üçün müraciət edib. Lakin onların heç birisi işlə təmin olunmayıb.

Astara rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Xəyyam Əkbərov 2 il ərzində 40-dan çox keçmiş məhbusun sosial yardım üçün onlara müraciət etdiklərini söylədi. Hazırlanmış sənədlər Nazirliyə göndərilir, nazirlik də bir ay ərzində cavab verir. Yardım düşən şəxslərin hər birinə 345 manat pul verilir.

Vəkil Novruz Hacıyev isə qeyd edir ki, cəza çəkməkdən azad edilmiş şəxslərə qanunla verilmiş hüquqlar yerinə
Novruz Hacıyev
Novruz Hacıyev
yetirilməlidir:

«CƏZA ÇƏKMƏKDƏN AZAD OLUNMUŞ ŞƏXS QEYDƏ ALINMALIDIR»

««Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında» Azərbaycan Respublikasının qanunu var. Öz cəzasını çəkmiş şəxslər qayıtdıqdan sonra yaşayış yerlərində qeydə alınmalıdırlar. Bu, yerli daxili işlər və icra orqanlarının işidir».

Novruz Hacıyev deyir ki, cəzasını başa vurmuş məhkumların yaşayış yeri yoxdursa, yerli icra orqanları onları müvəqqəti yer ilə təmin etməlidirlər. Onlar üçün birdəfəlik yardım da nəzərdə tutulur:

«Birdəfəlik yardımı qeydiyyata alındıqdan sonra yerli sosial idarələr həyata keçirirlər. İşlə təmin olunmaq üçün işədüzəltmə bürolarında qeydiyyata alınırlar. İşə düzəltmə büroları onları müvafiq kvotaya əsasən işlə təmin etməlidirlər. Məhkumun ixtisasına uyğun iş yeri yoxdursa, onda işə düzəltmə müəssisələri onlara yeni peşələrin verilməsini təmin etməlidirlər».

Vəkil cəzaçəkmədən azad edilmiş şəxslərin hüquqlarının pozulması ilə əlaqədar ona da müraciət edildiyini bildirdi.

QANUN YAXŞIDIR, LAKİN İCRA OLUNMUR

Hüquqşünas Elman Hüseynov isə deyir ki, keçmiş məhbusların sosial adaptasiyası haqqında qanun yaxşı olsa da, icra olunmur. Onun fikrincə, ölkədə olan korrupsiya və işsizlik buna imkan vermir.
XS
SM
MD
LG