Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:41

Nazir: Azərbaycana haker hücumu İran və Niderlanddan həyata keçirilib


Əli Abbasov
Əli Abbasov
Azərbaycanın dövlət və ictimai saytlarına haker hücumu İran və Niderlanddan həyata keçirilib.

Bu barədə jurnalistlərə Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov deyib.

Ə.Abbasov yanvarın 16-da baş verən kibermüdaxilələrin nəticələrinin iki saat ərzində aradan qaldırıldığını bildirib:

«Bu istiqamətdə araşdırmalarımız başa çatıb. Məlum olub ki, kibermüdaxilələr Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin serverində yerləşən saytlara olub. Müdaxilələrin 24-ü İrandan, 1-i isə Niderlanddan olub».

Nazir hadisə ilə əlaqədar iranlı həmkarına məktub göndərdiyini vurğulayıb:

«İranın rabitə nazirindən xahiş etmişəm ki, kibermüdaxilələrin olunduğu dəqiq ünvanlar müəyyənləşsin. Adətən kibermüdaxilələrin gəldiyi ölkələr tranzit ölkə olaraq seçilir. İnanıram ki, bu qanunsuz haker fəaliyyətinin İran hökumətinə, İranın heç bir dövlət strukturuna aidiyyəti yoxdur».

Ə.Abbasovun fikrincə, mövcud hadisə bir növ siqnal xarakteri daşıyır.

«Qərara gəlmişik ki, bu sahədə kompleks tədbirlər həyata keçirək. Bura normativ hüquqi sənədlərin hazırlanması, texniki və təşkilati tədbirlərin həyata keçirilməsi aiddir. Ola bilsin ki, bundan sonra dövlət saytları yaradılarkən xüsusi sertifikatlar tətbiq olunsun» - nazir bildirib. /apa/
XS
SM
MD
LG