Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:26

İ. Həmidov: «Yol polisinin aldığı 5-3 manat oğurlanan milyonların yanında bir şey deyil»


AzadlıqRadiosunun Bakı Bürosunda studiyada İsgəndər Həmidov (sağda), Fariz Namazlı (ortada) və Kamran Əliyev (solda)
AzadlıqRadiosunun Bakı Bürosunda studiyada İsgəndər Həmidov (sağda), Fariz Namazlı (ortada) və Kamran Əliyev (solda)
-

AzadlıqRadiosunda yeni polemika başlayır – Korrupsiometr. Bu proqramda hər dəfə ölkə həyatının bir sahəsi götürülüb orada korrupsiya və rüşvət riskləri ətraflı müzakirə edilir. Proqram hər həftənin cümə axşamı günü efirdə olacaq.

Korrupsiometrin ilk buraxılışında yol polisində rüşvət riskləri müzakirə edilib. Qonaqlar Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqələr şöbəsinin inspektoru Kamran Əliyev, keçmiş Daxili İşlər naziri İsgəndər Həmidov, Gürcüstanda yaşayan azərbaycanlıların “Qeyrət” Xalq Hərəkatının sədri Əlibala Əsgərovdur.
ÇARƏ AXTARIŞI: YOL POLİSİNDƏ RÜŞVƏTİ BİRDƏFƏLİK NECƏ KƏSMƏLİ?

Kamran Əliyev qeyd etdi ki, hazırda Azərbaycanın yol polisinin sürücüdən rüşvət almasının qarşısını almaq üçün bütün zəruri tədbirlər görülüb:
Kamran Əliyev
Kamran Əliyev

“Istənilən şəkildə nəğd pul vəsaiti almaq patrul xidməti inspektorlarına qadağan olunub. Və bilirsiniz ki, ötən il fevral ayının 14-də cənab prezidentin fərmanına əsasən cərimələrdən gələn məbləğin 25 faizi yol patrul xidməti inspektorlarının maaşına əlavə olunur. Bu gün kifayət qədər dövlət tərəfindən əməkdaşlara şərait yaradılıb.

Bilirsiniz, hər halda korrupsiya pozmalarına yol verdiyinə görə ötən il ərzində 39 əməkdaş işdən azad edilib. Bu da onu deməyə əsas verir ki, bəli ayrı-ayrı əməkdaşlarımız tərəfindən bu cür hərəkətlərə yol verilib və onun qarşısı alınıb”.

Keçmiş Daxili İşlər naziri İsgəndər Həmidov da bildirir ki, Azərbaycanda Daxili İşlər Nazirliyi sistemində ən ağır şəraitdə işləyən yol polisi əməkdaşlarıdır, onların hansınınsa aldığı 5-3 manat da dövlətin korrupsiya yolu ilə oğurlanan milyonlarla pulunun yanında ciddi bir şey deyil:
İsgəndər Həmidov
İsgəndər Həmidov
“Rüşvət var, cəmiyyət başdan ayağa rüşvətxor cəmiyyətdir. Cəmiyyət rüşvət yaradıb, cəmiyyət korrupsiya yaradıb, yol polisi də onun bir balaca qoludur.

Amma bu rüşvətxorluğa qarşı gedən mübarizə tək repressiv qaydada olmamalıdır. Rüşvəti yaradan amilləri aradan götürmək lazımdır.

Korrupsiya haqqında veriliş hazırlananda çox xahiş edirəm korrupsionerləri dəvət edin. Korrupsiya bilavasitə siyasi hakimiyyət elitasının aldığı pulla, böldüyü pulla əlaqədardır. O yol polisinin 20 manat, 30 manat, 15 manat almağı... elə ölkələr var ki, ona mükafat kimi baxırlar, elə ölkələr var ki, ona rüşvət kimi baxırlar”.

Şəffaflıq Azərbaycan təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva da müzakirə iştirakçılarına deyib ki, 2005-ci ilin mart ayından 2010-cu ilin oktyabrın 1-nə qədər polislə bağlı onlara 3000 şikayət olub, bu da ümumi şikayətlərin 10 faizidir.
Rəna Səfərəliyeva
Rəna Səfərəliyeva

Bu şikayətlərin də təxminən 70 faizi yol polisi ilə bağlı olub: “Əvvəllər yol polisi ilə bağlı bizdə şikayət çox idi. 3 il qabaq yol polisi sahəsində ciddi islahatlar keçirilib, onların maaşı qaldırılıb, yaxşı maşınlar və avadanlıqlar alınıb şikayətlərin sayı bir xeyli düşüb. Altı aydan sonra yenidən qalxıb. Ciddi islahatlar 2008-ci ildə aparılıb 2009-cu ildə bir qədər azalıb, sonra yenidən qalxıb”.

Bu səslənən rəqəmlərə reaksiya verən Kamran Əliyev bildirib ki, yol polisi il ərzində 892.400 nəfəri inzibati məsuliyyətə cəlb edib. Bu qədər insanın içində iki min nəfərin şikayəti də təbiidir.

Dinləyicilərdən SMS-lə polemikaya qoşulan Nadir Ömər qeyd edib ki, yolda pul istəyən polis əməkdaşları adətən bunun əsas hissəsini özlərindən yuxarı rəislərə verdiklərini deyirlər.

Kamran Əliyev onun həmkarları sırasında bu cür iddiaları səsləndirənlərin olduğuna inanmadığını deyib.

RESEPT: GÜRCÜSTAN NƏYİ NECƏ ETDİ Kİ...

Gürcüstandan polemikaya qoşulan Qeyrət Xalq hərəkatının sədri Əlibala Əsgərov son
Əlibala Əsgərov
Əlibala Əsgərov
bir neçə ildə bu ölkədə yol polisində rüşvətin necə kəsildiyini izah edib:

“Gürcüstanda yol polisində rüşvət 90-95 faiz aradan götürülüb. Hakimiyyət dəyişikliyi olandan sonra minlərlə əməkdaş istefaya göndərilib. Onların yerinə yeni gənc nəsil, Gürcüstanda aparılan islahatları dərindən öyrənmiş, savadlı polislər işə götürüldü. Maşınlar kompyuterləşdirildi. Qanun diktaturası yarandı.

Hər kəs qanun pozulduğu halda cərimələndi və cərimələr bank hesabı ilə köçürüldü. Əldən-ələ bir manat belə keçmədi. Rüşvət verildiyi halda cinayət işi açıldı. Yol polisi ilə sürücülər arasında bütün təmas kəsildi”.

Dinləyicilərdən daha biri - Mərdəkan qəsəbəsindən Əmir SMS yazaraq yol polisi rəsmisindən sürücülük vəsiqəsinin alınması zamanı 1000 manata qədər rüşvət istənilməsinin səbəblərini soruşub. Kamran Əliyev isə bu iddianı da rədd edərək sürücülük vəsiqəsinin verilməsi üçün dövlət rüsumunun 15 manat olduğunu deyib.

DƏRDƏ DƏRMAN TƏKLİFİ

Debatlar zamanı yol polisində rüşvətin birdəfəlik kəsilməsi üçün aşağıdakı ideyalar səsləndi.

İsgəndər Həmidov, keçmiş Daxili İşlər naziri:

  • Cəmiyyətədə ümumi rüşvətxor sistemi aradan qaldırmaq lazımdır, tək repressiv yollarla bunun qarşısını almaq mümkün deyil. Rüşvətə qarşı mübarizəni aparmamışdan qabaq onun bazası hazırlanmalıdır. Sistem özü korrupsiya rüşvəti yaradır.
  • Avtomobillərə illik texniki baxışı, sürücülük vəsiqələrinin verilməsini bir yerdə cəmləmək qanunsuz pul yığımına gətirib çıxarır. Texniki baxış məntəqələrini bütün rayonlara bölüşdürmək lazımdır.
  • Maaşı artırmaq lazımdır. Bundan əlavə, ən çox polisin akademiyasını bitirib gələn insanları cəlb etmək lazımdır yol polisinə.
  • Daxili İşlər Nazirliyi, ya Prezident Administrasiyası nəzində ictimai nəzarət palatası yaranmalıdır. Orada yalnız polis işçiləri yox, hüquqşünaslar, ziyalılar, mədəniyyət xadimləri, sürücülərin özləri olmalıdır.

Əlibala Əskərov, Gürcüstanda Qeyrət xalq hərəkatının sədri:

    • Rüşvətin qarşısını kəsmək üçün ancaq və ancaq yeni savadlı, müasir tipli haradasa təhsil almış gənclərə ehtiyac var.
Polemikanı səsli varianda burada dinləyə bilərsiz.


Yol Polisində rüşvəti birdəfəlik kəsməyin yolları haqqında oxucularımız arasında fikir paylaşması burada davam edir. Rəylərini göndərib, sən də müzakirəyə qoşul.
XS
SM
MD
LG