Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:10

Övladlarını tələbə görmək istəyənlər necə aldandılar


Foto: Arxiv
Foto: Arxiv
Təranə YusifovaNəzakət İbadova AzadlıqRadiosunun «Qaynar xətt»inə başlarına gələn dələduzluqdan danışıblar. Demələrinə görə, 4 il əvvəl imtahandan kəsilmiş övladlarını ali məktəb tələbəsi görmək üçün Sabrina Alxasova adlı qadına qeyri-qanuni pullar veriblər və aldanıblar. Təranə Yusifova deyir ki, oğlunu ali məktəbə düzəltmək üçün Sabrina Alxasovaya 16 min manat verib:

«9 aydır hüquq-mühafizə orqanları bizi bu işdə süründürür. İş Yasamal polisindən Nəsimi polisinə, ordan Bakı şəhər Baş Polis İdarəsinə, ordan da Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə ötürülüb. Orda müstəntiq var - Telman Əmənov, indi də o, süründürür bizi. O qadını tutdular, bir gün saxlayıb buraxdılar. O vaxtdan da həmin qadın zəng edir bizə, deyir ki, sizə verəcəyim pulu istintaqçılara vermişəm, sizə pul verməyəcəm».

Təranə Yusifova deyir ki, oğlu Dövlət İqtisad Universitetinin imtahanından kəsildikdən sonra Sabrina Alxasovanın Rusiya ali məktəblərinə tələbə düzəltdiyini eşidib və həmin qadınla tanış olub:

«Dedi ki, 4 illik təhsil haqqını məktəbə ödəməklə uşağı Dağıstan Dövlət Universitetinə düzəldə, sonra da ordan Bakıdakı ali məktəblərdən birinə köçürə bilərəm. Mən də aldandım. 16 min manat vermişəm, 4 ildir geri ala bilmirəm. Bu qədər şikayət etmişəm, hər yerə yazıram. Bu ölkədə şikayətə baxan yoxdur. Bir dəfə müstəntiqə zəng etdim, mənimlə kobud danışdı. Dedim, şikayət edəcəyəm, dedi get, hara istəyirsən şikayət elə. İş orasındadır ki, qadın da müstəntiqin dediyini deyir. Baxıram ki, doğurdan da onu tutmurlar. Sonradan bilmişik ki, bu qadın ali məktəbə düzəltmək adı ilə nə qədər adamları aldadıb».

«OĞLUM GETDİ UNİVERSİTETƏ, QAPIDAN İÇƏRİ BURAXMADILAR»

Nəzakət İbadova isə deyir ki, oğlunu ali məktəbə düzəltmək üçün Sabrina Alxasovaya 10 min manat verib. 3 min manatını birtəhər geri ala bilib. Ancaq 7 min manatı hələ də
Foto: Arxiv
Foto: Arxiv
ala bilmir:

«Pulu verdim. Bir müddətdən sonra bir sənəd gətirib verdi, guya, mənim oğlum artıq Moskva Açıq Universitetinin tələbəsidir. (Bu universitetin fəaliyyəti dayandırılıb, ötən yay Bakı Ağır Cinayətlər Məhkəməsində rektorunun və baş mühasibinin məhkəməsi keçirilib – E.C.) Oğlumun adına olan «zaçotnik» verdi, tələbə bileti verdi. Oğlum getdi həmin universitetə, heç qapıdan içəri buraxmadılar ki, sən buranın tələbəsi deyilsən. Düşdüm bu qadının arxasınca, dedi bu gün düzəldəcəyəm, sabah düzəldəcəyəm, axırda başa düşdüm ki, aldanmışam. Polisə şikayət etdim. İş əldən-ələ gəzə-gəzə gəlib çıxıb Daxili İşlər Nazirliyinə. Mən cəmi bircə dəfə Baş Polis İdarəsinə çağırmışdılar, üzləşmə olmuşdu, yazdılar, pozdular, vəssalam. Ondan sonra çağırıb dindirməyiblər».

SABRİNA ALXASOVA ÇOX ADAMI ALDADIB

Bu şikayətlərlə bağlı DİN Baş İstintaq İdarəsində cinayət işi başlanıb. İşi aparan müstəntiq də idarənin baş müstəntiqi Telman Əmənovdur. Məlum olub ki, Təranə Yusifova və Nəzakət İbadova Sabrina Alxasovanın aldatdığı nə birinci, nə də sonuncu adamdır. Onlara qədər də son bir neçə il ərzində Sabrina Alxasovanın əməllərindən hüquq-mühafizə orqanlarına çoxlu şikayət daxil olub. Hazırda Bakının bir neçə rayon polis şöbəsində onun barəsində cinayət işi açılıb.

Foto: Arxiv
Foto: Arxiv
Bunu «Qaynar xətt»ə DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib. O, bildirib ki, Sabrina Alxasovanın cinayət əməlləri çoxepizodludur ki, biri də bu iki qadının şikayəti ilə bağlıdır. Ancaq DİN sözçüsü Təranə Yusifovanın və Nəzakət İbadovanın istintaq haqda dediklərini obyektiv hesab etmir. Deyir ki, DİN Baş İstintaq İdarəsinin baş müstəntiqi Telman Əmənov onların hər ikisini ifadə vermək üçün idarəyə dəvət etsə də, qeyri-müəyyən səbəblərdən gəlməyiblər.

Orxan Mansurzadə: «Faktla əlaqədar ötən ilin avqust ayında Cinayət Məcəlləsinin «külli miqdarda ziyan vurmaqla dələduzluq» maddəsi ilə cinayət işi başlanıb. Bu il yanvarın 17-də isə Sabrina Alxasovanın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarılıb. Səbail məhkəməsi əvvəlcə onun barəsində həbs tədbiri seçib, öhdəsində iki azyaşlı uşağı olduğuna görə sonradan həbs ev dustaqlığı ilə əvəz edilib. İstintaq davam edir».

Sabrina Alxasova isə «Qaynar xətt»in suallarını cavablandırmaqdan imtina edib. O, bildirib ki, hər iki qadının şikayətlərini hüquq-mühafizə orqanları araşdırır, bundan başqa heç nə deyə bilməz.

***

«Qaynar xətt»ə müraciət etmiş Nəzakət İbadova demişdi ki, imtahandan kəsilmiş oğlunu ali məktəbə rüşvətlə düzəltmək istəyərkən dələduzluqla qarşılaşıb. Dələduzluqda şübhəli bilinən şəxs isə 2 sutka həbsdə saxlandıqdan azad edilib. O, bu məsələdə işi aparan müstəntiqi təqsirləndirmişdi.

Nəzakət İbadova təkrar «Qaynar xətt»ə müraciət edərək bildirib ki, dəqiqləşdirmə apardıqdan sonra ona məlum olub ki, şübhəli şəxs qismində saxlanılmış Sabrina Alxasovanı müstəntiq yox, məhkəmə azad edib. Nəzakət İbadova deyib ki, tezliklə istintaq orqanının ona qarşı dələduzluq etmiş şəxsi cəzalandıracağına inanır.
XS
SM
MD
LG