Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:52

Putinə sui-qəsd?


Rusiyanın 1-ci kanalının vebsaytından
Rusiyanın 1-ci kanalının vebsaytından
Rusiyanın və Ukraynanın təhlükəsizlik xidmətləri bildirirlər ki, Vladimir Putinə sui-qəsdin qabağını alıblar.

Sui-qəsd martın 4-dəki prezident seçkilərindən sonra baş verməli idi.
Rusiyanın 1-ci Kanalı sui-qəsdi planlaşdıranlardan ikisini nümayiş etdirib.

ODESSADA BOMBA PARTLAYIŞI

İnterfaks agentliyi adının çəkilməsini istəməyən təhlükəsizlik rəsmisinə istinadla xəbər verir ki, keçən ay Ukraynanın Odessa şəhərində mənzildə bomba partlamışdı.
Bunu araşdırarkən Ukraynanın təhlükəsizlik xidmətləri iki Rusiya vətəndaşını saxladılar. Bununla da Putinə sui-qəsd planına çıxdılar.


Odessada iki şübhəlinin tutulduğu bina
Odessada iki şübhəlinin tutulduğu bina

1-ci Kanalla göstərilən videoda tutulanlardan biri - İlya Ryanzin adlı 28 yaşlı şəxs deyir ki, o, Ukraynaya Birləşmiş Ərəb Əmirliklərindən gəlib. Onu bir Rusiya vətəndaşı müşayət edirdi, həmin adam sonra Odessadakı təsadüfi bomba partlayışında öldü.

Bu iki şəxs üçüncü şəxslə - Adam Osmayevlə əlaqə yaradandan sonra Putinə sui-qəsd planını hazırlamağa başlayıblar.

Ryanzin: “Onlar dedilər ki, əvvəlcə Odessaya gedin, orda bomba düzəltməyi öyrənin, sonra Moskvaya gedib, orda iqtisadi obyektlərə qarşı diversiyalar törədin, gələcəkdə isə Putinə sui-qəsd...”

Terrorçulara təlim keçən Osmayev 2007-ci ildən beynəlxalq axtarışda imiş.

ƏMR DOKU UMAROVDAN GƏLİB?

1-ci Kanal həbs olunan Osmayevin və Ryanzinin ifadələrini göstərəndə bildirib ki, onlar Ptinin öldürülməsinə əmri çeçen yaraqlılarının lideri Doku Umarovdan alıblar.
Doku Umarov Rusiyanın ən çox axtardığı adamdır.

2010-cu ilin martında Moskva metrosundakı və 2011-ci ilin yanvarında Domodedovo hava limanındakı partlayışları Doku Umarov təşkil edib.

Bu il fevralın əvvəlində Doku Umarov yaydığı videoda Rusiyanın mülki adamlarına hücumları dayandırdığını, hökumət adamlarına və hərbi şəxslərə qarşı hücumları isə davam etdirəcəyini elan edirdi.

Milliyətcə çeçen olan Osmayev deyir ki, ona Moskvadakı sui-qəsdi həyata keçirmək üçün Odessa görüşdüyü həmin iki şəxsə təlim keçmək tapşırılmışdı.

TANK ƏLEYHİNƏ MİNALAR, İNTİHAR

Putinə sui-qəsddə tank əleyhinə minalardan istifadə nəzərdə tutulmuşdu.
Osmayev deyir ki, tank əleyhinə minalar nəticə verməsə idi, onun təlim keçdiyi Ruslan Madayev intiharçı hücumu etməli idi. Sonradan Madayev Odessada bomba partlayışında öldü.

Osmayev deyir: “Mən intihar hücumuna getməzdim. Ancaq mərhum intihar hücumuna hazır idi”.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti FSB-nin adı çəkilməyən zabiti deyib ki, Osmayevin kompüterindən Putinin getdiyi marşrutların müxtəlif bucaq altında çəkilmiş videoları çıxıb.

RİTA-SİTA-nın məlumatına görə, Putinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib ki, Putinə sui-qəsdin üstü açılıb, ancaq o başqa heç nə deməyib.

ZAKAYEV İNANMIR...

Çeçenistanın Britaniyada sürgün həyatı yaşayan separatçı lideri Akhmed Zakayev bütün bu baş verənlər barədə Azadlıq Radiosunun Şimali Qafqaz xidmətinə telefonla bunları deyir:

“Bizim yadımızdadır, Putin hakimiyyətə necə gəlib – Moskvada mənzillərin partlamağı ilə, sıravi adamlara terrorla, insan haqlarının pozulmağı ilə. İndi o ikinci dəfə prezidentliyə gəlmək istəyir. Mənim fikrimcə, Putinin ətrafı təbliğatla ona kömək etmək istəyir. Təhlükə Doku Umarovdan və ya onun ardıcıllarından gəlmir, təhlükə Putindən və onun FSB hökumətindən gəlir. Putinin həyatına heç bir təhlükə yoxdur. Heç kim onu öldürmək istəmir”.
XS
SM
MD
LG