Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:30

Avropa Birliyi bir biznesmenin adını "Qara siyahı"dan niyə çıxardı?


Oliqarx Yury Chizh
Oliqarx Yury Chizh
Avropa Birliyi fevralın 27-də Belarusa qarşı yeni sanksiyalar qəbul edib. Birliyin Xarici İşlər nazirlərinin Brüsseldəki toplantısında qərara alınıb ki, prezident Alyaksandr Lukashenka rejimi müxalifətə qarşı hücumları davam etdirdiyi üçün daha 21 nəfər rəsminin, o cümlədən 19 hakim və 2 polis zabitinin adı qara siyahıya salınsın.

Avropa Birliyi artıq 210 Belarus rəsmisinin adını qara siyahya salıb, onların xaricdəki hesabları dondurulub və Avropaya girişi qadağan edilib.

SLOVENİYA BU ADAMDAN ÖTRÜ SİYAHINI VETO ETMƏKLƏ HƏDƏLƏYİB

Ancaq bu dəfə Brüsseldəki toplantıda müzakirə edilən siyahıda 21 yox, 22 nəfərin adı var idi. 22-ci adam, Lukahsenkaya yaxınlığı ilə tanınan Belarus oliqarxı Yury Chizh son anda, Sloveniyanın etirazı ilə siyahıdan çıxarılıb.

Sloveniya rəsmiləri hələ ötən həftə xəbərdarlıq eləmişdilər ki, əgər oliqarxın adı siyahıda qalsa, ümumilikdə siyahını veto edəcəklər.

Rəsmi Lyublyananın bu israrının arxasında isə iqtisadi maraqlar – yəni pul dayanır. 48 yaşlı oliqarx Yury Chizh Belarusda enerji, tikinti, daşınmaz əmlak, pərakəndə satış, əczaçılıq biznesində önəmli paya sahibdir. Onu qeyri-rəsmi olaraq prezident Alyaksandr Lukashenkanın maliyyəçisi kimi də tanıyırlar. .

SLoveniya şirkətləri isə məhz Chizhin vasitəçiliyi ilə Belarusda çox iri layihələr alıblar. 2010-cu il Mayın 11-də Lukahsenkanın imzaladğı fərmana görə, Mİnskin mərkəzindəki böyük bir ərazi Elite Estate çirkətinə verilib. Chizhin nəzarətindəki bu şirkət həmin ərazidə tendersiz-filansız 100 milyon avro dəyərindəki bir layihəni icra edəcək.

Həmin yerdə 2014-cü ildə keçiriləcək xokkey üzrə Dünya Kubokunun keçirilıməsi üçün kompleks və 5 ulduzlu lyuks Kempinski Hoteli tikilməlidir. Tikintinin ümumi sahəsi 23 min kvadrat metrdir.

Bəzi təşkilatlar həmin ərazidə yerləşən tarixi elektrik stansiyasının yıxılmasına etiraz eləsələr də, sonradan ara sakitləşib.

Ancaq 2010-cu ilin dekabr ayında keçirilən seçkilərin ardınca Lukashenka rejimi müxalifətə divan tutduğu, yüzlərlə adamı həbs elədiyi və insan hüquq və azadlıqlarını məhdudlaşdırandan sonra Avropa Birliyi bu məsləyə də diqqət yetirdi.

Avropa Parlamentinin prezidenti Jerzy Buzekdən tutmuş, başqa dövlətlərin rəsmilərinə, beynəlxalq təşkilatlara qədər hər kəs XOkkey üzrə Dünya Kubokunun final oyunları üçün Mİnskin yanlış seçim olduğunu iddia eləməyə başladılar. Hətta Beynəlxalq Buz Xokkeyi Federasiyasına ev sahibliyi hüququnun Belarusdan alınması üçün təzyiqlər edildi.


CHİZHİN SLOVENİYAYA NƏ AİDİYYATI VAR?

Mübahisələrin hələ də davam elədiyi bir vaxtda Sloveniyadan bir tikinti şirkəti - Riko Group fevralın 20-də élan elədi ki, Mİnskdəki kompleksin tikintisi hüququnu alan Elite Estate bu işi onlara tapşırıb.

İnternet səhifəsindəki açıq məlumatlara baxanda görmək olar ki, Riko Group Belarusda artıq 10 illərdir ki, işlər görür. Ötən ilin fevralında bu şirkətə Minskenergo tərəfindən 54 milyon dollarlıq başqa bir layihə də verilib. 2 elektrik stansiyasının tikilməsi sifarişi.

Riko Groupun İcracı direktoru Janez Skrabec hətta 2004-cü ildə Lukashenkanı Sloveniyaya xizək sürməyə də dəvət eləyib. O vaxtı Lukashenkanın Avropa Birliyinə səfərləri qadağan edilmişdi. Ancaq Sloveniyanın Birliyə üzv olmasına hələ bir ay var idi.

Ancaq Sloveniya rəsmiləri indi ölkə şirkətlərinə uzun müddət Belarusda iş görməyə şərait yaradan Yuri Chizhin adının qara siyahıya salınmasına başqa bəhanə ilə etiraz edir. Fevralın 27-də Sloveniyanın Xarici İşlər naziri Karl Erjavec deyib ki, “onun ölkəsi qara siyahıda ancaq bir biznesmenin olması ilə razılaşa bilməz”.

Maraqlıdır ki, nazirlik eyni zamanda Avropa Birliyinin Belarusa qarşı qəbul elədiyi sanksiyaları dəstəklədiyini də bildirir.

Belarusda iri tikinti layihələri həyata keçirən Riko Group-dan AzadlıqRadiosuna göndərdiyi bəyanatda deyilir ki, “Sloveniya Belarusla ikitərəfli iqtisadi münasibətlərə xələl gəlməməsi üçün belə mövqe tutur və bunu alqışlayırlar. Riko qrupu hesab edir ki, Belarusa qarşı iqtisadi sanksiyaların nəticəsində bu ölkənin iqtisadi fəallığı Avropa Birliyindən kənar ölkələrə - Rusiya, Çin, Türkiyə, Qazaxıstan, Ukrayna və başqalarına yayınacaq. Bu isə Avropa Birliyinin özünün iqtisadi maraqlarına cavab vermir”.

Sloveniya mediası bildirir ki, Chizin adının qara siyahıya salınmasına Latviya da etiraz edibmiş. Çünki Belaruslu iş adamının təıkcə Sloveniyada yox. Latviya, Litva, ALmaniya və başqa Birlik ölkələrində biznesləri var.

PUL SİYASİ MARAĞA ÜSTÜN GƏLƏNDƏ

Sloveniyanın etirazı nəticəsində siyahıdan Belaruslu iş adamının adının çıxarılmasını Polşanın Xarici İşləır naziri Radoslav Sikorski Avropa üçün xəcalət adlandırıb. Deyib ki,
"Bu Avropa Birliyi üçün kədərli çox kədərli gündür. Bu gün gördük ki, bir ölkənin iqtisadi maraqları prezident Lukashenkaya təsir edib siyasi məhbusları azadlığa buraxılmasına nail omaqdan daha vacib ola bilərmiş”.

Sikorski sonra Twitterdə yazıb ki, “ümid edirəm ki, Minskdəki Kempinski hotelində dincələnlər siyasi məhbusların onların rahatlığı üçün həbsdə qalmağa məcbur olduğunu da düşünəcək”.
XS
SM
MD
LG