Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:28

Xədicə İsmayılova istintaqa təkrar ifadə verib


Xədicə İsmayılova
Xədicə İsmayılova
Martın 19-da AzadlıqRadiosunun Azərbaycan xidmətinin əməkdaşı Xədicə İsmayılova Bakı şəhər Prokurorluğunda yenidən ifadə verib. Martın 15-də Azərbaycan Baş Prokurorluğu onun şəxsi həyatına müdaxilə ilə bağlı cinayət işi qaldırıb.

CM-nin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması) üzrə qaldırılan cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğuna həvalə edilib.

Martın 17-də ifadə verdikdən sonra X.İsmayılovanın zərərçəkən qismində tanınması haqqında qərar qəbul olunub. Bundan sonra cinayət işinin aparılması üçün istintaq-əməliyyat tədbirləri müəyyənləşdirilib. Martın 19-da X.İsmayılova həm yenidən ifadə verib, həmdə onun qaldığı mənzilə baxış keçirilib.

Xədicə İsmayılova deyir ki, hələ ki, istintaqdan narazı deyil:

«Təklifim ya da iradım ortaya çıxdıqca, bu haqda istintaqa məlumat verirəm. İstintaqdan şikayət üçün hələ ki, xüsusi əsasım yoxdur. İstənilən halda çalışıram ki, prosesi izləyim. Suallarıma cavab alıram, tələblərimi yerinə yetirirlər. Təfərrüatlara varmaq istəmirəm, çünki onlar istintaq aparırlar, mən də istintaqı izləyirəm. Vəkil Adil İsmayılov yanımdadır».

Bununla belə, X.İsmayılova istintaqın gec başlaması ilə bağlı narazılığını dilə gətirib:

«Əsas problem budur ki, mən müraciət edəndən sonra, bu iş uzun müddət icraata götürülməyib, istintaq başlanmayıb. Vaxt itkisi o zaman başlayıb. Vaxtın o zaman əhəmiyyəti vardı. O zaman vaxt itirilməsəydi, bəlkə bu videonun yayılmasına mane olmaq olardı. Amma astagəllik ediblər, bu video artıq yayılıb. Bilmirəm, bundan sonra vaxt və tələskənliyin məsələyə nə dərəcədə aidiyyəti var? Yaxşı olardı ki, o zaman o vaxtı itirməyəydilər».

X.İsmayılova şantaj edilsə də, əvvəlcə hüquq-mühafizə orqanları buna reaksiya verməyiblər. Yalnız jurnalistin intim həyatına aid video internetdə yayımlandıqdan sonra reaksiya verilib.

Naməlum şəxslər X.İsmayılovanı şantaj etmək istəyiblər. Martın 7-də jurnalistin ev ünvanına gələn poçtda ondan susması tələb olunub, əks halda, intim şəkillərini yaymaqla hədələyiblər.
XS
SM
MD
LG