Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:07

Gitaraçı Natiq: «İlk yumruğu mülkigeyimlidən yedim»


Natiq Kamilov
Natiq Kamilov
«Bulistan» qrupunun üzvü, 17 mart mitinqində 6 sutka həbs cəzası alan Natiq Kamilov azadlıqdadır. Həbsdən bir neçə saat əvvəl buraxılan, kameralardan qaçan və çəkilişə israrla «yox» deyən gənclə telefon söhbətini diqqətinizə çatdırırıq.

«HƏ, ONA KİMİ BABAT DÖYÜLMÜŞDÜM»

- Vəziyyətim yaxşıdır.

- Həbsdə olduğunuz müddətdə döydülərmi Sizi?

- Polis İdarəsində, yəni qaldığım yerdə işgəncə verməyiblər. Amma birinci aparıldığım polis bölməsində huşum özümdə deyildi. Xəbərim yox idi. Yəqin huşu özündə olmayanı da döyməzlər.

- Yəni bölməyə aparılana kimi Sizi döymüşdülər?

- Hə ona kimi babat döyülmüşdüm.

- Bədəninizdə iz qalıbmı?

- Gözümün altında qızartı var. Bir də sol çiynimdə göyərti. Başqa heç nə. Polis İdarəsində işgəncə verilməyib mənə. Ən azından mənə qarşı olmayıb. Nə olubsa, bölməyə gələnə kimi olub. Yalandan nə şər atım axı?...

«YƏQİN CAMALI SÖYÜŞ SÖYDÜYÜNƏ GÖRƏ VURUBLAR»

- Camal Əlidən xəbəriniz varmı?

- Camalla qarşı kamerada qalırdım. İndi vəziyyəti yaxşıdır.

- Anası narahat idi, qorxurdu ki, oğlunu prezidenti söydüyünə görə döyüb şikəst edərlər.

- Mən onun valideyni ilə də görüşəcəyəm. Camalın indi vəziyyəti elə də pis deyil. İndən belə nə olacaq, deyə bilmərəm. Amma mən çıxana kimi yaxşı idi.

- Onunla gündəlik görüşürdünüz?

- Görüşmürdük, yox. Qarşı kameradaydı, yemək veriləndə, qapıda balaca pəncərə açılırdı, o vaxt biz bir-birimizi görürdük. Yaxşı idi.

- Camal deyib ki, dabanlarına vurublar.

Camal Əli
Camal Əli
- Düz deyib.

- Sizin də ayağınızın altına vurmuşdular?

- Yox. Yəqin Camal söyüş söydüyünə görə onu vurublar. Onun vəziyyəti həmişə bizdən fərqli idi. Məhkəmədə gördüm ki, axsayırdı. Dedi ki, dabanıma vurublar, məni 3 saat aparıblar döyməyə...

«CAMALA FƏRQLİ MÜNASİBƏT OLMASI NORMALDIR, EMOSİONAL DAVRANMIŞDI»

- Dediniz ki, Camala münasibət fərqli idi. Niyə?

- Mən görmürdüm. Amma məncə, Camala fərqli münasibət olması normaldır. Camal emosional davranmışdı, ona görə ola bilərdi.

- Mitinqdə baş verənləri Siz necə qiymətləndirirsiz?

- Belə şey gözləmirdim. Kütlənin içindən kimsə çıxdı ki, söyüş söyməyin. Ondan əvvəl də kimsə dedi ki, pivələri yığışdırın. Biz ikimiz pivə içirdik. Hə, sonra da «söyüşü yığışdırın» dedilər. O, Camalın sözləriydi, mahnıda söyüş vardı. Mən də gitaristəm. İstəyir söyüş olsun, istəyir olmasın, mənə nə fərqi var ki...

17 mart mitinqində insident
17 mart mitinqində insident
«GİTARANI DA KİRAYƏ GÖTÜRMÜŞDÜK»

- Camalın söyüş söyməsinə necə baxırsız?

- İnsandır da. O da elə qiymət verdi. Düzdür, emosional davrandı... Camala demişdim ki, gəl, heç kimə baxmadan çalaq. Camal heç fikir vermədi... Gitaranı da kirayə götürmüşdük, onu verdim ki, salamat qalsın. Gələndə gördüm ki, hamı Camalın başına yığışıb. Yadımda qalan odur ki, ilk yumruğu mülkigeyimlidən yedim.

«O, ZEHNİNDƏ ÜZR İSTƏDİ»

- Camal üzr istədi...

- Xəbərim yoxdur. O, zehnində üzr istədi, sadəcə yola verib, mən belə baxıram...

- Bundan sonra mitinqlərə qatılacaqsızmı?

- Mən onsuz da orda deyəcəkdim ki, bu mitinqi protest edirəm, boykot edirəm. Orda bayraqları gördüm və narahat oldum. Məncə, insanın bayrağı olmamalıdır. Qışqırırlar: «İstefa! İstefa!». İstefa problem deyil axı. Bir nəfər istefa verdi, nə olsun?
XS
SM
MD
LG