Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:12

Vəkili Vüqar Qonaqovla görüşdü


Vəkil Elçin Sadıqov
Vəkil Elçin Sadıqov
«Qubanın «Xəyal» televiziyasının icraçı direktoru Vüqar Qonaqova rəsmi ittiham irəli sürülməyib. Amma şifahi şəkildə bildirilib ki, o, Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2 (vəzifə səlahiyyətlərini aşmaq) maddələri ilə təqsirli bilinir».

Bu haqda AzadlıqRadiosuna Vüqar Qonaqovun vəkili Elçin Sadıqov məlumat verib:

«Bu, qanuna ziddir. Onun Quba hadisələrinə görə ittiham olunduğu deyilir. Vüqar Qonaqov isə mənimlə söhbətdə bu hadisələrdə iştirak etmədiyini bildirdi. O, mənə günahı olmadığını, qanunsuz saxlandığını da dedi. Mən ona işgəncə verilib-verilməməsini soruşdum. Dedi ki, işgəncə verilməyib. Amma həbsindən narazıdır».

Vüqar Qonaqov martın 13-də həbs olunub və Nəsimi rayon Məhkəməsinin qərarı ilə haqqında 2 aylıq həbs qərarı çıxarılıb.

Yada salaq ki, icraçı direktorun yaxınları onunla görüşə və harada saxlanması haqda məlumat ala bilmirdilər.

Vəkilin dediyinə görə, icraçı direktor indi Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır:

«Biz onunla İdarədə görüşdük, yarı-zirzəmidə. Amma onu da deyim ki, bu işi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi aparır. Biz nə qədər cəhd etsək də, Respublika Prokurorluğundan görüş ala bilmirik. Bugünkü görüş də MCQMİ-nin rəisi Mirqafar Seyidovun təşəbbüsü ilə mümkün oldu. Növbəti görüşə isə Prokurorluqdan hələ də icazə ala bilməmişik».

Vəkil indi Vüqar Qonaqovla bağlı həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə çalışdığını söyləyir.

Quba hadisələrindən sonra «Xəyal» TV-nin bir neçə əməkdaşı saxlanıb. Televiziyanın baş redaktoru Zaur Quliyevə də 233 və 309.2 maddələri ilə iş açılıb.
XS
SM
MD
LG