Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:15

Zərdüşt Əlizadə: «İran ordusu 12 saata Bakıda ola bilər»


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
Politoloq Zərdüşt Əlizadə AzadlıqRadiosuna müsahibəsində «Foreign Policy»də dərc olunan məqalədə deyilənləri ciddi saymadığını deyir.

– Mən Azərbaycan hakimiyyətinin bu qədər ağılsız olduğuna inanmıram. Əgər onlar bunu ediblərsə, (İsrailə hava limanı veriblərsə -red.) onlar Azərbaycanı çox böyük bir təhlükə qarşısına qoymuş olarlar.

AĞALAR ZARAFAT EDƏNDƏ

- Nəyə görə ağılsızlıq adlandırırsız bu hərəkəti?

- Rusca bir məsəl var ki, «ağalar zarafat edəndə nökərlərin başları yarılır». Böyük dövlət, dünya siyasətində öz siyasətləri, məqsədləri olan Amerika, İran, İsrail, Çin, Fransa, Rusiyanın öz işləri var. Bizim kimi kiçik və zəif dövlətlər böyüklərin oyununa qatılanda azı döyülüb başları partlayar. Bu, bizə lazım deyil. Azərbaycanın bir dövlət kimi bir xarici siyasət problemi var, o da Dağlıq Qarabağın qaytarılmasıdır. Bu məsələdə də Rusiya, Amerika, Fransa həmrəydirlər və Ermənistanın tərəfindədirlər, həmçinin vasitəçi rolunu imitasiya edirlər. Azərbaycan hakimiyyəti də Qarabağ probleminin həllində ürəkdən maraqlı deyil, çünki münaqişənin mövcudluğu hakimiyyət resursudur. Ermənistanda da vəziyyət belədir. Belə olan halda hakimiyyət üçün vəziyyət yaxşıdır, oturublar neft-qaz borularının, kreditlərin, büdcənin üstündə, nəhəng pulları hesablarına keçirib basıb yeyirlər. Xalq, müxalifət isə əzilir. Belə olan halda nəylərinə lazımdır xarici macəralara qoşulub öz kürsülərini laxlatsınlar?

HAKİMİYYƏTİN NƏYİNƏ LAZIMDIR İSRAİLƏ BAZA VERSİN?

– Ancaq bundan əvvəl də Qərb mediasında oxşar yazılar dərc olunub. Guya İsrail agentləri Azərbaycan ərazisindən istifadə edir və s.

– Mən qəzetləri oxuyanda Çexovun bir sözü yadıma düşür ki, «bütün qəzetlər yalan yazır». Amerika siyasətşünaslarının yazdıqlarına da böyük şübhəylə yanaşıram. Bircə Henry Kissingerə şəksiz inanıram. Əgər Henry Kissinger deyibsə ki, Amerika bu tarixi fürsətdən istifadə edib Yaxın Şərqin neft istehsal edən yeddi ölkəsində, ilk növbədə İran üzərində öz nəzarətini bərqərar etməlidir, mən inanıram ki, Amerika İranı vuracaq. Amma Azərbaycan niyə bu işə qarışsın? Azərbaycan hakimiyyətinin nəyinə lazımdır ki, İsrailə hava bazası versin?

İRAN ORDUSU 12 SAATA BAKIDA OLA BİLƏR

– Zərdüşt bəy, həmin yazıda bir versiya da səslənir ki, aerodromlardan birbaşa istifadə ciddi söhbət deyil, lakin bir şey şübhə doğurmur ki, İsrail qırıcıları hücumdan sonra Azərbaycanda yerə enmək istəsələr, onlara icazə veriləcək. Bu versiya nə dərəcədə realdır sizcə?

– Fərz edək ki, belə bir şey baş verdi. İran elan edib ki, onlara təcavüzə qoşulan istənilən qüvvəyə, məntəqəyə sarsıdıcı zərbə endirəcəklər. Azərbaycan ordusunun fərasətinə hamı bəllidir. İran ordusu Amerika və İsraillə bacarmasa, 12 saatdan sonra Bakıda olacaqlar. Astara-Bakı şosesində hərəkət sürəti hansı həddə imkan verirsə, o sürətlə də Bakıya gələcəklər. Ermənistan qarşısında aciz olan Azərbaycan ordusu İran ordusuna neyləyəcək? Və haqsız mövqedə olacaq.Təcavüzdə iştirak edən dövlətə zərbə endirərlər.

ELƏ BİL OĞUL TOYU EDİB, QIZLARINI ƏRƏ VERİRLƏR

– Əli Həsənov da deyir ki, bütün bunlar media spekulyasiyasıdır. Yəni bölüşürsüz onun dediklərini.

– Deyirlər «yalançının evi yandı heç kəs inanmadı». Əli Həsənov hərdən həqiqətə yaxın fikirlər deyəndə ona şübhəylə yanaşmaq lazım deyil ki? Azərbaycanda doğrudan da siyasətşünaslar, təşkilatlar, siyasi partiyalar, qüvvələr var ki, Azərbaycanla İran arasındakı münasibətləri korlamaqda maraqlıdırlar. Açın Azərbaycan qəzetlərini – QHT rəhbərləri, siyasətçilər, siyasi partiya rəhbərləri elə bil oğul toyu edib, qızlarını da ərə verirlər. Seriya yazılar gedir ki, Amerika-İsrail qüvvələri İranı vuracaq. Nəyə sevinirsiz? 20 milyon azərbaycanlı yaşayır İranda. İranı bombalayanda oradakı azərbaycanlılar ölməyəcək siz bilən?

Mən demirəm İran qüsursuz dövlətdir. Ancaq iki-üç, ya beş dövlət İranı vurursa, bu, beynəlxalq hüququn pozulmasıdır. Azərbaycanın Qarabağ münaqişəsində ümidi beynəlxalq hüququn aliliyidir. Beynəlxalq hüquq bir yerdə pozulursa, deməli, aşınır, zəifləyir, tarixin zibilliyinə atılır. Deməli Azərbaycanın da beynəlxalq hüquqa iddiası mənasını itirir. Bu sadə məntiqi bizimkilər anlamırlar.
XS
SM
MD
LG