Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:32

DİN və Prokurorluq Quba hadisələri ilə bağlı açıqlama yaydı…


Baş Prokurorluq
Baş Prokurorluq
Martın 1-də Qubada baş verən hadisələrlə bağlı 25 nəfər istintaqa cəlb edilib.

Bu məlumat martın 29-da Dİn və Baş Prokurorluğun yaydığı birgə açıqlamada yer alıb. Açıqlamada deyilir ki, onlardan yalnız 7 nəfər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə təqsirləndirilərək həbs olunub. Həbs olunanlar Fərhad Abdurahmanov, Alxas Dənyalov, Səxavət Vaizi, Samir Xanmədov, Xəyyam Yunusov, Zəmistan ƏmiraslanovSəfər Qəribovdur. Cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin icraatına verilib.

Açıqlamada bildirilir ki, 2011-ci il noyabrın 22-də Quba rayon İcra Hakimiyyətində keçirilən müşavirədə «Xəyal» TV videoçəkiliş aparıb. Quba şəhər bələdiyyəsinin və rayon bələdiyyələr şurasının sədri Elxan Əliyev «Xəyal» TV-nin icraçı direktoru Vüqar Qonaqovdan xahiş edib ki, icra başçısı Rauf Həbibovun çıxışının qısaldılmış variantını hazırlasın. Prokurorluğun bildirməsinə görə, bunun əvəzində Vüqar Qonaqova 140 manat ödənib.

Açıqlamada deyilir ki, Vüqar Qonaqovun tapşırığı ilə şirkətin baş redaktoru Zaur Quliyev və montajçı İslam Aslanov icra başçısının söylədiklərini ardıcıllığı pozaraq montaj edib. Videomaterial 2011-ci il dekabrın 18-də Elxan Əliyevə verilib.

Həmçinin qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 13 saylı Quba ərazi şöbəsinin məsləhətçisi Zakir Məmmədov audio-video disk satıcısı işləyən Rövşən Məhərrəmovdan videoçarxın yayılmasını xahiş edib. Bu videoçarxda sabiq icra başçısı Rauf Həbibova və onun qohumlarına məxsus daşınmaz əmlakın siyahısı və görüntüləri də yer alıb.

Quba - 1 mart 2012
Quba - 1 mart 2012
Açıqlamada daha sonra deyilir ki, videoçarxı Rövşən Məhərrəmov 2012-ci il fevralın 20-də «odnoklassniki.ru» və «mail.ru» sosial şəbəkələrində yerləşdirib. Videomaterialı «youtube.com» saytına isə Quba şəhərindəki internet klubun icarəçisi İmran Mustafayevin ikinci qrup əlil olan Mustafa Nurullayevə məxsus loqin və paroldan istifadə etməklə yerləşdirdiyi bildirilir.

Məlumata görə, Zakir Məmmədovun mənzilinə keçirilmiş baxış zamanı destruktiv məzmunlu çağırış vərəqələri, Siyəzən rayonu ərazisində gizlətdiyi 3 ədəd disk, «Xəyal» müstəqil teleradio şirkətinə məxsus prosessor və digər dəlillər maddi sübut kimi götürülüb.

Zakir Məmmədov, habelə Quba şəhər bələdiyyəsinin sədri Elxan Əliyev, «Xəyal» müstəqil teleradio şirkətinin icraçı direktoru Zaur Quliyev və baş redaktor Vüqar Qonaqov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilərək həbs ediliblər.

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Beləliklə, DİN və Baş Prokurorluğun açıqlamasına əsasən, Quba hadisələri ilə əlaqədar ümumilikdə 10 nəfər həbs edilib.

Müdafiə tərəfi isə ittihamları rədd edir. Vüqar Qonaqov və Zaur Quliyevin vəkilləri AzadlıqRadiosuna deyiblər ki, müdafiə etdikləri şəxslər onlara qarşı irəli sürülən ittihamları qəbul etmirlər.
XS
SM
MD
LG