Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:21

İctimai Palatada birləşən müxalifətin son 7 ildə ilk razılaşdırılmış mitinqi


8 aprel mitinqi (Foto: Şəhla Sultanova)
8 aprel mitinqi (Foto: Şəhla Sultanova)
-

Sonda mitinqin qətnaməsi səsləndi. Çıxışlarda ilkin fikir kimi qeyd edildi ki, növbəti mitinq aprelin 22-də keçirilsin.

Mitinq "istefa" şuarlarının səslənməsi ilə də başa çatdı...

İSA QƏMBƏR ÇIXIŞ EDİB...

BŞBPİ: «Mitinqdə 1200 nəfərə qədər insan iştirak edib»

Bakı Şəhər Baş Polis İdarəsi
Bakı Şəhər Baş Polis İdarəsi

Bakı Şəhər Baş Polis İdarəsi: «Mitinqdə 1200 nəfərə qədər insan iştirak edib»
Bakı Şəhər Baş Polis İdarəsi müxalif İctimai Palatanın aprelin 8-də paytaxtın 20-ci yaşayış sahəsində keçirdiyi mitinqlə bağlı məlumat yayıb.
Məlumatda deyilir: «Aprelin 8-də özünü «İctimai Palata» adlandıran qurum Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirmişdir.
Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, AXP, KXCP, eləcə də bir sıra digər müxalifət yönümlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1200 nəfərə qədər olan üzvü və təəssübkeşi iştirak etmişdir.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməmişdir».
İsa Qəmbər deyib ki, Azərbaycanda xeyirlə şərin mübarizəsi gedir. Onun fikrincə, Azərbaycanda xəyanətkar qüvvələr hakimiyyətə gətirilir. O belə bir qüvvə kimi də Əliyevlərin adını çəkdi.

İsa Qəmbər: «Azərbaycanda korrupsioner, dərəbəy qüvvələr tərəfindən idarə edilir. Bu qüvvələr arasında ziddiyyətlər getdikcə dərinləşəcək və İlham Əliyev bu ziddiyyəti çözmək iqtidarında deyil».

İsa Qəmbər dedi ki, ölkədə dəyişikliklərin əsl vaxtıdır.

İsa Qəmbərin çıxışının sonunda yenidən «istefa» şüarları səsləndi. İsa Qəmbər qeyd etdi ki, bu istefa şüarı o vaxt reallaşacaq ki, sıralarımız 100 minlərlə hesablanacaq...

Mitinqə reaksiyalar

-
MİTİNQƏ REAKSİYALAR
Siyavuş Novruzov
Siyavuş Novruzov
«İctimai Palatanın aksiyasında çox az adam iştirak edib». Mitinqi izləyən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya belə deyib:

«Mən özüm hazırda aksiya keçirilən ərazinin yaxınlığındayam. Burada o qədər az sayda adam var ki, gərək bu aksiyanın təşkilatçıları bu tədbir başlayan kimi istefa verib gedəydilər. Bir hörmətli adamın yas mərasimində bundan üç dəfə artıq adam olur. Onların bu yığıncağına uzaq başı piket demək olar. Gərək onlar özləri də burada mitinq yox, piket keçirdiklərini deyəydilər».
Mitinqdə tez-tez «İstefa», «Azadlıq» şüarları səslənir.

BİR NƏFƏRİN DÖYÜLDÜYÜ DEYİLİR

AXCP-nin Binəqədi şöbəsinin üzvü AzadlıqRadiosuna deyib ki, mitinqə gələrkən onunla olan 10-a qədər adamı polislər döyüb. Cəbhəçi polislərin onları dəmir barmaqlıq arasına salıb döydüyünü bildirib.

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov isə mitinq iştirakçılarının döyülməsi haqda deyilənləri təkzib edib.
8 APREL MİTİNQİNİN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (1-ci hissə)

“Bir milyon iş yeri aşılan ölkədə qul bazarı olarmı?” İctimai Palatanın Qadınlar Şurasının sədri Gözəl Bayramlı çıxışında belə deyib.

MÜBARİZ QURBANLI VƏ SİYAVUŞ NOVRUZOV MİNTİNQİ MÜŞAHİDƏ EDİR

Hadisə yerində olan müxbirimiz xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasının üzvləri, deputatlar Mübariz Qurbanlı ilə Siyavuş Novruzov mitinqi aralıdan müşahidə edirlər.

Müxbirimiz onu da deyir ki, aksiyanın keçirildiyi meydanın yaxınlığında xeyli sayda polis və avtomobillər toplanıb.

8 aprel mitinqindən görüntü
8 aprel mitinqindən görüntü
Daha bir müşahidə: Sürücülük məktəbinin yaxınlığında tikilməkdə olan hündür mərtəbəli binadan bir neçə nəfər çəkiliş aparır. Jurnalistlər də ordan çəkiliş aparmaq istədikdə binanın mühafizəçiləri onlara rədd cavabı verib. Və heç bir izahat verməyib.

AXCP SƏDRİ ƏLİ KƏRİMLİ ÇIXIŞ EDİR

Əli Kərimli son illər hakimiyyətin azad sözə, jurnalistlərə təzyiqindən, onları öldürtməsindən, həbs etdirməsindən danışıb. Eyni zamanda hakimiyyətin kütləvi aksiyalara imkan vermədiyini deyib.

«Hakimiyyətin məqsədi budur ki, özünün korrupsiya siyasətindən diqqəti yayındırsın. Hakimiyyət özünün müxalifətini yaradıb cəmiyyətə təqdim etmək istədi. Mən burdan bəyan edirəm ki, alınmadı bu siyasət, İlham Əliyev!»
8 APREL MİTİNQİNİN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (2-ci hissə)

Əli Kərimli daha sonra dedi: «İndi dünya tiranlardan xilas olur. Azərbaycan da bu prosesdən kənarda qala bilməz. Azərbaycan xalqı azadlığa layiq xalqdır!»

İsa Qəmbər və Əli Kərimli
İsa Qəmbər və Əli Kərimli
Əli Kərimli hakimiyyətin Qarabağ siyasətinə də toxunub. O deyib ki, Azərbaycan hakimiyyəti Qarabağı qaytarmaq üçün heç bir addım atmır: «Minlərlə azərbaycanlı Qarabağ uğrunda şəhid olub. onların ruhu narahatdır!»

Artıq İctimai Palatanın liderləri İsa QəmbərƏli Kərimli tribunadadırlar. Mitinqi aparan İbrahim İbrahimli deyib ki, aksiya iştirakçılarının hamısı gələ bilmədiyindən mitinqin başlamasını bir qədər yubadırlar.
“HƏVƏSKAR OPREATORLAR”, YOXSA...
AzadlıqRadiosunun əməkdaşı Nüşabə Fətullayeva xəbər verir ki, aksiyada mətbuat işçisi olmayan, eləcə də müxalifət partiyalarına mənsub olmayan şəxslər çəkilişlər aparırlar. Onlar təxminən 8-10 nəfərdir. Müxbirimiz onlardan çəkilişi hara üçün apardıqlarını soruşub. Həmin şəxslər özlərini təqdim etməyiblər. “Özümüz üçün, arxiv üçün çəkirik” deməklə kifayətləniblər.
Sabail rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişov isə deyib ki, həmin şəxslər həvəskar operatorlardır. “Aksiya icazəli olduğu üçün onlar çəkiliş apara bilərlər”.
8 aprel 2012. İctimai Palatanın təşkil etdiyi mitinqdən foto
8 aprel 2012. İctimai Palatanın təşkil etdiyi mitinqdən foto
AXCP sədrinin müavini Həsən Kərimov deyib ki, çəkiliş aparanlar xüsusi-xidmət orqanlarının işçiləri ola bilər. “Onlar aksiyaya gələnləri çəkib kimliklərini müəyyənləşdirəcəklər. Sonra da işlədikləri idarə-müəssisələrə, şirkətlərə göndərib bu vətəndaşlara təzyiqlər edə, işdən çıxarmaqla hədələyə bilərlər”.

İNSANLAR MİTİNQƏ GƏLİR...
Mitinqin təşkilatçılarından İbrahim İbrahimli deyib ki, bəzi marşurutlarda problemlər yaradıldığından onlar mitinqi bir qədər yubatmaq məcburiyyətindədirlər.Onun deməsinə gərə, "Sahil" və bir sıra meydanlarda insanlar aksiyaya gəlməyə marşurut tapa bilmirlər.Əgər belə davam etsə onlar aksiyanı dayandırıb, Bakı şəhərinə yürüş edəcəklər.

İctimai Palatanın mitinqi artıq başladı. Aksiyaya gələnlər «İstefa» , «Azadlıq» şüarları səsləndirirlər.

TAKSİ SÜRÜCÜLƏRİ BAYIL İSTİQAMƏTİNƏ GETMƏKDƏN İMTİNA EDİR

8 Aprel mitinqindən görüntülər

8 Aprel mitinqi başladı

AzadlıqRadiosunun əməkdaşı Vüsalə Əlibəyli xəbər verir ki, «Sahil» metrostansiyasından üzü Bayıla doğru bütün dayanacaqlarda çoxsaylı adamlar toplaşıb. Onlardan bəzisi 1 saat, bəzisi 30 dəqiqədir avtobus gözlədiklərini deyirlər.

Ən çox insan «Sahil» yaxınlığında toplaşıb. Təxminən 50-60 nəfər. Onlar deyirlər ki, mitinqə getmək istəyirlər, amma avtobus yoxdur.

«Uzun fasilədən sonra bir avtobus gəldi, ona o qədər adam mindi ki, qapıları az qala bağlanmırdı».

Hətta taksi sürücüləri də aksiya iştirakçılarına rədd cavabı verirlər. «Taksi sürücüləri 20-ci sahənin adını eşidən kimi dərhal deyirlər ki, yox, biz gedə bilmərik. Bizə tapşırıq verilib. Bu həm «London» taksilərinə aiddir, həm də adi taksilərə». Bunu da mitinq iştirakçılarından biri deyir.

Nəqliyyat nazirliyinin mətbuat katibi Namiq Həsənovdan bununla bağlı münasibət öyrənməyə çalışsaq da, hələlik o dəstəyi qaldırmır. Cəhdlərimizi davam etdiririk.

POLİS UŞAQLARI MİTİNQ KEÇİRİLƏN ƏRAZİYƏ BURAXMIR

Eldar Namazov və Rüstəm İbrahimbəyov 8 aprel mitinqində
Eldar Namazov və Rüstəm İbrahimbəyov 8 aprel mitinqində
Əzim Qəhrəmanov 2 övladı ilə aksiyaya gəlsə də, polis ona bildirib ki, onlar uşaqları meydana buraxa bilməzlər. Bu barədə onlara tapşırıq verildiyini bildirib və əlavə edib: «Uşağın mitinqdə nə işi?»

Mitinqin təşkilatçılarından biri Gülağa Aslanlı hesab edir ki, qanunda kütləvi aksiyalarda iştirakla bağlı yaş məhdudiyyəti yoxdur: «Onlar iştirakçıların çox görünməsindən qorxurlar və hər cür maneə yaradırlar. 28 maydan bu yana avtobusların hərəkətinə də buna görə qadağa qoyulub».

PƏNAH HÜSEYN: MİTİNQ TƏXİRƏ SALINA BİLƏR

İctimai Palatanın 8 aprel mitinqinin təşkilatçılarından biri Pənah Hüseyn deyib ki, əgər avtobusların hərəkəti bərpa edilməsə, mitinq təxirə salına bilər. Onun sözlərinə görə, mitinqə gələnlərə maneə yaradılır. Buna görə də az sonra bu məsələ qurumun Koordinasiya Şurası üzvləri arasında müzakirə ediləcək və qərar veriləcək.

MƏTBUAT ŞURASI MONİTORİNQ APARIR

Mətbuat Şurasının Monitorinq Qrupu da 20-ci sahədəki sürücülük məktəbinin həyətinə gəlib. Onlar AzadlıqRadiosuna deyiblər ki, qrup jurnalistlərə maneə yaradılıb-yaradılmamasını araşdırmaqla məşğuldur.

AVTOBUSLARA MİTİNQ YERİNƏ GETMƏK QADAĞAN OLUNUB?

8 aprel mitinqiylə bağlı Pənah Hüseynin fikirləri

8 aprel mitinqiylə bağlı Pənah Hüseynin fikirləri

“Sahil” metrostansiyasından Bayıl istiqamətində işləyən marşrutlara göstəriş verilib ki, onlar mitinq başa çatana kimi işləməsinlər”. Müsavat Partiyası başqanı müavini Gülağa Aslanlı belə deyir.
Amma polis deyir ki, sürücülərə belə göstəriş verilməyib.
AzadlıqRadiosunun əməkdaşı da xəbər verir ki, saat 15.20-dən sonra aksiyanın keçiriləcəyi əraziyə gələn avtobusların hərəkəti tamamilə dayanıb.
POLİS TƏHLÜKƏSİZLİK YOXLAMASINA BAŞLADI

Polis əməkdaşları aksiya iştirakçılarını metal detektorlarla yoxlayıb meydana buraxırlar.

NƏQLİYAT PROBLEMİ VAR

AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, mitinqin keçiriləcəyi ərazi yaxınlığında avtomobillərin saxlanmasına icazə verilmir.

Bundan başqa, yaxınlıqda toplaşan onlarla insanın aksiyaya getməsinə şərait yaradılmır. 120 saylı avtobusun sürücüləri AzadlıqRadiosuna deyiblər ki, onlara mitinq başa çatana kimi işləməməyi tapşırıblar.

İctimai Palatanın aprelin 8-də şəhərin kənarında keçirilməsi nəzərdə tutulan aksiyasına insanlar toplaşmaqdadır. Hadisə yerində olan AzadlıqRadiosunun əməkdaşları xəbər verirlər ki, artıq təşkilatçılar da aksiyanın keçiriləcəyi meydandadır.

Meydana bayraq və şüarlar gətirilir.

Müxbirlərimiz həmçinin bildirir ki, həmin meydana daxil olan aksiya iştirakçıları hələ ki, yoxlanmırlar. Halbuki, aprelin 7-də İctimai Palatadan bildirmişdilər ki, polis aksiyaya gələnləri bir-bir metal detektorlarla yoxlayıb, meydana buraxacaq.

İctimai Palatanın katibi Gülağa Aslanlının mitinqlə bağlı müsahibəsi

İctimai Palatanın katibi Gülağa Aslanlının mitinqlə bağlı açıqlaması



Təşkilatçıların sözlərinə görə, bunu onlara Bakı şəhər Baş Polis İdarəsindən bildiriblər. Bu tədbirlərin aksiya iştirakçılarının təhlükəsizliyi və baş verə biləcək təxribatın qarşısını almaq məqsədi ilə görüldüyü bildirilmişdi.

Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
XS
SM
MD
LG