Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:44

Fransa niqabdan 45 min avro qazanıb


Bir ilə 300 qadın üzünü örtdüyünə görə cərimələnib

Fransada bir il ərzində təxminən 300 qadın üzü bağlı gəzdiyinə görə cərimə olunub. France-Press agentliyinin məlumatına görə, bu haqda ölkə rəsmiləri məlumat yayıb. Söhbət müsəlman qadınların taxdığı müxtəlif üz örtükləri – burqa və niqaba qoyulan qadağadan gedir.

2011-ci ilin aprelindən etibarən Fransada ictimai yerlərdə üzü örtən baş geyimləri qadağan edilib. Bu tələbi pozanlar 150 avro miqdarında cərimə olunurlar. Qadınları üzünü örtməyə məcbur edən kişilər isə daha çox – 20 min avroluq cərimə edilirlər.

Bu ilin yanvarında Fransa daxili işlər naziri Claude Gueant elan edib ki, qanunun qüvvəyə minməsi nəticəsində üzünü örtən qadınların sayı ikiqat azalıb.

300 YOX, 367 QADIN CƏRİMƏLƏNİB

Lakin “Mənim konstitusiyamdan əlini çək” assosiasiyasının rəhbəri Rachid Nekkaz isə başqa rəqəmlər səsləndirib. Onun hesablamalarına görə, bir il ərzində niqaba görə 367 qadın cərimələnib. Bu qadınlar polis bölməsində 3 saata qədər saxlanılıblar.

Nekkaz onu da deyib ki, saxlanılan qadınların üçdə ikisi ya subay, ya da dul qadınlar idi: “Bu da onu göstərir ki, qadınları niqab taxmağa məcbur edən yoxdur”.

Rachid Nekkaz Fransada yaşayan iş adamıdır. O, yaratdığı təşkilatın vasitəsilə onlarla qadının cəriməsini ödəyib.

Qanunun təşəbbüskarı qismində prezident Nicolas Sarkozy çıxış etmişdi. Onun tərəfdarları bu addımın qadınların hüquqlarının müdafiəsi baxımından böyük önəm daşıdığını deyirdilər. Sənədin əleyhdarları isə bunun insan haqları və etiqad azadlığına zidd olduğunu israr edirlər.
XS
SM
MD
LG