Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:04

Nədən ölümü seçdi Siyamək?


Siyamək
Siyamək
Güntay Gəncalp


ALİ SABRİ (SİYAMƏK)İN YASINDA

Şu an yazmaqda olduğum bu yazını yazarkən Siyaməkin ölümünün acıları içimi yaxmaqdadır. Göz yaşlarım səhifəni görməmi önləyir.

Siyaməkin intiharı çox acı bir xəbər oldu və inanılmaz.

Gənc adam nədən öz həyatına bu qədər asanca qıymışdır? Həyatdan vaz keçmək bu qədər asanmı? Nədən ölümü seçdi Siyamək? Avropada yaşamaq asan deyil. Bu doğru. Özəlliklə Siyamək kimi ideal və ədalət axtaran, öz kültürü ortamında geniş sosial ilişkilər qurmaq istəyən biri üçün Avropa həyatı dözülməzdir. Anlamsız bir həyatı sürdürmək gündə bir neçə kərə ölüm kimi görünə bilər.

Ancaq insan acı çəkməkdən geri çəkilərək intiharımı seçməlidir? Mən hələ də dəqiq olaraq bilmirəm Siyaməki intihara götürən səbəb nə imiş? Həyatın sorunlarını ölümlə çözmək doğru yolmu? Ya da anlamsız bir həyatı sürdürməkmi doğru yol? Anlam nədir?

Siyamək düşünən adam idi. Qələm əhli idi. Bütün bu soruları öz-özündən sormamış olmamalı idi. Avropada yaşayan insanlarımızın çoxu Siyaməkin bəzi bənzər acılarını, əzablarını yaşamaqdadırlar. Avropada psikolojik, kültürəl sorunlar yaşayan insanlar bunun bilincindədir.

Siyaməklə uzaqdan uzağa tanış idik. Bir-birimizin qələminə ehtiram göstərirdik. Hələ kimliyini yaxından tanımadan bir sitədə ərəb əlifbasında yayılan xatirələrini oxumuşdum. Sonra O, məni ilk dəfə aradı. “Sən yazıları sitələrdə yayılan Siyaməksənmi?” sorduğumda “Özüməm” demişdi. Çox sevinmişdim tanış olmağımıza. Yazılarını oxumuşdum. Bizim tərəflərdən düzyazı (nəsr) yazanların sayı çox az olduğundan onun yazıları diqqətimi çəkmişdi. Yazdıqlarında mən öz həyatımı görməkdə idim. Çox xoş sözlər söylədim. İçimdən keçən duyqularımı və yazılarından aldığım təsirləri dilə gətirdim. Sevinmişdi. “Bilmirdim yazılarımı oxuyursan” dedi. Uzun-uzadı söhbət etdik. 2007-ci ilin sonlarına doğru Siyaməki evimə dəvət etdim. Gəlməyə hazırlaşırdı. Ancaq nədənsə gəlməz oldu. Kanadaya getmək istədiyini söylədi. Söhbətimiz sırasında kitablardan da danışırdıq.

Kitab qıtlığının məni əziyyət etdiyini söylədim Siyaməkə. O isə, “mənim kitabxanamdakı kitablardan yararlana bilərsən” dedi. Kitabxanasındakı kitabların adlarını söylədiyində şaşırdım.

Mənim ehtiyacım olan kitablar idi çoxu. Heideggerin əsərləri üzərinə dəyərləndirmələr,
ünlü iranlı araşdırmacı filosof Babək Əhmədinin bir neçə əsəri. “Modern və postmodern ədəbiyyat üzərinə söyləşilər” və bu kimi bir çox kitablar Siyaməkin kitabxanasında var imiş.

Bunları əldə etsəm oxuyaram dedim. “Adresini mənə yazsan post edərəm” söylədi. Adresimi yazdım. On gün sonra post etdiyi kitablar gəldi. Bir karton kitab idi. Evdə açıb kitabları saydım. Çox qalın həcmdə olan tam on cild kitab. Bu kitablar mənim bilgi artışıma yardımçı oldu.

Bir kərə “Kitabları bitirdiyində geri göndərərsən” söyləmişdi. Kitabları bitirmişdim. Post etmək istəyirdim. “Türkiyəyə gedirəm, döndüyümdə göndərərsən” söylədi. Türkiyədə olduğunda da bir neçə kərə yazışdıq. Türkiyədəki demokratik durumdan və gəlişmələrdən məmnun olduğunu yazırdı. Mənim Səfəvilər kitabəm çıxmaq ərəfəsində idi. Tənqidlərimi təqdir edirdi. Son yazışmamızdan on gün sonra intihar xəbərini duydum. İnanmadım. Ömrünün bu qədər gənc vaxtında nədən özünə qıydı Siyamək?

Çox yazıq, çox!

Siyamək xatirələr şəklində yazdığı “Norveç yazıları” adlı kitabını öz parası ilə Bakıda çap etdirmişdi. O kitabdan iki cild də mənə göndərmişdi. Bir cildini yaşadığım şəhrin kitabxanasına hədiyə etmişdim. İndi o kitabı yenidən gözdən keçirirəm. Kitabın ön sözündə Siyamək bunları yazmış:

“Bu kitabı tam səmimiyət və sevinclə bütün Azərbaycan gəncliyinə təqdim etmək istəyərdim. Öz gələcəkləri üçün başlarında böyük planlar, ürəklərində amansız ehtiraslar gəzdirən gənclərə!

Zatən gəncliyin özəlliyi də budur. Həyatda ideallar arxasınca getməkdən gözəl bir iş yoxdur məncə. Lakin ilk öncə ideallarla əfsanələri bir-birndən seçmək gücünü əldə etmək gərəkdir. Gerçəkliyin acılığını dadıb da həmən qurtulalım deyə, şirin xəyallara sarılmağın nəticəsi bəzən çox ağır olur. Batıda özünü gəlişdirib, böyük uğurların altına qol çəkmək və parlaq gələcək qurmaq istəyən heç bir gəncə “dur!” demək fikrində deyiləm. Zatən belənçi bir gənci bir qoşun da saxlaya bilməz. Mən arxayınam, Azərbaycan gəncləri içərisində belələri lap çoxdur. Bütün bu yazıların ikinci amacı budur ki, belənçi gənclər ən azı bu planın arxasında onları gözləyən bir çox çətin aşamaları gözə alsınlar. Üçüncü amacım: biz Azərbaycan gənclərinin bu durumda qalmasında bais olan yaşlı aydın insanlarımız qeyrətə gəlsinlər və ən azı vaxtıyla onların payına düşən, yapılmayan və bizə yüklənən görəvləri yerinə gətirməkdə yardımçı olsunlar. Nədən biz öz ölkəmizdə ideallarımızın peşində gedə bilmirik? Sizin bizə buraxdığınız ümidlər meydanı hardadır? Genəl olaraq deyirəm, hanı sizin bizlərə verdiyiniz real siyasi dünyagörüşü?! Bu yazıları yazmaqda ilk amacım isə, ancaq və ancaq özümü ovutmaq olub. İllər boyu özümlə danışdığım sözləri yazıb yaymaqla özümü özümdə dustaq olmaqdan qurtarmağa çalışmışam.

Bu yazıların yazılmasında birbaşa və ya dolayısıyla rol oynayan bütün insanlara təşəkkür edirəm. İstər yaşamımda müsbət təsir buraxanların, istər sorunlar yaradanların hamısına. Bu yazılar onların məndə yaratdığı təsirlərin sonucudur.

Oxucuların diqqətinə çatdırmaq istədiyim bir xüsus daha var. Bu dəftərdə “Sonra daha geniş yazaram” deyərək üstündən keçdiyim mövzuları unutmadığımı qeyd etməliyəm. Oxumaqda olduğunuz bu kitab Norveç ölkəsi haqqında qeydlərimin, yalnız birinci hissəsidir. Həmin mövzulara kitabın ikinci bölümündə geniş yer veriləcək.

Sonunda Rasim bəy Qaraca, bu dəyərli insana özəl sayqı və təşəkkürlərimi bildirirəm. Bu dostdan aldığım çeşidli yardımları və dəstəkləri bircə-bircə dilə gətirmək fikrində deyiləm. Təkcə bir cümlə ilə hamısını demək istəsəm: “İllər boyu güvənsizliklə ürəyimdə gəzdirdiyim yazarlıq həvəsinə yağışı yağdıran dost, Rasim bəydir.” Bütün Azad Yazarlar Ocağı və habelə Alatoran dərgisinə sayqı və təşəkkürlərlə:

Alı Səbri (Siyamək)
29.07.2007
Bazargünü
Bergen”
XS
SM
MD
LG