Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:26

İntiqam Əliyev: Hakimiyyət Azərbaycanda demokratiya istəyən qurumlara pis baxır


İntiqam Əliyev
İntiqam Əliyev
«Hakimiyyət anlayır ki, ölkədə müstəqil media olsa, seçkiləri saxtalaşdırmaq çox çətin olacaq».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquq müdafiəçisi İntiqam Əliyev Sərhədsiz Reportyorlar Təşkilatının illik mətbuat azadlığı indeksində Azərbaycanın 179 ölkə arasında 162-ci yeri tutmasını şərh edərkən deyib:

«Müstəqil medianın olduğu ölkədə dövlət büdcəsini yeyib dağıtmaq mümkün olmayacaq. Öz azadlıqlarını reallaşdırmaq istəyən insanları məhkəmələrin əli ilə həbs etdirmək mümkün olmayacaq. Media cəmiyyəti çalxalayacaq və insanlar küçələrə töküləcək. Hal-hazırda televiziyalar hakimiyyətin nəzarəti altındadır. Bir-iki müstəqil sayıla biləcək qəzet var, onların da ictimai rəyə təsir etmək imkanı yoxdur. Bu situasiyada məlumatsız cəmiyyəti idarə etmək çox rahatdır».

İ.Əliyev bildirir ki, hakimiyyət vaxtilə güclü medianın nə demək olduğunu görüb və buna görə də medianın güclü olmasında maraqlı deyil. O, hakimiyyətin bu tip təşkilatların hesabatlarından nəticə çıxaracağına inanmadığını deyir:

«Hakimiyyət rəsmiləri hər zaman deyirlər ki, bu qurumlar düşmən qurumlardır və onların yazdıqları həqiqət deyil. Əlbəttə hakimiyyət Azərbaycanda demokratiyanın, azad medianın, korrupsiyasız cəmiyyətin, güclü siyasi partiyaların və vətəndaş cəmiyyətinin olmasını istəmir. Bunu istəyən qurumlara isə münasibəti pis olmalıdır».

İ.Əliyev bu tip hesabatların hansısa ölkənin deyil, sırf Azərbaycan cəmiyyətinin maraqlarına xidmət etdiyini bildirir.

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG