Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:41

«Mətbuat azadlığının vəziyyəti hətta senzura dövründəkindən də pisdir»


Ələsgər Məmmədli
Ələsgər Məmmədli
«Azərbaycanda ​mətbuat azadlığı ilə bağlı vəziyyət hətta senzuranın mövcud olduğu dövrdən də pisdir».

Bu fikir mayın 1-də Bakıda Ümumdünya Söz Azadlığı Gününə həsr olunmuş konfransda səslənib.

Media eksperti, IREX təşkilatının hüquqşünası Ələsgər Məmmədli Azərbaycanda söz azadlığı ilə bağlı vəziyyətin kritik olduğunu bildirib.

«7 JURNALİST HƏBSDƏ OLDUĞU HALDA...»

Hüquqşünasa görə, 7 jurnalist həbsdə olduğu halda Azərbaycanda söz azadlığının yaxşı olduğunu demək yersizdir:

«2005-2011-ci illərdə 2 jurnalist öldürülüb, amma araşdırma yekunlaşmayıb, çox sayda jurnalist oğurlanıb döyülüb, onlarla da bağlı konkret bir nəticə yoxdur. Bu insanların təhlükəsizliyini qorumalı olan dövlət üzərinə düşən öhdəliklərə əməl etməyib. Bu da jurnalistlərin özünü senzurasına gətirib çıxarıb. Nə qədər desək ki, «jurnalistlər nə istəyirsə, onu da yaza bilir», bu, belə deyil. Jurnalist ilkin mənbədən məlumatı lap dəqiqləşdirsə belə, həmin məlumatın kimə aid olduğunu düşünərək yaza bilir».

6 İLDƏ 400 MƏHKƏMƏ İŞİ

Ələsgər Məmmədliyə görə, 2001-2005-ci illərdə söz azadlığı ilə bağlı az da olsa hiss olunan inkişaf ondan sonrakı 7 ildə xeyli geriləyib. Belə ki, 2005-2011-ci illərdə mediaya qarşı 400-dən çox məhkəmə çəkişməsi olub. Bunun da 160-dan çoxu cinayət işləridir.

Rəşid Hacılı
Rəşid Hacılı
Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı da Azərbaycanda mətbuat azadlığı ilə bağlı vəziyyətin senzuranın mövcud olduğu dövrdən də pis olması fikrini müdafiə edir:

«SÖZ AZADLIĞI – SİYASİ QURULUŞ VƏ REJİM MƏSƏLƏSİDİR»

«1990-cı illərdə ifadə azadlığı indikindən qat-qat çox idi. Baxmayaraq ki, 1998-ci ilə qədər rəsmi senzura var idi, amma ifadə azadlığı indikindən çox yaxşı idi. O vaxt heç olmasa Heydər Əliyev xaricə gedib gələndə jurnalistlərlə görüşür, suallara cavab verirdi. İndi bu, tamamilə yoxdur».

Rəşid Hacılıya görə, indi söz azadlığı məsələsi peşəkarlıq və hüquq müstəvisindən çox siyasi bir məsələyə çevrilib:

«İndi Azərbaycanda ifadə azadlığı ilə bağlı vəziyyət təkcə hüquq və jurnalist peşəkarlığı məsələsi deyil. Bu, ümumi siyasi quruluş və rejim məsələsidir».

Elçin Şıxlı
Elçin Şıxlı
SÖZ AZADLIĞI STATİSTİKADA

«Ayna» - «Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlıya görə, dördqat senzuranın mövcudluğu dövründə işləmək indi işləməkdən çox asan olub:

«Dördqat senzura var idi, amma vecimizə deyil idi, işləyirdik. Hamısından keçirdik, çevrilişlər də bizə təsir etmirdi. Döyülürdük, söyülürdük, amma mən heç vaxt bədbinliyə qapılmırdım. Amma indi qazanmaq imkanım olduğu, beynim işlədiyi halda mən irəli getmək əvəzinə geriləyirəm».

AVROPA VƏ ABŞ-LA MÜQAYİSƏDƏ...

«Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev isə 90-cı illərdə söz azadlığının indikindən yaxşı olması fikrini səsləndirənləri unutqanlıqda qınayır:

Bəhruz Quliyev
Bəhruz Quliyev
«1991-92-ci illərdə jurnalisti yazdığı yazıya görə təhqir edirdilər, döyürdülər, maşının yük yerinə basıb aparırdılar. Yazdığı yazını jurnalistin özünə yedizdirirdilər. Onları niyə görmürdülər? Avropa dövlətlərinin əksəriyyətində söz və mətbuat azadlığı ilə bağlı həbslər var. Niyə onlar o ölkələrdə baş verənləri deməyib, Azərbaycanda mikroskopla söz azadlığı və fikir plüralizmini axtarırlar?».

ÇIXIŞ YOLU - REKLAM BAZARI, O DA İNHİSARDA...

Ancaq «Ayna» - «Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı dediklərini rəqəmlərlə əsaslandırır. Deyir ki, 90-cı illərdə qəzetlərinin tirajı 150 minə qalxmışdısa, indi tirajı 3-5 mindən yuxarı qaldırmaq mümkünsüz bir işdir.

Baş redaktor bu geriləməni subyektiv amillərlə bağlayır. Deyir, dünyada mətbuatı inkişaf etdirən reklam bazarıdır, o da Azərbaycanda süni inhisarda, məmur oliqarxların inhisarındadır».
XS
SM
MD
LG