Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:18

XİN Təbrizdə keçirilən etiraz aksiyalarından narahatdır


Azərbaycanla İran arasında qədim tarixi mədəni əlaqələr mövcuddur. İki ölkə arasında qədim tarixi mahiyyətə malik olan münasibətlər var. Trend-in məlumatına görə, bunu jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

«Son zamanlar Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında aksiyaların artması ilə bağlı öz narahatlığımızı bildiririk və təəssüflənirik ki, bu cür aksiyaların arxasında Azərbaycan və İran arasındakı münasibətlərə xələl vuran qüvvələr dayanıb və bu dairələr Azərbaycanla İranın münasibətlərinin inkişafında maraqlı deyillər», Abdullayev bildirib.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycan rəhbərliyinin qəbul etdiyi qərarlar Azərbaycan xalqının maraqlarına xidmət edir.

Abdullayev bildirib ki, qonşu ölkələrlə münasibətlərimizi mehriban qonşuluq prinsplərinə əsasən qururuq.

«Heç bir ölkə bir-birinin işinə qarışmamalıdır və Azərbaycan bu prinsiplərə sadiqdir. Bir daha bəyan edirik ki, Azərbaycanın qəbul etdiyi qərarlar tam müstəqildir. Bu gün Azərbaycan artıq 20 il bundan öncə olan Azərbaycan deyil, bu gün Azərbaycan dünya ictimaiyyəti tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunan, beynəlxalq arenada özünəməxsus çəkisi olan bir ölkədir», - Abdullayev əlavə edib.

XİN sözçüsünün bildirdiyinə görə, regionun inkişafına mane olan ən böyük əngəl Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətidir.

«Məhz bu münaqişəyə görə regionun inkişafına əngəl törədilir. Bu baxımdan artıq dünya ictimaiyyəti Azərbaycanın mövqeyini tam dəstəkləyir, xüsusilə Xocalı soyqırımı bir çox ölkələrin parlamentləri tərəfindən tanınıb. Müsəlman aləmi, xüsusən İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan xalqının faciələri və Ermənistanın işğal ilə bağlı müxtəlif vaxtlarda bir sıra qətnamələr qəbul edib, bu problemə biganə olmadığını sənədlərlə vurğulayıb. Təəssüf olsun ki, Azərbaycan və İran arasında münasibətlərin inkişafında maraqlı olmayan dairələr Azərbaycan xalqına qarşı cinayət törədənləri qınamaq əvəzinə, ikitərəfli münasibətlərimizə xələl vururlar», Abdullayev deyib.
XS
SM
MD
LG