Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:48

Avropa parlamentarilarına Azərbaycanın "Qara kürü hörməti"


Avropa Birliyinin bayrağı
Avropa Birliyinin bayrağı
Avropa Parlamentinin sonuncu qətnaməsində deyilir ki, Azərbaycanda jurnalistlər döyülür, siyasi müxalifət həbsə atılır, vətəndaşların evləri uçurdularaq yerində ticarət mərkəzləri tikilir. Euobserver.com saytı bu barədə məqalə dərc edib.

Əli Həsənov
Əli Həsənov
Məqalədə qeyd olunur ki, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu həftə deyib ki, «Eurovision 2012» ərəfəsində «Amnesty İnternational», «Human Rights Watch» kimi QHT-lər Azərbaycanı mütəmadi olaraq təqib edir. Bu bəyanat Azərbaycanın beynəlxalq imicinə həssas yanaşdığını göstərir.

Məqalə müəllifinin fikrincə, Prezident xanımının «Eurovision» yarışmasının təşkilində şəxsən iştirak, qızının isə Bakını tanıtmaq üçün jurnal çapına başlaması göstərir ki, bu həssaslıq «yuxarı»ya doğru gedir.

LOBBİ FİRMALARI

Məqalədə Azərbaycanın lobbiçilik fəaliyyətindən bəhs olunur. «Azərbaycan hökuməti ABŞ-da lobbiçiliklə məşğul olmaq üçün 4 lobbi firmasından yararlanır: Bob Lawrence & Associates, Jefferson Waterman International, Fabiani və Company and Patton Boggs.

Avropa Birliyində Azərbaycanın təbliğatı ilə məşğul olan «Avropa Azərbaycan Cəmiyyəti»nin (Teas) Berlin, Brüssel, London və Parisdə ofisləri var.

Mayın 23-də - Beynəlxalq Olimpia Komitəsi «Yox» cavabı verənə qədər Burson-Marsteller PR şirkəti çağırış edirdi ki, «Olimpiya dəyərlərinə hörmət, mükəmməl və ədalətli oyun» baxımından Azərbaycan Avro-2020 oyunlarının keçirilməsi üçün yaxşı məkandır.

Boutique PR firması Avropa Parlamenti üzvləri ilə birgə Azərbaycanın geostrateji əhəmiyyəti ilə bağlı seminarlar keçirir.

Azərbaycanın Avropa Birliyi mərkəzində təbliğatı ilə məşğul olan digər fond – OCAZ (Communication of Azerbaijan) bir sirrə çevrilib: öz internet səhifəsindəki telefon nömrələrinə və email-lərə cavab vermir.

2.500 AVROLUQ BALIQ KÜRÜSÜ

Eyni zamanda, Azərbaycan Avropa Şurası və Avropa parlamenti üzvlərini Bakıya gətirir və onlara bahalı hədiyyələr verir.

Qara kürü
Qara kürü
Mayın 24-də Berlində yerləşən Avropa Sabitlik Təşəbbüsləri adlı qeyri-hökumət təşkilatı Azərbaycan rəsmisinə istinadən məlumat yayıb ki, Azərbaycana gələn avropalı parlamentarilər «ipək xalçalar, qızıl və gümüş əşyalar, içkilər, balıq kürüsü və pul hədiyyələri alır. Bakıda ortalama bir hədiyyə 2 kiloqram balıq kürüsüdür ki, bunun da dəyəri 2500 avroya bərabərdir».

Teas-ın Brüssel ofisindən bildirir ki, qurum müstəqil bir QHT-dir, Azərbaycan diasporunun adi üzvləri tərəfindən maliyyələşdirilir, baxmayaraq ki, təşkilatın başında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun milyonçu oğlu Tale Heydərov dayanır.

İnsan haqları məsələsində onların cavabı Azərbaycanın Avropa Birliyindəki təmsilçiliyi ilə eynidir: bu, «demokratiyanın tərəqqi etməkdə olduğu» «gənc» ölkədir, «Dağlıq Qarabağ konflikti ilə əlaqədar erməni təbliğatının qurbanıdır» və «əgər siz Bakıya getsəniz necə müasir şəhər olduğunu görüb heyrətlənəcəksiniz».

HEYDƏROVUN TƏŞKİLATININ QƏTNAMƏLƏRƏ MARAĞI

Əvvəllər «Burson-Marsteller»də işləmiş «Teas»ın sözçüzü Leon Cook Avropa Birliyi müşahidəçisinə deyib:

«Azərbaycanla bağlı coşqu hiss edirəm mən. Əgər siz orda olsanız, görərsiz ki, necə möhtəşəm bir yerdir».

O, təsdiq edib ki, Heydərovun bu təşkilatı AB-nin son iki qətnaməsinə - Avropa və Ermənistan münasibətləri və Azərbaycanda insan haqlarına dair qətnamələrə maraq göstərib və bəzən avropalı deputatları Bakıya dəvət edib. Ancaq o, sənədlərdə göstərilən səfərlərin təşkilini təkzib edib.

Aprel ayında Litvadan olan sağ mərkəzçi deputat Vytautas Landsbergis Bakıdan qayıdan kimi bəyanat vermişdi ki, «Ermənistan qoşunları tutduqları Azərbaycan torpaqlarından çıxarılmalıdır».

Almaniyadan olan sağ mərkəzçi deputat Elmar Brok onu «konfliktə müdaxilə»də günahlandıraraq «məsuliyyətsiz» adlandırıb.

QƏTNAMƏDƏ «ŞİRİN» CÜMLƏLƏR

Müxaliflər hökumətə etiraz edir
Müxaliflər hökumətə etiraz edir
Landsbergis öz internet səhifəsində deyib ki, bu bəyanatı «Bakıya səfərilə əlaqədar deyildi». Amma o, bu səfəri kimin maliyyələşdirməsi barədə açıqlama verməkdən imtina etdi.

Mayın 24-də Avropa Parlamentinin sağ-mərkəzçi qrupu Azərbaycanda insan haqları ilə bağlı növbəti qətnaməsində belə «şirin» cümlələr də daxil edib: «Müxalifətlə siyasi dialoqlarda müsbət inkişaf» və «Bakının demokratiya və qanunun aliliyini gücləndirməkdə cəhdləri».

Parlamentin rumıniyalı deputatı Monica Macovei AB müşahidəçisinə bildirib ki, bu cümlələr qətnaməyə «qrupda məndən üstün olan» şəxs tərəfindən saldırılıb. O əlavə edib ki, bu məsələdən məmnun deyil.

Ancaq çərşənbə günü bu qrupun qətnaməsi Liberallar, Yaşıllar və Sosialistlərin daha sərt mətnli qətnaməsi ilə əvəzlənib.
XS
SM
MD
LG