Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:51

Ekspert: «Silahlı qruplaşmanın arxasında kimlərin dayandığı aydın deyil»


Foto: Arxiv
Foto: Arxiv
Milli Təhlükəsizlik Nazirliyi (MTN) «Eurovision 2012» Mahnı Yarışması ərəfəsində keçirdiyi antiterror əməliyyatı haqda növbəti məlumat yayıb.

Məlumatda deyilir ki, transmilli cinayətkar silahlı birləşmə mahnı müsabiqəsi günlərində Bakıdakı hotellərdə və yarışmanın keçiriləcəyi zalda terror-təxribat aksiyaları törətməyi planlaşdırırmış:

«Tapşırıqlara əsasən, Vüqar Padarov (aprelin 6-da Gəncədə keçirilən antiterror əməliyyatı zamanı öldürülüb) və onun rəhbərlik edəcəyi silahlı dəstə aprel ayının əvvəlində Azərbaycan prezidentinin Şimal-Qərb bölgəsinə planlaşdırılan səfəri zamanı dövlət başçısına qarşı terror aktı həyata keçirməli idi. Həmçinin, hüquq-mühafizə orqanlarına silahlı basqınlar təşkil edilməli, bu strukturların əməkdaşları öldürülməli və inzibati binalarda olan silah-sursat ələ keçirilməli idi».

HƏR ŞEY NAZİRLİYİN YAYDIĞI KİMİDİRSƏ...

Milli Təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər deyir ki, Azərbaycan kimi yarıqapalı ölkələrdə dövlət başçılarına sui-qəsdlər həmişə şübhə ilə qarşılanıb. Bu səbəbdən o, nazirliyin yaydığı məlumatlara konkret münasibət bildirməkdə çətinlik çəkir. Amma hesab edir ki, hər şey nazirliyin yaydığı kimidirsə, bu, Azərbaycanın geosiyasi məsələlərdə tutduğu mövqe ilə bağlı ola bilər:

«Azərbaycanın Suriya məsələsində aydın mövqe tutması, İrana qarşı tətbiq edilən sanksiyalarla bağlı mövqeyi, Əfqanıstan əməliyyatlarında Azərbaycanın fəaliyyətinin genişlənməsi, «Nabucco» və «Transxəzər» qaz kəməri ilə bağlı mövqeyi və ondan narazı olan qüvvələr – yəni ehtimallar irəli sürülərkən bunlar nəzərə alınmalıdır».

Sülhəddin Əkbər zərərsizləşdirilən dəstənin arxasında kimlərin və ya hansısa dövlətin durması barədə konkret fikir deməkdə çətinlik çəkir. Hesab edir ki, bu məsələni daha dəqiq istintaq üzə çıxara
Sülhəddin Əkbər
Sülhəddin Əkbər
bilər:

«Bundan ötrü dəqiq informasiya lazımdır, səthi məlumatlar əsasında uzağa gedən nəticələr çıxarmaq çətindir. Hansısa terrorçu qrup əməliyyat hazırlayırsa, o, diqqəti yayındırmaq, izi azdırmaq üçün başqa ölkələrin ərazisindən istifadə edə bilər. Bunu üzə çıxarmaq istintaq orqanları və əməliyyatçıların işidir».

«TERROR TƏHDİDLƏRİ «EUROVİSİON»DAN XEYLİ ƏVVƏLLƏR BAŞLAYIB»

Xaçmazda fəaliyyət göstərən «İnformasiya» Milli və Dini Münasibətlər Departamentinin rəhbəri Müqəddəs Mehdiyev isə Azərbaycana qarşı terror təhdidlərinin «Eurovision»dan xeyli əvvəllər başladığını deyir. O, Zaqatala rayonunda hələ 2000-ci ildə Hacı Maqomedovun, daha sonra Qusarda «Meşə qardaşlar»ı adlanan dini qruplaşmalara qarşı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatları yada salır. O, indi də Azərbaycanda radikal dini qruplaşmalarla bağlı vəziyyətin yaxşı olmadığı deyir:

«Bu, bu günün işi deyil. Bunlar çoxdan hazırlaşan və qarşılarına konkret məqsəd qoyan qruplaşmalardır. Həmin radikal dini qruplaşmalar, o cümlədən «xəvvaricilər» Azərbaycanın şimal rayonlarında əmirliklər yaratmaq üçün cəhdlər göstərirlər. Son vaxtlar cihada çağıran audio, video disklər yayırlar».

QRUPLAŞMALAR HARADAN İDARƏ OLUNUR?

Müqəddəs Mehdiyev hadisələrin əsasən Rusiyanın Şimali Qafqaz regionundan idarə olunduğunu bildirir.
İlham İsmayıl
İlham İsmayıl
O, buna indiyə qədər şimal rayonlarında, sonuncu dəfə Gəncədə keçirilən əməliyyatları misal çəkir. Deyir həmin əməliyyatlardan sonra yayılan xəbərlərdə saxlanan qruplaşma üzvlərinin Dağıstanda dini qruplardan, «əmir»lərdən təlimat almaları barədə fikrilər yer alırdı. Müqəddəs Mehdiyevə görə, bu məsələdə ərəb ölkələrinin də adları tez-tez çəkilir. Bir çox hallarda radikal dini qruplaşma üzvlərinin ərəb ölkələrində təhsil alması və təlim keçməsi barədə məlumatlar da yayılır.

«QARŞIYA QOYULAN MƏQSƏDLƏ SƏVİYYƏ UYĞUN DEYİL»

«Təhlükəsizlik» Araşdırmaları Mərkəzinin direktoru İlham İsmayıl isə MTN-in yaydığı son məlumatı birtərəfli məlumat sayır. Hesab edir ki, adıçəkilən 3 nəfərin prezidentə qarşı sui-qəsd törətmək, musiqi yarışması keçirilən zalda hansısa partlayışlar etmək kimi məqsədləri ola bilər. Amma o, bunu 3 nəfərin görə biləcəyi iş saymır. İlham İsmayıla görə, bu kimi hadisələrin, qrupların arxasında adətən kimlərsə dayanmalıdır. Amma o deyir ki, MTN-nin zərərsizləşdirdiyi qruplaşmanın arxasında kimlərin və hansı məqsədlə dayandığı aydın deyil:

«Məqsəd nədir? Nəyə nail olmaq istəyirlər? O, hələ yoxdur. Ola bilsin, istintaq bunu üzə çıxaracaq».
XS
SM
MD
LG