Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:01

Sabir Rüstəmxanlının qurumu iki şirkəti məhkəməyə verdi


«Azərbaycan Dil Qurumu» İctimai Birliyi Dövlət Dili haqqında qanunun tələblərini pozan dövlət və özəl müəsisələrin hüquqi qaydada cəzalandırılması üçün məhkəməyə müraciət edib. Məhkəməyə çəkilən ilk şirkətlər isə «AGA Center» və «Bazar Store»dir.

Bu barədə Azərbaycan Dil Qurumu İctimai Birliyinin sədri, şair Sabir Rüstəmxanlı məlumat verib. Onun sözlərinə görə, Dil Qanunu 10 ildən artıqdır qüvvədə olmasına baxmayaraq, bu vaxta qədər heç bir müəssisə və ya təşkilat bu qanunun tələblərini pozduğuna görə inzibati məsuliyyətə cəlb olunmayıb: «Bu addımla biz həm də bir ənənə yaratmaq niyyətindəyik. Sahibkarlar və dövlət qurumları Dil Qanununu pozduqları üçün gec-tez məsuliyyətə cəlb olunacaqlarını bilməlidirlər».

Məhkəmə iddialarının Bakı şəhərindəki reklam lövhələri və xidmət obyektləri adlarının dövlət dilinə uyğunlaşdırılması və ana dilinin işləkliyinin genişlənməsinə ciddi təsir göstərəcəyinə əmin olduğunu bildirən S.Rüstəmxanlı sahibkarlara xəbərdarlıq da edib: «Müəsisə adlarını və menyülərini xarici dildə yazan və Dil Qanununu pozanlara bir daha xəbərdarlıq edirik ki, bu nöqsanları aradan qaldırsınlar».

«Azərbaycan Dil Qurumu» İB-in hüquqşünası Məhəmməd Qadaşlı isə bildirib ki, məhkəmə işlərinə 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılacaq: «Löhhənin hazırlanması üçün təqdim edilən adı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi qeydiyyatdan keçirir. Yəni adların əcnəbi dildə yazılmasını təklif edən şirkətlə bərabər, ondan daha artıq məsuliyyəti sözügedən Dövlət Komitəsi daşıyır. Ona görə də qanunvericiliyə müvafiq olaraq həm şirkətlərin, həm də Dövlət Komitəsinin cəzalandırılması barədə iddia qaldırmışıq».

Qeyd edək ki, Azərbaycan Dil Qurumu Dil Qanununu pozan şirkətlərlə bağlı iddia ərizələrini hazırlamaqda davam edir.
XS
SM
MD
LG