Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:19

Taxıl bol, yığmağa kombayn yox


Foto: Arxiv
Foto: Arxiv
-
«YEGANƏ ÇÖRƏK MƏNBƏYİMİZ O TAXILDIR»

Taxıl yığımı mövsümü başlasa da, taxılı yığmaq kəndlilər üçün problemə çevrilib. AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edən kəndlilər deyirlər ki, taxılı yığmağa kombayn tapmırlar. Bir sözlə, kəndlilər kombayn axtarışında, məhsul zay olub gedir.

Ağdamın Mahrızlı kənd sakini Səxavət Vəliyev deyir neçə gündür «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin «qaynar xətt»inə zəng vururlar ki, bizə kombayn verin, məhsulumuzu yığaq. Ordan da onları arxayın edirlər ki, kombaynlar yoldadır:

«Biz də gözləyirik, bu gün gələr, sabah gələr, gəlib çıxmırlar. Yalandan söz verirlər, ortada bir şey yoxdur. Bura cəbhə bölgəsidir, biz Ağdamın ən sonuncu kəndində yaşayırıq, burdan o tərəfə ermənilərdir. Bir mərmi atsalar, bütün taxıl alışıb yanacaq, məhv olacaq, onu təcili yığmaq lazımdır. Gözümüzü dikdiyimiz yeganə çörək mənbəyimiz o taxıldır, onu da yığmağa kombayn vermirlər. Bu gün də Quzanlıda olmuşuq, «Aqrolizinq»in işçiləri ilə görüşmüşük. Yenə deyiblər, gedin, sabah kombayn göndərəcəyik. Hazırda kənddə 80 faiz taxıl yığımı dayanıb».

FİLİAL RƏHBƏRİ NƏ DEYİR?

«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin «Ağdam Aqroservis» filialının müdiri Rafil Hətəmov deyir ki, filialın 10 kombaynı var, rayonda isə 8-10 min hektar ərazidə taxıl biçimi aparılmalıdır. Texnika yetmir:

- Düzdür, biz dediyiniz əraziyə bir kombayn vermişdik, ancaq mühərriki xarab olduğuna görə təmirə dayanıb. Sabah səhər ora kombaynla təmin olunacaq.
Foto: Arxiv
Foto: Arxiv

- Ancaq kəndlilər deyirlər ki, o boyda sahələr üçün bir kombayn kifayət etmir.

- Respublikada kombayn qıtlığı var. Taxıl bol, bizimsə kombaynımız 10 ədəddir. Bu il də, maşallah olsun, məhsul boldur, kombaynlar gecə-gündüz sahələrdədir.

- 5 kombaynın da filialın həyətində təmirə dayandığı bildirilir.

- Onlar Çin istehsalı olan kombaynlardır. Düyü biçimi üçündür. Mülkiyyətçilər həmin kombayna görə müraciət etməyiblər.

TEXNİKA ÇATIŞMIR

Kombayn qıtlığı Şamaxının Quşçu kəndində də narazılıq yaradıb. Kənd sakini Zahir Məmmədov deyir ki, rayon icra hakimiyyətinə müraciət edəndə onları «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinə istiqamətləndirirlər.

«Aqrolizinq»də isə kəndlilərə texnika çatışmazlığı səbəb gətirilir.

Zahir Məmmədov:

«Əmlak torpaqlarında əkdiyimiz məhsullar zay olub gedir. Qışlaq sahələrində taxıl yığımının ən qızğın vaxtıdır, kombayn axtarırıq, tapmırıq. Deyirlər filan yerdə var, get ordan istə. Gedirik, əliboş qayıdırıq».

Foto: Arxiv
Foto: Arxiv
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin «Şamaxı Aqroservis» filialının müdiri Asif Hüseynov deyir ki, taxıl yığımı hər il növbəli qaydada həyata keçirilir. Ancaq isti havaların tez düşməsi məhsulun da vaxtından əvvəl yetişməsinə səbəb olub. İkitərəfli məhsul yığımına isə texniki imkan yoxdur.

«KÖHNƏDİR, SINIR, 3-4-Ü TƏMİRƏ DAYANIB»

Asif Hüseynov:

- Ancaq bununla belə tezliklə kəndlilərin məhsul yığımının sürətləndirilməsi üçün sahələri kombaynla təmin edəcəyik.

- Texnika tələbatı ödəyir?

- Bizdə çox texnika yoxdur, köhnədir, sınır, 3-4-ü təmirə dayanıb. Texnika qıtlığı var.

Kəndlilər ümidlərini filial rəhbərlərinə bağlayıblar ki, nə zəhmətləri hədər getməsin, nə də yetişdirdikləri məhsul. «Aqroservis» filiallarının rəhbərləri də kəndliləri arxayın edir ki, taxıl yığımları üçün kombayn əsirgəməyəcəklər.
XS
SM
MD
LG