Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:14

Metroda qatarın qapısını saxlamağa görə 50 manat cərimə


Foto: Arxiv
Foto: Arxiv
İyunun 29-da Bakı Metropolitenindən istifadə qaydalarının pozulması ilə bağlı cərimələr müəyyən olunub. Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər etməsi ilə, məsələn, metroda vaqonların qapısına mane olanlar 50 manat cərimələnəcək.

TAĞI ƏHMƏDOV: «BİZ TƏKLİF VERMƏMİŞİK»

Bu dəyişikliklər barədə metropoliten rəisi Tağı Əhmədov da internet portallarından xəbər tutduğunu deyir:

«Bizə hələ heç bir sənəd göndərilməyib. Və gələcəkdə onun (cərimənin –red.) yığılma metodu da göstərilməyib. Yığılıb hara göndəriləcək, o da göstərilməyib. Hələ heç nə yoxdur. Biz qətiyyən təklif verməmişik. Əvvəlkiləri götürüblər. Dəmiryolundan nə varsa, onları tətbiq ediblər. Bizə onun heç bir aidiyyəti yoxdur. Çünki təklif olanda, onda bizdə gərək qiymət fərqli olsun, dəmiryolunda fərqli, başqasında fərqli».

Metropolitendə tətbiq olunacaq cərimələrdən Bakı sakinləri də xəbərsizdirlər. Bu cərimələr kiminin ürəyindən xəbər verdisə də, cərimənin məbləği təəccübə də səbəb oldu:

«QANUNLA YANAŞI, XİDMƏT DƏ DƏYİŞSİN»

Metrodan gün ərzində bir neçə dəfə istifadə etdiyini deyən Olcay Bayramov qanuna dəyişiklikləri müsbət qiymətləndirir. Lakin o, metronun xidmətində də dəyişikliklər görmək istədiyini deyir:

«Qadağandırsa, qaydaya riayət etmək lazımdır. Qapını saxlamağa gəlincə... axşam saat 9 radələrində sonra qatarlar çox gec gəlir və axın daha çoxdur metroya.
Bakı metrosu
Bakı metrosu
Bunu nəzərə almaq olar və qatarları daha tez-tez göndərmək olar. Sadəcə, qapını saxlamağın da həddi var. Bizdə adamlar var, qapını iki dəqiqə saxlayıb tək özünü yox, başqalarını da keçirdir. Mən isə düşünürəm ki, növbəti qatar gələcək, onu gözləmək olar».

Sərnişin Alparslan Süleymanlının fikrincə, qatarın qapısını saxlamağa görə kimin necə cəzalandırılacağı anlaşılmır:

«QATARLARI ÇOXALTSALAR, BUNA EHTİYAC QALMAZ»

«Bir az naməlumdur qanunun tətbiqi. Daha dəqiq bir şey olsa, yaxşı olar. Qatarları daha çox eləsələr, daha keyfiyyətli olsa, heç ona da ehtiyac olmaz. Hərdən 10 dəqiqədən də çox gözləməli olursan qatarı. Qatarlar tez-tez gəlməlidirlər. Qatarın qapısını saxlamağa gətirən səbəb aradan qalxsın, lap yaxşı olar».

Qanuna edilən dəyişikliklərə əsasən, metro stansiyalarını, eskalator və vaqonları zibilləməyə və ya həmin obyektlərin üzərində yazı yazmağa görə 10 manat cərimə müəyyən olunub. Zərurət olmadan sərnişin-maşinist rabitəsindən istifadə edənlər isə 10 manat cərimə ödəyəcəklər.

Vaqonlarda, stansiyada, platformada siqaret çəkməyə görə 50 manat cərimə oluna bilərsiz.

Zöhrab İsmayıl
Zöhrab İsmayıl
İcazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədiciləri qoşulmasına görə cərimə də 70 manat müəyyənləşdirilib.

«GƏLİRLƏRLƏ MÜQAYİSƏDƏ CƏRİMƏ BÖYÜKDÜR»

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayıl təhlükəsizlik və nizam-intizam baxımından bu cərimələrə müsbət yanaşır:

«Sadəcə olaraq cərimələr çox yüksəkdir. Ölkədəki gəlirlərlə müqayisədə bu cərimələr böyükdür. Amma ümumiyyətlə, qaydaların yaradılması üçün bəzən cərimələr faydalı olur».

Bakı Metropoliteninin tariflərində də dəyişikliklərin tətbiq olunmasından heç bir il keçməyib. Ötən ilin dekabrında gedişhaqqı 33% bahalaşıb 20 qəpiyə qalxmışdı. Metroda bu bahalanma üçüncü dəfə idi. Rəsmilər tariflərin qaldırılmasını Bakıda bu xidmətin ucuz olması ilə izah edirlər.
XS
SM
MD
LG