Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:25

Plagiat dərsliklərlə bağlı monitorinq keçiriləcək


Məleykə Abbaszadə
Məleykə Abbaszadə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) plagiat orta məktəb dərslikləri ilə bağlı monitorinqlər keçirəcək. Bu barədə APA-ya müsahibəsində TQDK sədri Məleykə Abbaszadə orta məktəb dərslikləri arasında Rusiya nəşrlərindən köçürmələrin olması ilə bağlı suala cavab verərkən bildirib.

O deyib ki, TQDK-nın indiyədək apardığı araşdırmalar zamanı da orta məktəb dərsliklərində müəyyən fənlərlə və müəyyən hissələrlə əlaqədar plagiat aşkar olunub: «Biz bunu müəlliflərə deyirdik, müəlliflər etiraf etmirlər. Biz nəyi təkrar edirik? Plagiat olmasın deyə, müəllif gərək yazsın ki, bu mətn filan dərslikdən və ya ədəbiyyatdan götürülüb. İnsan olduğundan gözəl görünə bilər. Amma özünü olduğundan ağıllı, olduğundan alim göstərmək gülməlidir. İnsanın zəkasında nəyi varsa var, yoxdursa yoxdur. Biz məqsəd qoymuruq ki, plagiatı aşkar edək. Çünki bununla əlaqədar xüsusi dövlət qurumu, Müəllif Hüquqları Agentliyi var. Amma elmdə plagiat ayıb və gülməli bir işdir. Müəyyən məşhur alimlərin məşhur dərslikləri var. Müəyyən dərsliklər var ki, onların üzərində işləyib yenidən təqdim etmək olar. Müəyyən klassik dərsliklər var ki, onların üzərində işləmək lazım deyil, çünki onları bundan yaxşı yazmaq mümkün deyil. Onları sadəcə Azərbaycan dilinə tərcümə etmək lazımdır. Monitorinq komissiyası orta məktəb dərslikləri ilə əlaqədar işləyəcək. Təbii ki, dərsliklərdəki plagiat faktları ilə əlaqədar məsələləri qaldıracağıq. Tam plagiat dərsliklərlə əlaqədar biz müvafiq agentliyə müraciət edəcəyik».

TQDK sədri bu günlərdə mətbuatda Təhsil Nazirliyinin şöbə müdiri Təranə Hacıyevanın «Pedaqoji testlərin nəzəriyyə və praktikasına giriş» adlı dərsliyinin də plagiat olması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: «Bu dərslik deyil, monoqrafiyadır, metodiki vəsaitdir. Onun tamamilə plagiat olduğu ictimaiyyətə məlum oldu, bizə isə çoxdan məlum idi. Mən nə deyə bilərəm, ictimaiyyət özü bu fakta qiymət versin. Bu faktı konkret sahə üzrə özünü mütəxəssis kimi təsdiq etmək üçün əsassız ambisiya hesab etmək olar».

İMTAHAN APARILAN DƏRSLİKLƏRİN MONİTORİNQİNİ KEÇİRİR

M. Abbaszadə deyib ki, ölkə prezidentinin sərəncamı ilə orta məktəblərdə dərsliklərin monitorinqinin keçirilməsi də TQDK-ya həvalə edilib. Dərsliklərin monitorinqi ilə əlaqədar artıq TQDK-da ayrıca bölmə yaradılıb: «Biz öz təkliflərimizi Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya vermişik ki, onlar həmin şöbələrin vakant yerlərinə qəbul elan etsinlər. Bu yaxınlarda mən həmin şöbəyə müdir təyin etməyi planlaşdırıram. Amma bu şöbənin işi sentyabrdan başlayacaq. İlk əvvəl dərsliklərin monitorinqi qaydaları, hüquqi normativ baza hazırlanacaq. Biz bu qaydaları Ədliyyə Nazirliyinə göndərib qeydiyyata salacağıq. Hazırda istifadə olunan dərsliklərin monitorinqini biz həmişə aparırdıq. Çünki dərsliklərdə olan məzmun imtahanın məzmununa çox böyük təsir göstərirdi. Amma eyni zamanda monitorinq qaydaları yeni dərsliklərə, didaktik, metodik vəsaitlərə də aid olacaq. İndiyədək ancaq imtahan aparılan dərsliklərin monitorinqini keçirirdik, amma indi bütün fənlər üzrə, o cümlədən I-IV siniflərin dərsliklərinin də monitorinqi aparılacaq. Bu müddət ərzində bir çox görkəmli alimlərlə söhbətim olub. Yeni kurrikulum və dərsliklərlə əlaqədar onların da fikirləri mənə çox vacib idi. Xüsusən də Azərbaycan dilinin tədrisi ilə əlaqədar nöqsanları aradan götürmək üçün müzakirələrə ehtiyac var».
XS
SM
MD
LG