Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:01

Müxalifət liderlərinin İlham Əliyevin çıxışına reaksiyası


Müxalifət liderləri İlham Əliyevin ittihamları ilə razılaşmır
Gözlə

No media source currently available

0:00 0:05:10 0:00
Direct-ə keçid

Müxalifət liderləri İlham Əliyevin ittihamları ilə razılaşmır

«Hacıbala Abutalıbov müxalifətə müraciət etsin və onları 20-ci Sahəyə dəvət etsin. «Eurovision» növbəti dəfə nə vaxt Azərbaycanda keçiriləcək, bilinmir. Yəni, biz o qədər gözləyə bilmərik» .

Bunu iyulun 11-də Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib. Prezident bildirib ki, müxalifət üçün ən məqbul yer 20-ci Sahədir və özləri də öz xoşu ilə 20-ci Sahədə çox sakit şəkildə 3 mitinq keçiriblər. «Heç kim onlara dəymədi. Amma görəndə ki, hər dəfə oraya gələn insanların sayı azalır, yeni taktikaya əl atdılar. Şəhərin mərkəzində qanunsuz piket, ya mitinq keçirməklə xarici mətbuatın diqqətini cəlb etməyə çalışıblar».

İlham Əliyev
İlham Əliyev
İlham Əliyevin fikrincə bu, sırf təxribat xarakteri daşıyan addım olub. Prezident «Eurovision»dan sonra o piketlərin, mitinqlərin keçirilməməsini də bununla əlaqələndirib.

«Bu, nə qədər gülməli olsa da, bir o qədər də acınacaqlıdır. Çünki doğrudan da öz xalqına, öz millətinə, öz dövlətinə bu qədər mənfi münasibət bəsləyən insanlara bir ad vermək olar – milli satqınlar, xəyanətkarlar və antimilli qüvvələr. Ancaq bütün bu cəhdlərə və bizə qarşı bu çirkin kampaniyaya baxmayaraq, yenə də biz qalib gəldik - Azərbaycan dövləti, Azərbaycan xalqı qalib gəldi. Çünki biz güclüyük. Bizim gücümüz xalqın dəstəyidir və biz haqlıyıq. Haqlı qüvvə qalib gələndə o zaman ədalət zəfər çalır və əminəm ki, biz bundan sonra da həmişə qalib gələcəyik!»

ÇIXILMAZLIĞIN TƏZAHÜRÜ

Müsavat başqanı İsa Qəmbər prezident İlham Əliyevin fikirlərinə münasibət bildirərkən deyib ki, bu, indiki rejimin vətəndaş cəmiyyətinə, demokratik qüvvələrə münasibətinin aydın təzahürüdür. Onun sözlərinə görə, hakimiyyətdə olduğu illərdə İlham Əliyev dəfələrlə müxalifəti «vətən xaini» və sair ittihamlarla «mükafatlandırıb». İndiki mərhələdə isə bu, İlham Əliyevin özünün və hakimiyyətinin vəziyyətinin çıxılmazlığını dərk etməsinin təzahürüdür:

İsa Qəmbər
İsa Qəmbər
«İlham Əliyev anlayır ki, baş verənlər, dünya miqyasında və Azərbaycanda gedən proseslər hakim dairələrdə çox narahatlıqla izlənilir. O növbəti dəfə belə ağır ittihamlarla çıxış etməklə öz ətrafına mesaj vermək istəyir ki, narahat olmayın, heç nə dəyişmir və dəyişməyəcək. Hər şey əvvəlki kimi olacaq. Ancaq bu, həqiqətə uyğun deyil» .

YENİ QANUNLAR DÜNYA MEDİASINDA

İsa Qəmbər fikrini əsaslandırmaq üçün diqqəti bu yaxınlarda qəbul olunan sabiq prezidentlər və onların ailə üzvlərinin təminatını nəzərdə tutan Konstitusiya qanununa yönəldib deyir ki, əslində həmin qanun İlham Əliyevin özünün təminatı üçün nəzərdə tutulub. Onun sözlərinə görə, bunun belə olduğu bir sıra nüfuzlu xarici media orqanlarında - «Associated Press», «Washington Post»da qeyd olunub. Ona görə də İlham Əliyevin nə deməsindən asılı olmayaraq İsa Qəmbər Azərbaycanda köklü demokratik dəyişikliklər uğrunda mübarizəni davam etdirəcəklərini və bu fəaliyyətin uğurla nəticələnəcəyinə əmin olduğunu bildirir.

ƏLİ KƏRİMLİ: « ONA GÖRƏ İLHAM ƏLİYEV BİZİNLƏ HEÇ VAXT DEBATA ÇIXMIR»

AXCP sədri Əli Kərimli isə prezidentin dediklərini sadəlövh adamlara ünvanlanmış məntiqdən kənar, monoloq xarakterli çıxış adlandırır. O təəssüf edir ki, Azərbaycanı qanunsuz da olsa idarə edən insan bu şəkildə danışmağı özünə rəva bilir. Deyir İlham Əliyevin məntiqi ilə yanaşılsa, onda bəs 2011-ci ilin mitinqləri nədən ötrü idi? Onda ki, ölkədə «Eurovision» keçirilmirdi.

Əli Kərimli
Əli Kərimli
«Ona görə İlham Əliyev bizimlə heç vaxt debata çıxmır. Çünki debat olsa, anındaca cavabı verilər ki, bu mitinqlər bizim nə birinci, nə də axırıncı aksiyalarımız deyildi. Azərbaycan müxalifətinə qarşı onun seçdiyi leksikona gəlincə, səbri çatmadı ki, başladığı oyunu heç olmasa axıra çatdırsın. Guya cəmiyyətlə, müxalifətlə dialoq başladırdı. Nə oldu bəs? Dialoq başlar-başlamaz bütün opponentlərini aşağılayan, arqumentsiz, cəfəng fikirlər səsləndirdi. Əlbəttə ki, bu gün Azərbaycanı idarə edənlərin vətənpərvərlikdən danışmağa haqları yoxdur. Bu adam bizi satqınlıqda necə ittiham edə bilər ki, Qarabağ savaşı boyunca Azərbaycana gələ bilməyib. Atası dövlət başçısı olanda 33 batalyonu tərxis edib və Azərbaycanın 6 rayonunun işğalına şərait yaradıb. İndi də bizimlə bu şəkildə soyuq savaş apardığı halda həftədə bir erməni liderləri ilə isti münasibətli görüşlər keçirir».

AVTORİTAR LİDERLƏRİN BƏNZƏR ÇIXIŞLARI

Əli Kərimli deyir ki, bütün avtoritar liderlərin özləri kimi çıxışları da bir birinə bənzəyir. Hamısı beləcə uçuruma doğru addımlayırlar. Müxalifət dəfələrlə mitinqlər keçirib və bundan sonra da aksiyalar davam edəcək. Bunun «Eurovision»a aidiyyatı yoxdur.

Onun sözlərinə görə, prezidentin çıxış etdiyi müşavirədən bir neçə saat əvvəl İP növbəti mitinqlərə hazırlıq məsələsini müzakirə edib və artıq qərar verilib. Payızda yenə də aksiyalar olacaq.

İctimai Palatanın 21 may piketi
İctimai Palatanın 21 may piketi
İyulun 11-də Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Bu il aprelin 8-də və 22-də İctimai Palata 20-ci sahə deyilən yerdə - Bibiheybət qəsəbəsindəki sürücülük məktəbinin təlim meydançasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış iki mitinq keçirib. İP aksiya üçün Bakıda 3 məkandan birini – Nərimanov və Təbriz kinoteatrlarının qarşısı və ya metronun «Azadlıq» stansiyasının yaxınlığındakı parkı istəsə də BŞİH mitinq keçirməyə 20-ci sahəni münasib bilmişdi. Mitinq günü şəhərin mərkəzindən həmin istiqamətə işləyən avtobuslar xətdən çıxarılsa da Nəqliyyat Nazirliyi belə bir göstəriş olmadığını bildirib. İP bu səbəbdən növbəti aksiyanı həmin yerdə keçirməkdən imtina edib və sonradan şəhərin mərkəzində bir neçə dəfə razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

«PREZİDENTİN ÇIXIŞI İQTİDAR-MÜXALİFƏT DİALOQUNA MANE OLMAMALIDIR»

ADP sədri Sərdar Cəlaloğlu isə deyir ki, iqtidar «Eurovision»la bağlı siyasi divident əldə etmək istəyirdi. Azərbaycan müxalifəti də bu dividenti hakimiyyətin asanlıqla götürməsinə imkan verməyib. Bu baxımdan, Sərdar Cəlaloğlu prezidentin çıxışının revanş xarakterli olduğunu düşünür və bunu təbii sayır:

«Hər halda «Eurovision»la bağlı bu qədər təpkilər alanda sonra iqtidar da nəsə bir reaksiya verməlidir. Mənə elə gəlir ki, bu, iqtidar-müxalifət dialoquna mane olmamalıdır. Çünki dialoqun bu məsələyə aidiyyəti yoxdur. Əvvəla bu çıxışda bütün müxalifət ittiham olunmur. İctimai Palata nəzərdə tutulur. Çünki aksiyaları İctimai Palata keçirirdi. İkincisi də, elə məhz bu cür kəskin konfrontasiya olanda, dialoqa ehtiyac yaranır. Dialoq olacaqsa, İctimai Palata həmin dialoqun bir komponenti kimi orada iştirak etməlidir».

Pənah Hüseyn
Pənah Hüseyn
Sərdar Cəlaloğlu hesab edir ki, dövlət başçısının çıxışı bütün körpülərin yandırılması kimi qəbul edilməməlidir:

«Mən bunu emosional çıxış kimi dəyərləndirirəm. Amma bundan çıxış edib Azərbaycanda iqtidar-müxalifət dialoqunun qapısının bağlanması kimi qəbul etmirəm».

«QADDAFI RƏQİBLƏRİNİ SİÇANA BƏNZƏDİRDİ»

İctimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn isə hesab edir ki, inkişaf etmiş cəmiyyətlərdə dövlət və hökumət başçılarından bu cür ifadələr eşidilmir. Onun fikrincə, siyasi müxalifəti milli xəyanətdə ittiham etmək Afrika, ərəb, yaxud Orta Asiya ölkələri səviyyəsində olan cəmiyyətlərə xas xüsusiyyətdir:

«Onların sonunun nə qurtardığını hazırda dünyada baş verən proseslərin fonunda hamı görür. Məsələn, Qaddafi öz opponentlərini siçana bənzədirdi. Sonrası bəllidir... Millətin maraq və mənafelərinə qarşı çıxmaq əslində bu korrupsiyanı yaratmaq, xalqın milli sərvətlərini talamaq, vətəndaşları siyasi repressiyalara məruz qoymaqdır».

Pənah Hüseyn də düşünür ki, prezidentin son çıxışı iqtidar-müxalifət arasında dialoqa xələl gətirməyəcək:

«Çünki belə bir dialoq yoxdur».
XS
SM
MD
LG