Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:37

Mümkün namizədlər qarşıdakı prezident seçkisi ilə bağlı nə düşünürlər?


Mehriban Əliyeva və İlham Əliyev
Mehriban Əliyeva və İlham Əliyev
-
Prezident seçkilərinə təxminən bir il qalır. Rəsmən namizədlərin elan olunmasına hələ xeyli qalsa da, artıq mətbuat səhifələrində mümkün namizədlərin adları hallanmaqdadır. Belə mümkün namizəd kimi mətbuatda adı sonuncu hallanan şəxs isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Ona qədər isə hakimiyyətin namizədləri kimi indiki prezident İlham Əliyevin və bəzi kuluarlarda da onun xanımı Mehriban Əliyevanın adından bəhs edilirdi.

Müxalifət düşərgəsindən isə əsasən mümkün namizəd kimi AXCP sədri Əli Kərimlinin, Müsavat başqanı İsa Qəmbərin, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin adları çəkilir. Bütün bunlarla yanaşı, Ziyalılar Forumundan professor Rafiq Əliyev də prezidentliyə namizəd kimi bəzi dairələrdə adı hallanan fiqurlardandır.

«SƏS OĞURLUQLARININ QARŞISINI ALIB...»

Rafiq Əliyev özü deyir ki, onun belə bir fikri yoxdur. Siyasətdən daha çox elmdə liderliyə üstünlük verir. Digər tərəfdən, o düşünür ki, olmayan şeyi müzakirə etməyə dəyməz. Əvvəl seçki mühiti yaradıb sonra namizədlərdən danışmaq olar:

«Seçki mühiti yoxdursa, ümumiyyətlə bu məsələni qabartmaq lazım deyil. Səs oğurluqlarının qarşısını alıb seçki mühiti yaratmaq lazımdır. Ondan sonra liderlər çıxacaq. Azərbaycanda o qədər ləyaqətli, bacarıqlı insanlar var ki».

«ƏSAS NAMİZƏDLƏR...»

İqtidaryönlü Ana Vətən Partiyasından olan deputat Zahid Oruc isə düşünür ki, ümumilikdə müxalifətin fəaliyyətində keyfiyyət və ideya baxımından heç bir dəyişiklik yoxdur.
Zahid Oruc
Zahid Oruc
O hesab edir ki, bu prezident seçkisində əsas namizədlər İlham Əliyev və bir sıra problemlər olacaq:

«Bu seçkilərdə əsas namizədlər sosial həyatda çatışmazlıqların qalması, məmurların özbaşınalığı, mülkiyyət toxunulmazlığını müqəddəs dəyərə çevirə bilməməyimiz və s. olacaq. Yəni, 2013-cü ilin əsas namizədləri müəyyən problemlər və onların həllini yeni qaydada müəyyənləşdirmiş İlham Əliyevdir. Əminəm ki, prezidentin buna qədərki dövrdə böyük təcrübəsi, mənəvi, siyasi hakimiyyəti, beynəlxalq əlaqələri imkan verəcək ki, o problemlər üzərində qələbəni təmin eləsin».

Z.Oruc bu seçkilərdə Mehriban Əliyevanın adının çəkilməsini də təsadüfi saymır. Deyir, xanım Əliyevanın xarici və daxili siyasətdə dövlətə, eləcə də insanların sosial həyatına verdiyi töhfələr onu yetərincə nüfuz sahibi edib. Z.Oruc deyir ki, M.Əliyevanın fəaliyyəti millətə və dövlətə xidmət nəticəsində meydana gəlib və prezidentin də fəaliyyətinə müsbət təsir göstərib. Onun fikrincə, bu baxımdan M.Əliyevanın lider kimi dəyərləndirilməsi də məntiqlidir.

Z.Oruca görə, seçkilərə lap az qalmış namizədlər sırası bir qədər də genişlənəcək və bu, yaxşı haldır. Amma o inanmır ki, müxalifət bu məsələdə vahid namizəd ideyasını gerçəkləşdirə biləcək. Deyir, nə Əli Kərimli, nə də İsa Qəmbər digəri üçün öz imkanlarını sərf etmək istəyəcək.
Əli Kərimli
Əli Kərimli

«DİQQƏT NAMİZƏDLƏRƏ YOX, MÜHİTƏ YÖNƏLMƏLİDİR»

AXCP sədri Əli Kərimli isə deyir ki, 2008-2010-cu illərdən sonra Azərbaycanda artıq demokratik seçkilərin imitasiyasından da imtina olunub. Ona görə də, ilk növbədə ölkədə həqiqi seçki mühiti yaratmağa çalışmaq lazımdır:

«Bir ölkədə 70-ə yaxın siyasi məhbus varsa, sərbəst toplaşma azadlığı yoxdursa, seçki komissiyaları əsasən dəfələrlə seçki cinayəti işləmiş insanlardan təşkil olunubsa, belə şəraitdə seçkilərdə kimin namizəd olması çox önəmli deyil. Ona görə də, şəxsən mən diqqəti namizədlik məsələsinə yönəltməkdənsə, bütün namizədləri seçkiqabağı mühiti dəyişmək uğrunda mübarizəyə çağırardım».

Ə.Kərimli deyir ki, ilk növbədə əl ələ verib xalqın mandat vermək şəraitini yaratmaq lazımdır. Sonra onun həqiqi mandatı uğrunda mübarizə aparmaq olar.

«MƏN İŞTİRAK ETDİYİM SEÇKİLƏRDƏ HAKİMİYYƏT O CÜR SAXTAKARLIQ EDƏ BİLMƏZ»

Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev isə iqtidar düşərgəsindən namizədlərin sayının artmasını ciddi qəbul etmir. Deyir ki, 2009-cu ildə referendum yolu ilə konstitusiyaya edilən dəyişiklik məhz İlham Əliyevin bu seçkilərdə iştirakına şərait yaratmaq üçün idi.
Rəsul Quliyev
Rəsul Quliyev
Onun fikrincə, 2013-cü ilin prezident seçkisində iqtidarın namizədi sözsüz ki, İlham Əliyev olacaq və o, 82-85 faiz səslə qalib gələcək. Rəsul Quliyev deyir ki, hakimiyyətin seçkilərlə bağlı proqramı belədir:

«Mənim bu seçkilərdə iştirakım əvvəlcədən hakimiyyətə bir xəbərdarlıqdır. Yəni, mən iştirak etdiyim seçkilərdə bu hakimiyyət o cür saxtakarlıq edə bilməz. Bu, mümkün deyil. Ona görə də, bütün gücümü qoyub 2013-cü ilin prezident seçkilərində iştirak etmək niyyətindəyəm».

Rəsul Quliyev deyir ki, onun üçün bu seçkilərdə neçə nəfərin və kimlərin namizəd olmasının fərqi yoxdur. Onun iddiasına görə, Azərbaycanda müəyyən bir seçki mühitinin yaranmasına nail ola bilsə, ya birinci, ya da ikinci turda qalib gələcəyinə kifayət qədər ümidlə yanaşır.

AVROPADA İLK DƏFƏ...

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin Rəhbəri Anar Məmmədli isə düşünür ki, İlham Əliyevin prezidentliyə üçüncü dəfə namizəd olması həm cəmiyyətdə, həm də beynəlxalq aləmdə birmənalı qarşılanmayacaq.
Anar Məmmədli
Anar Məmmədli
A.Məmmədli deyir ki, İ.Əliyevin iştirak etdiyi əvvəlki iki seçkilər ciddi qanun pozuntuları ilə baş tutub. Ekspertin fikrincə, İ.Əliyevin növbəti qələbəsi yalnız o halda avtoritar, ədalətsiz qələbə kimi yozulmayacaq ki, Azərbaycanda doğrudan da çox ciddi, azad seçki mühiti yaradılacaq:

«Ancaq indiki halda Azərbaycanda keçiriləcək seçkilərlə bağlı ürəkaçan ovqatda ola bilmərik. Ən azı ona görə ki, bu gün ölkədə seçkilər üçün minimum şərtlər-yəni siyasi azadlıqlar, ifadə azadlığı və digər məsələlər çox aşağı səviyyədədir».

A.Məmmədli şübhə etmir ki, müxalif liderlərin 2013-cü il seçkilərinə hazırlığı çox ciddi repressiyalarla müşahidə olunacaq. O xatırladır ki, Azərbaycan Avropa Şurasının üzvü olan yeganə post-sovet ölkəsidir ki, orada bir nəfər ardıcıl üçüncü dəfə ölkənin prezidenti olacaq. Əlbəttə ki, bu, baş verəcəksə.
XS
SM
MD
LG