Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:51

«İşləmişəm, pulumu verin»


Bakıda karxana, 4 mart 2009
Bakıda karxana, 4 mart 2009
-
Qobustan sakinləri Kərəməli ŞəkərovHüseyn Ağayev «Qaynar xətt»ə Qaradağdakı «Şahdağ» daş karxanasında iki həftəyə yaxın fəhlə işlədiklərini və əmək haqları ödənilmədən işdən qovulduqlarını deyirlər.

Kərəməli Şəkərov deyir ki, onları işə götürən şəxsdən əmək müqaviləsi bağlamasını tələb etməkləri rəhbərliyin xoşuna gəlməyib:

«Karxanada işləmişik. Həmin karxananı icarəyə götürən Ələkbər Cəfərovdan bizimlə əmək müqaviləsi bağlamasını tələb edəndə isə, işlədiyimiz günlərin əmək haqlarını verməyərək bizi işdən qovub. Şəxsən mənə bu günə qədər də 550 manat borcu var. Ancaq tək mən deyiləm, mənim kimi 10-dan artıq adam var ki, pulunu ala bilmir».

Hüseyn Ağayev:

«Mən orda eyni vaxtda 2 qaldırıcı kran işlədirdim, texnikanın təmiri, elektrik işlərinə də mən baxırdım. Hər iş günümə 86 manat düşürdü, ala bilmədim».

TƏLƏBLƏRİNDƏ HAQSIZDIRLAR?

Karxananı işlədən Ələkbər Cəfərov isə deyir ki, həmin adamlar bir müddət əvvəl polisə də şikayət ediblər:

«Karxanada itirdikləri günlərinə görə onlara ödənilən pulların sənədlərini polisə təqdim etdik. Araşdırıldı, məlum oldu ki, adamlar tələblərində haqsızdılar. Karyerin rəhbəri var, gəldi, tələb etdi ki, bu adamlarla əmək müqaviləsi bağlansın, mən də onun tələbini onlara çatdırdım. Sənədlərini gətirməli idilər, müqavilə bağlanmalı idi, gətirmədiklərinə görə onlarla müqaviləsiz işləmək istəmədik».
Xalid Bağırov
Xalid Bağırov

Ancaq şikayətçilər deyirlər ki, polisə təqdim olunan sənədlər satılan daşların qaimələri olub. Keçmiş fəhlələr itirdikləri günlərə görə onlara pul ödənilməsini inkar edirlər.

MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏ BİLƏRLƏR

Hüquqşünas Xalid Bağırov deyir ki, fəhlələr əmək müqaviləsi olmadan onları işə götürmüş şəxsin hərəkətlərindən Əmək Müfəttişliyinə və başqa dövlət orqanlarına, həmçinin məhkəməyə müraciət edə bilərlər. Ancaq bunun üçün kifayət qədər sübutları olmalıdır:

«İşçi ya əmək müqaviləsi əsasında işə götürülür, ya da sınaq müddətinə. Bunlar fəhlə işləyiblər, fəhlə ixtisaslaşdırılmış peşə, vəzifə olmadığına görə onların sınaq müddətinə işə götürülmələrindən söhbət gedə bilməz. Onlar birbaşa işə götürülüblər. Nəinki bir həftəliyə, hətta bir günlüyə işə götürülənlə də əmək müqaviləsi bağlanmalı, münasibətlər rəsmiləşdirilməli idi. Bu hərəkətsizlik işəgötürən üçün İnzibati Xətalar Məcəlləsində və digər qanunvericiliklərdə məsuliyyət nəzərdə tutur. Əlbəttə ki, bunun üçün məhkəməyə müraciət olunmalı, ən əsası isə fəhlələr məhkəmədə həmin karxanada işlədiklərini sübuta yetirməlidirlər. Bu sübutlar isə fəhlələrin karxanada əmək funksiyalarını yerinə yetirərkən çəkilmiş fotoları, videogörüntüləri və iş yoldaşlarının şahidliyi ola bilər».
XS
SM
MD
LG