Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:58

1 milyonluq mükafatdan imtina edən alim haqda film çəkiləcək


Qrigori Perelman
Qrigori Perelman
-

"Siz mənə mane olursuz, mən göbələk yığıram".

Rus jurnalistlərdən biri 1 milyon dollarlıq mükafatdan imtina etmiş guşənişin alimin telefonunu böyük çətinliklə tapıb ona zəng edəndə belə cavab eşitmişdi.

Qriqori Perelman 1 əsrlik riyazi problemi həll etdiyi üçün layiq görüldüyü mükafatdan imtina edəndən sonra mediadan qaçırdı.

Deyirdi ki, “məni var-dövlət və şan-şöhrət maraqlandırmır, mən zooparkdakı heyvanlar kimi ekranlarda görünmək istəmirəm”.

Amma nəhayət ki onu ekranlara çıxmağa razı salmaq mümkün olub.

Perelman barədə Hollivudda film çəkiləcək. Rejissor “Avatar” və “Titanik” kimi filmləri çəkmiş amerikalı James Camerondur.

İsrailli prodüser Aleksandr Zabrovsky deyir ki, Perelmanı bu layihəyə cəlb etmək üçün düz 3 il vaxt sərf edib.

Daha sonra prodüser bu məsələdə entuziazm nümayiş etdirən Camerona ideyası barədə danışıb.

Perelman rolunu ifa edəcək professional aktyorun adı hələ ki çəkilmir. Filmin çəkilişləri ABŞ-da aparılacaq. Alim onun barəsində çəkilən filmdə epizodik görünəcək.

Perelman 2006-cı ildən sonra – topologiyanın böyük əhəmiyyət daşıyan və açıq qalan problemini həll etdikdən sonra beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gəlib. O, 1904-cü ildə fransız riyaziyyatçısı Henri Poincaré tərəfindən ortaya atılan hipotezi sübut edib.

Bunun nəticəsində Perelman mükafatlandırılıb. Alim mükafatdan imtina etməklə bütün riyaziyyat ictimaiyyətinin heyrətinə səbəb olub, dünyada isə xeyli şöhrət qazanıb.

Puankare riyazi məsələsi Minilliyin 7 problemindən biri idi ki, onu həll edəni 1 milyon dollar mükafat gözləyirdi. Bu 7 problemdən həll olunmuşu hələ ki yalnız Puankare məsələsidir.

Qriqori Perelman 1966-cı ilin 13 iyununda Leninqrad (indiki Sankt Peterburq) şəhərində anadan olub. Onun yəhudi valideynləri hazırda İsraildə yaşayırlar. Qriqorinin riyazi istedadı 10 yaşında bəlli olub və anası onu Sergei Rukşinin riyaziyyat məktəbinə göndərib.

O, riyaziyyat təhsilini fizika-riyaziyyat elmləri üzrə ixtisaslaşan 239 saylı Leninqrad Məktəbində davam etdirib.

Qriqori bədən tərbiyəsi dərsi xaric, bütün fənləri əla oxuyub.

1982-ci ildə orta məktəb şagirdləri arasında keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında Sovetlər Birliyi komandasının üzvü kimi yüksək nəticə göstərməklə qızıl medal əldə edib.

1980-ci illərin sonunda Perelman keçmiş Sovet məkanının aparıcı universitetlərindən sayılan Leninqrad Dövlət Universitetinin Riyaziyyat və Mexanika Məktəbində elmlər namizədi dərəcəsini qazanıb.

Daha sonra Perelman SSRİ Elmlər Akademiyasının Steklov Riyaziyyat İnstitutunun Leninqrad şöbəsində işləməyə başlayır. Burda Aleksandr Aleksandrov və Yuri Buraqo onun məsləhətçiləri olub.

Ona ABŞ-ın nüfuzlu universitetlərindən iş təklifləri edilsə də, o, bütün təkliflərə rədd cavabı verib.

oxuzali.az
XS
SM
MD
LG