Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:52

Qubada qolf klubu kimin üçün tikilir?


“Nə? Qolf...?”

“Qolf nədir?”

“Yox. Vaxtım yoxdur”.

“İstəyərdim. Amma vaxt və imkan yoxdu”.

“Qolf nədir? Hə.. hə bildim... Məndən qolf oynayan çıxar?”

Bakının mərkəzində AzadlıqRadiosunun “qolf oynamaq istərdizmi?” sualına cavablar əsasən belə oldu. Söhbətləşdiyimiz Bakı sakinlərinin əksəriyyəti idmanın qolf növündən xəbərsiz olsa da, Bakıdan şimalda müasir qolf klubu tikilir.

Bir neçə milyona başa gələcək qolf sahəsinin oktyabrın 31-də tamamlanacağı gözlənilir.

Bu klub həm də Azərbaycan Qolf Federasiyasının (AQF) baş ofisi olacaq. Bu ilin əvvəlində yaradılan federasiyanın prezidenti nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

“BÖYÜK SÖVDƏLƏŞMƏLƏRİN 90%-i QOLF SAHƏLƏRİNDƏ ƏLDƏ OLUNUR”

Anar Məmmədov
Anar Məmmədov
Anar Məmmədov müsahibələrinin birində 2012-ci ili Azərbaycanda qolfun yeni idman növü olaraq yaranma tarixi kimi qiymətləndirib. O, qolfa daha çox adamın diqqətini çəkmək üçün ilkin mərhələdə Bakı məktəblərində “SNAG – “Start New At Golf” layihəsinin reallaşdırıldığını bildirib. SNAG qolfun qısa zamanda əyləncəli və maarifləndirici şəkildə maksimum sayda insana təqdim edilməsi layihəsidir. Yeni tədris ilində bu layihə yalnız Bakıda yox, digər şəhər və rayonlarda da icra olunacaq.

Anar Məmmədov qolfun Olimpiya idman növü olmasına baxmayaraq Azərbaycanda “ehtiyatlı” münasibət görməsindən də danışıb:

“Bizim cəmiyyətdə qolfun yalnız elitaların sevimli məşğuliyyəti olması kimi stereotiplər Amerika, Avropa, Avstraliya və Şərqi Asiya ölkələrində aktual deyil. Bu ölkələrdə milyonlarla insan qolf oynayır. Amerikada deyirlər ki, bütün böyük sövdələşmələrin 90 faizi qolf sahələrində əldə edilir”.

Anar Məmmədov qolf mərkəzlərinin digər rayonlarda da açılmasının planlaşdırıldığını əlavə edib. O, 2016-cı il Yay Olimpiya Oyunlarında Azərbaycanın qolf yetirmələrinin ölkəyə qızıl medal gətirmələri üçün qolfun sürətlə inkişaf etdiriləcəyini vurğulayıb.

“MADDİ İMKAN VƏ ASUDƏ VAXT”

İdman şərhçisi Elçin Cəlilov isə Anar Məmmədovun bu proqnozunu 2000-ci ilin əvvəlində Azərbaycanda Olimpiya hərəkatının başlanması ilə bağlı səslənən fikirlərə bənzədir. Deyir ki, Azərbaycanda qolfun inkişafı üçün insanların maddi imkanları düzəlməli, qayğıları azalmalı, asudə vaxtları olmalıdır:

“Qolf qərbdə yaranıb. Zadəganların, elitar şəxslərin məşğul olduğu idman, məşğuliyyət
Elçin Cəlilov
Elçin Cəlilov
növüdür. Kanada, Amerika, Avropanın inkişaf etmiş ölkələrində vətəndaşın maddi və iş imkanları qolfla məşğul olmağa imkan verir ki, qolf inkişaf etsin. Amma Azərbaycanda, məncə, bu mümkün deyil. Qolf klublarından yalnız məmur və imkanlı şəxslər istifadə edə bilər. Bundan başqa, Qubada Olimpiya İdman Kompleksi də inşa olunub. Ancaq ondan sadə insanların istifadə imkanları çox azdır. Məsələn, ayı 25 manat güləş kurslarına getməkdənsə, valideyn bu pulu başqa qayğılarına sərf edir”.

Elçin Cəlilovun fikrincə, qolf klubu kütlə üçün yox, yalnız bir qrup insan üçün nəzərdə tutulub.

“QOLF KLUBU MİLYONLARA BAŞA GƏLİB”

Qolf meydanının tikintisinə xərclənən vəsait isə açıqlanmır. Azərbaycan Qolf Federasiyasının menecerlərindən Dominik Naughton AzadlıqRadiosuna belə deyib.

“Layihə milyonlara başa gəlib. Ancaq sizə açıqlaya bilmərəm”.

Dominik Naughton layihənin bir neçə ildir hazırlandığını deyir.

Sahənin tikintisi bu ilin əvvəlində başlayıb. Qlobal Troon şirkəti gündəlik əməliyyatları idarə edəcək. Sahəni tikən şirkət isə Total Golf Construction-dır.

Layihədə iştirak edən çoxsaylı yerli podratçılardan biri də ZQAN Construction şirkətidir. ZQAN Holding-in başçısı da Anar Məmmədovdur.
XS
SM
MD
LG