Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:35

Əsgər özünü asıb, yoxsa öldürülüb?


Arxiv foto
Arxiv foto
Əsgər valideynləri Cavanşir XudiyevƏləddin İskəndərli «Qaynar xətt»ə şikayət ediblər ki, övladları bu il iyulun 14-də başqa hərbi hissənin əsgəri Pərviz İskəndərlinin ölümünə görə həbs olunublar. Ancaq valideynlər iddia edirlər ki, əsgərin intihar etməsinə səbəb başqa zabitlər tərəfindən incidilməsi olub. Ancaq həmin zabitləri hansısa maraqlarına görə həbsdən kənarda saxlayıb, əvəzinə onların övladlarını və başqa iki əsgəri həbs ediblər.

«ARAŞDIRMIŞIQ, ƏSGƏRİN ÖLÜMÜNDƏ ÖVLADLARIMIZIN GÜNAHI YOXDUR»

Ələddin İskəndərli: «Mən tutulan əsgərlərdən biri Vüsal İskəndərlinin babasıyam. Ölən əsgərin valideynləri də deyirlər ki, bizim uşağımızı zabitlər öldürüb, onlar da araşdırıblar və tutulan əsgərlərin günahsız olduqlarını öyrəniblər. Bizə xəbər verəndə ki, belə bir hadisə olub, getdik hərbi hissəyə, orda bizdən uşaqlarımızın nəyə görə həbs olunduğunu gizlətdilər. Sonra da müstəntiq dedi ki, orda əsgərlər var, onlar ifadə veriblər ki, guya bizim uşaqlarımız həmin əsgəri mütəmadi incidib, onlar da bunu görüblər. Mən də müstəntiqə sual verdim ki, əgər əsgərlər bunu görmüşdülərsə, niyə vaxtında komandirə xəbər vermirdilər?».

Ələddin İskəndərlinin sözlərinə görə, hadisədən bir az əvvəl əsgər Pərviz İskəndərli başqa bir əsgərlə mübahisə edib və döyülüb. Bir zabit də əsgərdən tələb edib ki, onu döyənin adını açıqlasın. Pərviz İskəndərli isə ad çəkməkdən imtina edib. Həmin zabit hərbi hissə komandirinə zəng edərək əsgərin döyülməsi barədə məlumat verib. Komandir də tapşırıb ki, əsgəri onun yanına yollasın: «Əsgər zabitdən ayrılıb ki, komandirin yanına getsin. Bundan sonra əsgərdən xəbər çıxmayıb. Evlərinə zəng vurub bildiriblər ki, əsgər hərbi hissədən qaçıb. Bundan bir az sonra asılmış meyit hərbi hissənin həyətində aşkar olunub».

Cavanşir Xudiyev (sol) və Ələddin İskəndərli (sağ)
Cavanşir Xudiyev (sol) və Ələddin İskəndərli (sağ)
Həbsdə olan əsgər Şahin Xudiyevin atası Cavanşir Xudiyev deyir ki, əgər istintaq bu şəkildə aparılsa, 4 əsgər uzunmüddətli həbsə gedəcək, cinayəti törədənlər isə kənarda qalacaq:

«Əvvəl bizi aldatdılar ki, guya uşaqlarımız hansısa intizam qaydalarını pozduqlarına görə 10 günlük hauptvaxta salıblar. Sonra da xəbər tutduq ki, uşaqlarımızı ölümdə günahlandırırlar. Araşdırdıq ki, bizim uşaqların bu işlə heç bir əlaqəsi yoxdur. Müstəntiq bizi yaxına buraxmır, vəkilimiz yoxdur, uşağımızla görüşə də bilmirik. Dövlət hesabına ayrılmış vəkillərdir, onlardan da dürüst heç nə öyrənə bilmirik. Bu yaxınlarda vəkillə telefonda danışırdım, telefonu verdi nəvəmə, nəvəm ağlayırdı ki, mənim günahım yoxdur, günahsız həbsdəyəm. 1 oğul qəbirə getdi, 4 oğul da elə qəbir kimi yerdədir, o əsgərlərin dördü də günahsızdılar. Əsl cinayətkarlar kənarda gəzir».

«OĞLUMU ÖLDÜRƏNDƏN SONRA ASIBLAR»

Bərdədəki N saylı hərbi hissədə özünü asdığı bildirilən Pərviz İskəndərlinin anası, Gədəbəyin Arıxdam kənd sakini Kifayət İsgəndərli isə mətbuat konfransı keçirərək bildirib ki, oğlu bu il iyulun 13-dən 14-nə keçən gecə hərbi hissədə zabitlər tərəfindən öldürülüb:

«Onu qətlə yetiriblər, cinayət işinin ədalətli araşdırılmasını tələb edirəm. Mənim tək istəyim budur ki, orduda belə hallar bir də təkrarlanmasın və oğlumu öldürənlər tapılıb cəzalandırılsın. Oğlum əsgər gedəndə bizə deyilmişdi ki, orduda əsgərləri döyürlər, işgəncə verirlər. Biz də qorxub əvvəlcə Pərvizi əsgərlikdən saxlamaq istədik. Ancaq bizdən saxlamaq üçün 5 min manat tələb olundu. Kəndli adamıq, çətinliklə dolanırıq, bizdə o qədər pul haradandır? İmkanımız olmadığına görə Pərviz hərbi xidmətə getdi».

İyulun 14-də isə Pərviz İskəndərlinin hərbi hissənin ərazisindəki ağacdan özünü asdığını eşidiblər:

«Pərvizin intihar etməsi qeyri-mümkündür. Boş və hündür ağac olub, hətta ayağının altında «taburetka» qoyulsaydı belə yenə də intihar edə bilməzdi. Biz hesab edirik ki, oğlumu öldürüblər. Bunu deməyə əsasımız var. Onun meyitini əvvəlcə bizə göstərmirdilər. Təkid etdikdən sonra meyiti bizə göstərdilər və dəhşətə gəldim. Balamı vəhşicəsinə döymüşdülər. Bədənində işgəncə, döyülmə əlamətləri var idi. Balam özünü necə asıb ki, onun əli, qolu, boynu, ayağı sındırılmışdı. Təpik zərbələrindən üzündə və başında xəsarət izləri var idi».

«DEYİLƏNLƏR HƏQİQƏTİ ƏKS ETDİRMİR»

Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğundan isə bildirilib ki, İskəndərli Pərviz Cahan oğlunun ölümü ilə bağlı ailəsinin dedikləri həqiqəti əks etdirmir. Hər iki qurumun birgə yaydığı məlumatda deyilir ki, Pərviz İskəndərlinin 14 iyul 2012-ci il tarixdə özünü asaraq öldürməsi faktına görə həmin tarixdə Respublika Hərbi Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, N saylı hərbi hissənin bir neçə əsgəri nizamnamə qaydalarını kobud surətdə pozaraq 2012-ci ilin iyul ayı ərzində əsgər Pərviz İsgəndərlini incitmişlər.

Nəticədə əsgər Pərviz İsgəndərli 14 iyul 2012-ci il tarixdə özünü asaraq öldürüb. Bununla bağlı olaraq əsgərlər Şahin Xudiyevə, Vüsal İskəndərliyə, Vidadi MustafayevəSabir Musayevə 23 iyul 2012-ci il tarixdə CM-nin 182.2.1, 332.3 və digər maddələrində nəzərdə tutulan ittihamlar elan edilib və hərbi məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Məlumatda deyilir ki, hazırda baş vermiş hadisənin bütün hallarının tam, hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir, istintaqın nəticəsindən asılı olaraq obyektiv və qanuni qərarın qəbul edilməsi və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.
XS
SM
MD
LG