Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:04

Əkrəm Əylislidən Siyavuş Novruzova sərt cavab


Əkrəm Əylisli
Əkrəm Əylisli
-

“Elmi dərəcə ziyalılığın göstəricisi deyil. Biri kino çəkəndir, biri nədir... Adam var ki, akademikdir, amma ona ziyalı demək cinayətdir. Amma adam var çobandır, belələrindən daha çox ziyalıdır”.

Bu sözləri YAP icra katibinin müavini Siyavuş Novruzov Ziyalılar Forumu və üzvləri ilə bağlı “Yeni Azərbaycan” qəzetinə müsahibəsində deyib. S.Novruzov bildirib ki, Ziyalılar Forumuna yığışan adamların hamısı öz şəxsi maraqlarını güdürlər:

“Orada vaxtilə Milli Məclis üzvü olmuş şəxslər var. Həmin adam parlamentdə olanda niyə korrupsiyadan danışmırdı? Milli Məclisin stenoqramlarına baxın, bu adam bir dəfə də korrupsiyadan danışmayıb. Amma deputat seçilməyən kimi yadına düşür ki, korrupsiya var, başqa şeylər var. Stenoqramı qaldırıb göstərin ki, parlamentdə bir dəfə seçicilərin hüquqlarından danışıb? İnternetdə axtarış versən, Rafiq Əliyev Neft Akademiyasındakı vəzifəsindən çıxarılmayana kimi onunla bağlı bir sətir belə yazı çıxacaqmı? Axı bu, belə ziyalı, tanınmış xadim idisə, niyə haqqında heç nə yazılmayıb? Amma vəzifədən çıxarılan kimi ziyalı oldu. Azərbaycanın dərdləri, faciələri olanda harada idi? İstənilən birinin adını çəksəniz, şəxsi maraqlarının nədən ibarət olduğunu deyə bilərəm”.

Ziyalılar Forumunun üzvü, tanınmış yazıçı Əkrəm Əylisli presspost.az saytına açıqlamasında S.Novruzovun ziyalıların ünvanına səsləndirdiyi təhqiramiz ifadələri bağışlanmaz və utancverici səhv kimi qiymətləndirib:

“Bu, zəmanənin bağışlanmaz səhvidir. Bu ona oxşayır ki, kimsə Şostakoviçi, Anna Axmatovanı, Zoşşenkonu təhqir edir, onların yaradıcılığına Siyavuş Novruzov kimi dil uzadır. İnsanın ən böyük naqisliyi tarixə onu tədqiq etmədən bu cür münasibət göstərməsidir. Hamıya məlumdur ki, Ziyalılar Forumunda siyasi əqidəsi və təmənnası olmayan insanlar toplaşıb. Bu, ölkədə baş verənlərə öz obyektiv münasibəti sərgiləyən bir qurumdur. Yaxşı olardı ki, Siyavuş Novruzov tarixə, dünənə nəzər salsın. Bilsin ki, ölkənin ayrı-ayrı sahələrində böyük xidmətləri olan ziyalılar haqda belə danışmaq nə ona, nə də mənsub olduğu partiyaya başucalığı gətirir. Kimin kimindənsə narazılığı varsa, bunu səviyyəli şəkildə aparmağı bacarmalıdır”.

Ə.Əylislinin sözlərinə görə, ziyalılara qarşı hücuma keçməyin sonu ancaq məğlubiyyətdir: “Rüstəm İbrahimbəyovun, Cəmil Həsənlinin, Rafiq Əliyevin barəsində xoşagəlməz yazılara şahid oluram. Anlamırlar ki, ziyalılara qarşı şər-böhtan kampaniyası aparmaq heç kimə hörmət gətirmir. Bu barədə ciddi düşünməyin vaxtıdır”.

Yeni Müsavat
XS
SM
MD
LG