Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:08

Dövlət xəstəxanasında 1 gün...


1 saylı Klinik Xəstəxananın Cərrahiyyə şöbəsinin qarşısı
1 saylı Klinik Xəstəxananın Cərrahiyyə şöbəsinin qarşısı
1 saylı Klinik Xəstəxananın Cərrahiyyə şöbəsinin qarşısında təcili yardım maşınları bir-birini əvəz edir. Həmin maşınların sürücülərindən biri deyir ki, axşamlar bura daha çox xəstə gətirirlər, yol qəzaları daha çox olur deyə. Burada xəstələrə təcili yardım göstərilir, ehtiyac olarsa, təcili cərrahiyə əməliyyatı olunurlar.

«ALLAH HEÇ KİMİ BUNLARA MÖHTAC ETMƏSİN»

Səhiyyə Nazirliyinin yaxınlığında yerləşən bu xəstəxananın həyətində bir neçə saat keçirməklə Azərbaycanda səhiyyənin vəziyyətini təsəvvür etmək olar. Əlindəki dərmanı xəstəsinə çatdırmağa tələsən kim, mobil telefonundan yaxınlarına zəng edib müalicəyə təcili pul istəyən kim...

Cərrahiyə şöbəsinin qarşısında bir qadına yaxınlaşıb, xəstəxanada göstərilən tibbi xidmət haqda soruşuram. Əlini yelləyərək, «Allah heç kimi bunlara möhtac etməsin»- deyib sözə başlayır:

«Bizim xəstəmiz yıxılıb. Bir gün 200 manata başa gəlir. Hər şey pulludur. Çox bahalıqdır, çox...»

«Burada hər əməliyyatın öz qiyməti var»
«Burada hər əməliyyatın öz qiyməti var»
Yaxınlaşdığımız digər xəstələr də tibbi xidmətin bahalığından gileylənsələr də danışmaqdan imtina etdilər. Amma gülərək vəd etdilər ki, xəstələrini sağ-salamat çıxarsınlar, ondan sonra nə qədər lazımdır danışacaqlar.

«1200 MANATA ƏMƏLİYYAT»

Səhiyyə Nazirliyi dövlət xəstəxanalarında tibbi yardımın tam ödənişsiz olduğunu bildirir. Amma 1 saylı Klinik Xəstəxananın həyətində söhbətləşdiyimiz xəstələrdən pulsuz tibbi xidmət aldıqlarını söyləyən birinə rast gəlmədik.

Yaxını bu xəstəxanada yatan Mustafa Əhmədov deyir ki, burada hər əməliyyatın öz qiyməti var. Xəstə ödənişi tam, ya da müəyyən bir hissəsini etdikdən sonra əməliyyat olunur:

«Bizim xəstə hələ orta dərəcəli sayılırdı. 15 günə 1500 manat xərcimiz çıxdı. Bir əməliyyat 1200 manata başa gəldi. Hamısı da həkimlə danışılırdı ki, məsələn bunun 100 manatı tibbi bacısı və sanitara, 100 manatı anestezioloqa və digərlərinə, qalanı isə əməliyyat edən həkimə qalacaq».

«HƏKİMLƏR PUL ALMAĞA MƏCBURDUR»

Adının çəkilməməsi şərti ilə danışan anesteziologiya şöbəsinin həkimlərindən biri AzadlıqRadiosuna bildirir ki, həkimlər xəstədən pul almağa məcburdur. Çünki şöbə müdiri də həkimlərdən pul tələb edir:

«Konkret anesteziologiya şöbəsinin həkimləri hər ay şöbə müdirinə 200 manat «haqq» verməlidirlər. Halbuki həkimlərin aylıq əmək haqqı təxminən 150 manatdır. «Haqq» verməyən həkimlər isə əməliyyata buraxılmır, şöbədə onlara müxtəlif formalarda təzyiqlər olunur. Həkimlər bununla bağlı xəstəxananın baş həkiminə şikayət etsələr də heç bir nəticəsi yoxdur. Yeni Azərbaycan Partiyasının adından çıxışlar edən şöbə müdirinə hətta baş həkim də bata bilmir».

«RÜŞVƏT ALANLARI TUTUB APARIRLAR»

Arxiv foto
Arxiv foto
Anesteziologiya şöbəsinin müdiri Fətəli Fətəliyev isə barəsində danışılanları «böhtan» adlandırır. Deyir ki, onun müdiri olduğu şöbədə nə həkimlərdən, nə də xəstələrdən pul istənilir:

«Bizim şöbədə belə bir hadisə heç vaxt baş verməyib. Hüquq-mühafizə orqanları var, biz demokratik ölkədə yaşayırıq. Bu cür hərəkətlərə yol verənləri görürsüz, tutub aparırlar. Mən bir aydır məzuniyyətdəyəm, nə baş verdiyindən xəbərsizəm. Bizim xəstəxana dövlət xəstəxanasıdır, belə hallar baş verə bilərmi?».

«ALLAHA AND OLSUN YALANDIR...»

1 saylı xəstəxananın baş həkiminin müavini Adil Salahov deyir ki, bu xəstəxana tam ödənişsiz fəaliyyət göstərir. O ki, qaldı xəstələr üçün dərmanların alınmasına, Adil Salahovun sözlərinə görə, alınan dərmanlar pulsuz verilən dərmanların siyahısında olmayanlardır:

«Elə xəstəlik var ki, bizim üçün ayrılan dərmanların içərisində adı yoxdur. Səhiyyə Nazirliyi insan həyatı üçün əhəmiyyətli dərmanların siyahısını bizə təqdim edib. Orada adı olmayan dərmanlar alınır. O ki qaldı xəstələrdən hər hansı pulun alınmasına, bizim xəstəxana ödənişsizdir. İndi hansısa xəstə həkimə könüllü hörmət edirsə, mən bununla bağlı heç nə deyə bilmərəm. Amma məcburi pul alınması yalan söhbətdir. Bunu sizə deyənləri göndərin mənim yanıma».

Şöbə müdirinin həkimlərdən pul alması məsələsinə isə Adil Salahovun münasibəti belə oldu:

«Allaha and olsun yalandır. Bu sözü sizə deyən qadın həkim olar. Qadın həkimdir eləmi? Xəbərim var bu məsələdən. Həmin həkimlə şöbə müdiri arasında söz-söhbət var, ona görədir».

YARIMİLLİK KORRUPSİYA İLƏ MÜBARİZƏ KAMPANİYASI...

Arxiv foto
Arxiv foto
Təkcə bu deyil, digər dövlət xəstəxanalarında da pulsuz tibbi xidmət haqda sualları istehza ilə qarşılayırlar. Xəstələr deyirlər ki, Azərbaycanda bunun yalnız adı var. Hətta bu suala görə bizi qınayanlar da oldu.

Azərbaycan hökuməti 2011-ci ilin martından korrupsiya ilə mübarizə kampaniyasına başladığını elan edib. Bu kampaniya çərçivəsində cəzalandırılanlar sırasında tibb işçiləri də var. Amma ekspertlər hesab edirlər ki, bir ildən artıqdır aparılan mübarizə kampaniyası səhiyyədə korrupsiyanı azalda bilməyib.

«ÇIXIŞ YOLU – GÜRCÜSTAN VARİANTIDIR»

Azərbaycan səhiyyəsində korrupsiyanın kökünü kəsmək mümkündürmü? Tibb məsələləri üzrə ekspert Süleyman Cəbrayılov:

«Bədənin bir hissəsində infeksiya varsa, onun hər hansı hissəsini bu infeksiyadan sağaltmaq mümkün deyil. Gərək bütün bədən sağala. Korrupsiyanı da buna bənzətmək olar. Səhiyyədə korrupsiyanın kökünü kəsmək üçün neyləmək lazımdır? Qonşu Gürcüstan variantı ilə yuxarıdan aşağıya doğru bütün sahələrdə korrupsiya ilə kompleks mübarizə aparılmalıdır. 2+2=4 kimi buna kompleks yanaşılmasa, hamısı yalan söhbətlərdir. «Həkimlərin maaşını qaldır, icbari tibbi sığortanı tətbiq elə, pulsuz dərmanlar verilsin» – bunlar mənasız söhbətlərdir».

Süleyman Cəbrayılov əlavə edir ki, korrupsiya ilə mübarizə üçün bunu bacaran və istəyi olan kadrlara ehtiyac var.
XS
SM
MD
LG