Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:08

«Gülhanədə zəhərlənmə simptomlarını görməyə bilməzdilər»


Elçibəy Kələkidə iş otağında, 1996-cı ilin yayı
Elçibəy Kələkidə iş otağında, 1996-cı ilin yayı
Eks-prezident, mərhum Əbülfəz Elçibəyin zəhərlənərək öldürülməsinə dair cinayət işi barədə söz-söhbət getdikcə daha geniş miqyas almaqdadır.

Müasir Müsavat partiyasının sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev və «başqaları» adı ilə cəmiyyətə təqdim olunan bir qrup naməlum şəxsin iddiasına görə, Əbülfəz Elçibəy ölümündən bir müddət əvvəl zəhərlənib. Hələ ki, AXCP sədri Əli Kərimlinin adı rəsmi sənədlərdə çəkilməsə də prokurorluğa müraciət edənlər Əbülfəz Elçibəyi məhz Əli Kərimlinin zəhərlədiyini iddia edirlər. Hafiz Hacıyev deyir ki, onun ifadələri əsasında Əli Kərimliyə qarşı cinayət işi başlanıb, istintaq gedir. İstintaqda da tam sübuta yetirilir ki, AXCP sədri qonşu xarici dövlətlərin tapşırığı ilə və böyük məbləğdə pul almaqla Əbülfəz Elçibəyə zəhər verib öldürüb.

Dediyinə görə, əlində tam təsdiq edilmiş sənədlər, sübutlar var və yaxın vaxtlarda Azərbaycan, eləcə də dünya ictimaiyyətinə elan olunacaq.

HÖKUMƏT SEÇKİDƏ İŞTİRAKIMI ƏNGƏLLƏYƏ BİLƏR

Hafiz Hacıyev
Hafiz Hacıyev
Əslində məsələ heç də Hafiz Hacıyevin dediyi kimi deyil. Yəni sözügedən cinayət işi Əli Kərimliyə qarşı açılmayıb. Baş Prokurorluqdan bu barədə AzadlıqRadiosuna verilən məlumatda qeyd olunur ki, eks-prezident Əbülfəz Elçibəyin ölümünün səbəbləri ilə əlaqədar Bakı şəhər Prokurorluğunda cinayət işi açılıb. Özü də Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev və başqalarının müraciəti əsasında və Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə. Amma kimə qarşı? Hələ ki, bu barədə rəsmi heç nə yoxdur.

Əslində indi siyasi dairələrdə Əbülfəz Elçibəyin zəhərlənib-zəhərlənməməsindən, və ya Əli Kərimlinin belə bir iş tutub-tutmamasından daha çox, bu prosesin hara aparıb çıxara biləcəyi müzakirə obyektidir.

AXCP sədri Əli Kərimli özü deyir ki, əslində hüquq-mühafizə orqanları bu absurdu hansı həddə qədər davam etdirəcəklərini bilir. Onun sözlərinə görə, məntiqlə götürəndə əslində bu məsələ ilə bağlı cinayət işi başlamamalı idi. Amma bir halda ki, ölkədə məntiq işləmir, hüquq ayaqlar altındadı, orada dövlətin, hüququn hansı həddə qədər aşağılanmasının davam edəcəyi barədə hər hansı proqnoz vermək çətin məsələdi. Əli Kərimli deyir ki, hökumət bu cinayət işi və yaxud başqa uydurma işlə bağlı onun qarşıdakı prezident seçkilərində iştirakını əngəlləyə bilər. Bu, indiki şərtlər daxilində təkcə nəzəri deyil, hətta praktik baxımdan da mümkündür.

XALQ ÖZÜNÜ DƏYİŞİKLİYƏ KÖKLƏYİB

«Onlar bu yolla seçkini alternativsiz, rəqabətsiz mühitdə keçirə bilərlər. Mənimlə bağlı bu cinayət işini davam etdirə, hətta yenisini aça bilərlər. Amma bu, onların uzunmüddətli hakimiyyətinə təminat yaratmır. Bir halda ki, Azərbaycan xalqı artıq özünü hakimiyyət dəyişikliyinə kökləyib, demək Əliyevlər sülaləsinin marağında olmalıdır ki, bu hadisə seçki yolu ilə baş versin. Yox əgər seçki variantını axıradək qadağan etsələr, əminliklə deyirəm ki, Azərbaycan böyük inqilabi proseslər yaşayacaq və günün birində mütləq Əliyevlər tarixdə haqq elədikləri yerə göndəriləcəklər».

Əli Kərimli
Əli Kərimli
Əli Kərimli deyir ki, onun qarşıdakı prezident seçkilərinə qatıla bilməyəcəyi təqdirdə İctimai Palatanın bu prosesdə iştirakına necə dəstək verəcəyi barədə danışmaq hələ tezdir. Çünki şərtlər çox sürətlə dəyişir. AXCP sədri bu cinayət işi iflas edəndən sonra Hafiz Hacıyev və adı çəkilməyən «başqaları» barəsində məhkəməyə müraciət etməyəcəyini də deyir. Onun fikrincə, asılı, görüntüdən başqa bir şey olmayan məhkəməyə müraciət etməyin mənası yoxdur.

«CİDDİ ARQUMENTLƏR OLMASAYDI...»

İqtidar yönlü Ana Vətən Partiyasını sədri, deputat Fəzail Ağamalı isə deyir ki, Azərbaycanda elə bir siyasi lider yoxdur ki, onun özü və ətrafı intellekt və təcrübə baxımından İlham Əliyevin komandasına rəqib ola bilsin. Bu səbəbdən də Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı açılan cinayət işinin hakimiyyət tərəfindən siyasi məqsədlə ortaya atıldığını iddia etmək əsassızdır.

Onun sözlərinə görə, tarix hakimiyyət və səlahiyyət uğrunda mübarizədə ən acı nəticələr verən xəyanətlərlə zəngindir. Bu baxımdan hər şey mümkündür. Digər tərəfdən Respublika Prokurorluğu kimi ciddi bir qurum da yetərincə ciddi arqumentlərə söykənməsəydi, belə bir cinayət işinin açılmasına razı olmazdı. Bu məsələdə əsas sözü istintaqın deyəcəyini bildirən Fəzail Ağamalı istisna etmir ki, Elçibəyin zəhərlənməsində (əgər bu təsdiqlənərsə) xarici kəşfiyyat qurumlarının da iştirakı mümkündür və işin icraçısı isə Hafiz Hacıyevin dediyi kimi Əli Kərimli də ola bilər:

İSTİNTAQ HAFİZ HACIYEVİN DEDİKLƏRİNİ TƏSDİQLƏSƏ...

«İstintaqın nəticələrini gözləməliyik. Əgər istintaq Hafiz Hacıyevin dediklərini təsdiqləsə, Əli Kərimlinin prezident seçkilərində iştirakı barədə düşünməyə də dəyməz. Çünki artıq Əli Kərimlini uzunmüddətli həbs gözləyəcək. Buna heç kimin şübhəsi olmamalıdır».

Fəzail Ağamalı deyir ki, onun özü də bu məsələ ilə bağlı Hafiz Hacıyev və bəzi başqa şəxslərlə də görüşüb, araşdırma aparıb. Onlar ciddi arqumentlərdən bəhs edirlər.

Hüquqşünas Fuad Ağayev isə şübhə etmir ki, bu, siyasi məqsədlərlə başlanmış bir cinayət işidir və prinsip etibarı ilə indidən proqnozlaşdırmaq olar ki, nəticəsiz qalacaq. Onun sözlərinə görə, bu cinayət işi müxalifət daxilində qanqaraçılıq salmaq, diqqəti növbəti ildəki prezident seçkilərindən yayındırmaq məqsədi güdür. Çünki bu işdə hüquqi mənada heç bir ciddi əsas görünmür:

«PROKURORLUQ GÜLHANƏDƏN SƏRİŞTƏLİDİR?»

Fuad Ağayev
Fuad Ağayev
«Əbülfəz Elçibəyin müalicə aldığı Türkiyədə hər hansı bir zəhərlənmə simptomlarını görməyə bilməzdilər. Belə çıxır ki, Azərbaycan Respublikasının prokurorluğu tibb sahəsində Gülhanə xəstəxanasının həkimlərindən daha səriştəlidir? Yəni son dərəcə qeyri-ciddi hərəkətdir və sırf siyasi məqsəd güdür».

Fuad Ağayev bəzi siyasi dairələrdə düşünüldüyü kimi bu prosesin Əbülfəz Elçibəyin məzarının açılaraq eksqumasiya olunması həddinə qədər inkişaf edəcəyinə də inanmır. Deyir düzdür, mərhumun ailəsi buna qarşı çıxsa belə, qanuni əsaslar olduqda eksqumasiyaya yol verilir. Amma hazırkı iş üzrə eksqumasiyanın həyata keçirilməsi üçün heç bir əsas görmür. Halbuki, bunun üçün ciddi əsaslar olmalıdır. Özü də ilk növbədə sənədlər üzərində.

Bütün bunlarla yanaşı Fuad Ağayev hesab edir ki, indiki hakimiyyət və hüquq-mühafizə orqanları şəraitində, eləcə də mövcud gerçəklikləri nəzərə alanda, bu prosesin Əli Kərimlinin 2013-cü il prezident seçkilərində iştirakına mane olmayacağını da qəti şəkildə söyləmək mümkün deyil.
XS
SM
MD
LG