Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:28

«MKT-Araz»ın futbolçuları İmişli bazarlarında


«MKT-Araz» futbol klubunun oyunçuları. Foto Azər Əliyevə məxsusdur
«MKT-Araz» futbol klubunun oyunçuları. Foto Azər Əliyevə məxsusdur
-
«Mən İmişlidə yolun qırağına metlax döşəyirəm».

Bunu deyən İmişlinin «MKT-Araz» futbol klubunun hücumçusu Əfsər Əliyevdir. Klub maliyyə probleminə görə fəaliyyətini dayandırandan sonra oyunçular hərəsi bir tərəfə dağılıb. Əfsər Əliyev 8 gün əvvəl, sonuncu məşqdən sonra özünə yeni iş tapıb. Gördüyü işin hər kvadrat metrinə 4 manat alır. Deyir klubdan ona çatacaq 5 aylıq maaşı hələ də ala bilmir:

«Beş aylıq maaşımız, 10 dəfə udduğumuz oyunların mükafatı qalıb. Deyirdilər yaxşı olacaq. Amma çempionata az qalmış komandanı dağıtdılar. Bilmədik niyə. Özü də İlham Əliyev demişdi ki, bu ildən futbol, idman yaxşı inkişaf edəcək. Bu da belə. Elə məşqimizi elədik, çempionata 10 gün qalmış klubu buraxdılar. Mən hücumçu olmuşam, özü də keçən il ikinci olmuşam, 11 top vurmuşam».

«MKT-ARAZ»IN MÜDAFİƏÇİSİ: «BAZARDA UŞAQLARA KÖMƏK EDİRƏM»

«MKT-Araz» futbol klubunun müdafiəçisi Orxan Məhərrəmov isə İmişli bazarında işləyir. Deyir hərdən nə isə satır və ya kiməsə kömək edib birtəhər pul qazanır. Hesab edir ki, onlara klubun dağılacağı barədə əvvəlcədən məlumat verilsəydi, bəlkə də digər klublarla danışıqlara gedərdilər. Daha bazarlara, tikinti meydançalarına üz tutmazdılar.

«Bazarda uşaqlara kömək edirəm, nə isə bir iş olur, gedib onu görürük. Komandanı dağıtdılar, biz də qaldıq belə. Bizə vaxtında bir söz demədilər ki, harasa gedək, bir iş edək. Bizi gözlətdirdilər avqustun 30-a qədər. Yenə bir həftə ərzində harasa yoxlanışa getmək olardı. Nə bilim, dedilər ayın 30-a qədər klubu kimsə alacaq, amma alan olmadı».

«AYA 15-20 MİN OLSA, FƏALİYYƏTİMİZİ BƏRPA EDƏ BİLƏRİK»

İmişli stadionunun direktoru Mirheydər Səfiyev problemi klubu maliyyələşdirən şirkətin – «MKT-İstehsalat Kommersiya» Məhdud Məsuliyyətli Cəmiyyətinin üzləşdiyi maliyyə problemi ilə əsaslandırır. Deyir cəmiyyət artıq klubu maliyyələşdirmək imkanında deyil. Mirheydər Səfiyevə görə, klubun aylıq xərci 15-20 min manatdan o yana keçmir:

«Aya minimum 15, maksimum 20 min manat olsa, normal oynamaq olar. Çünki bizim oyunçuların hamısı yerli oyunçulardır. Bizdə qalmaq, yemək xərcləri azdır. Yerli oyunçulardır deyə, hərə öz evində qalır. Stadion və digər hər şey normaldır, bircə komanda yoxdur».

Foto: Arxiv
Foto: Arxiv
Qaldı futbolçuların maaşlarına, direktor deyir ki, oyunçuların 5 yox, 3 aylıq maaşı qalır və onların ödənilməsinə söz verilib.

VİLYAM HACIYEV: «BİZİM SƏLAHİYYƏTİMİZDƏ DEYİL»

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə deyir ki, klubun saxlanması icra hakimiyyətinin səlahiyyətindən kənar olsa da, o, klub rəhbərliyinin müraciətindən sonra müəyyən addımlar atmaq istəyib. Amma ona təkrar müraciətlər olmayıb deyə, məsələ qalıb:

«Bu məsələ icra hakimiyyətinin səlahiyyətlərindən kənarda olan məsələdir. Mən istərdim ki, rayonun komandası öz fəaliyyətini davam etdirsin. Amma bu komandanı həmişə «MKT-Araz» pambıqçılıq zavodu maliyyələşdirib».

«MKT İK» MMC: «BİZ İNDİ O İŞƏ BAXMIRIQ»

«MKT İstehsal Kommersiya» MMC-dən isə bu məsələyə şərh vermək istəmədilər. Bildirdilər ki, klubun maliyyə işinə onlar yox, İmişlidəki «MKT-Araz» şirkəti baxır.

«QƏBƏLƏ» ÇIXANDAN SONRA ...

Mahir Rüstəmli
Mahir Rüstəmli
«Futbol+» qəzetinin baş redaktoru Mahir Rüstəmli hesab edir ki, futbol klubunu rayondakı iş adamları maliyyələşdirə bilər. Amma iri şirkətlərin olmadığı İmişli kimi bir rayonda o, bunu bir qədər çətin məsələ sayır:

««MKT-Araz» kimi birinci liqa klublarının saxlanması üçün ilə ən azı 200-300 min manat vəsaitin lazımdır».

Baş redaktor deyir ki, vaxtilə bir mənbə «Qəbələ» klubu ilə birlikdə «MKT-Araz»ı da maliyyələşdirib. Amma sonradan «MKT-Araz»ın maliyyələşməsi dayandırılıb:

«Bir adamın iki klubu yüksək səviyyədə saxlamaq imkanı yoxdur. Belə ki, «Qəbələ» böyük layihə kimi ortalığa çıxandan sonra «MKT-Araz»ı başlı-başına buraxdılar».

AFFA-DAN ŞƏRH YOXDUR

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından isə məsələyə hər hansı münasibət öyrənə bilmədik.

«MKT-Araz» futbol klubu 2004-cü ildə təsis edilib. 2004-2007-ci illərdə ölkə çempionatının Güclülər Dəstəsində çıxış edib. 2006-2007-ci il mövsümündə Azərbaycan Kubokunun finalında oynayıb. Azərbaycanı 1 dəfə UEFA Kubokunda, 1 dəfə də UEFA Intertoto Kubokunda təmsil edib.

«MKT-Araz» Azərbaycanda maliyyə baxımından fəaliyyəti dayandırılan yeganə futbol klubu deyil. Birinci liqanın digər klubu «Karvan» da xeyli əvvəl bu aqibəti yaşayıb.
XS
SM
MD
LG