Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:57

Natiq Əliyev medianı nədə qınayır?


Natiq Əliyev
Natiq Əliyev
-
NATİQ ƏLİYEVDƏN «DÜZƏ DÜZ» TƏKLİFİ

«Bakının ətrafına baxsanız, Xəzərin çox çətin şərtləri altında nefti insanların nə qədər zəhmətlə, alın təri ilə çıxardığının şahidi olarsınız. Ancaq dünya mediasına nəzər salanda, yenə də görürsən ki, bəzən korrupsiyadan, çirkli pullardan daha çox yazırlar».

Bunu Azərbaycanın Sənaye və Energetika naziri Natiq Əliyev Bakıda keçirilən beynəlxalq «Neft, Qaz və Media» konfransında çıxışı zamanı deyib. O hesab edir ki, artıq media neft ölkələri ilə bağlı yazarkən bu cür stereotiplərdən imtina etməlidir:

«Hərdən dünya mətbuatını oxuyursan, yazılarda neft istehsal edən ölkələrə aid bir stereotipin özünü daim büruzə verdiyini görürsən: Bu cəmiyyətlər hamısı xəstədir. Orada neqativ hallar baş verir. Hər yeri korrupsiya, çirkli pullar bürüyüb və s. Amma bu, belə deyil. Bu stereotiplərdən qaçmaq lazımdır. İnanın mənə. Siz gəlin 1990-cı illərin əvvəllərindəki iqtisadi xaosda, müharibə şəraitində, torpaqları işğal olunmuş, neft və qaz hasilatı ildən ilə aşağı düşən Azərbaycanı bugünkü çiçəklənən Azərbaycanla müqayisə edin, görün, ölkə hansı sürətlə inkişaf edir. Ona görə də, mən sizdən xahiş edirəm, gəlin reallıqdan danışaq, düzə düz, əyriyə əyri deyək».

Sentyabrın 18-də Bakıda beynəlxalq «Neft, Qaz və Media» konfransı öz işinə başlayıb. Prezident İlham Əliyevin təbrik məktubunun diqqətə çatdırılması ilə başlayan konfransda 30-a yaxın ölkədən mütəxəssislər, dünyanın tanınmış media qurumları iştirak edirlər.

12 MİLYON MANATA ESKALATOR
İlham Şaban
İlham Şaban

Konfransda iştirak edən enerji məsələləri üzrə ekspert İlham Şaban isə deyir ki, Natiq Əliyevin dedikləri məsəlinin bir tərəfidir və daha çox məmur yanaşmasıdır. Ancaq məsələyə real yanaşma da var:

«Reallıq isə ondan ibarətdir ki, məsələn, metronun «28 May» stansiyasında 3-zolaqlı eskalatoru 4-zolaqlı ilə əvəz ediblər. Bundan ötrü Bakı Metropoliteninə büdcədən 12 milyon manat vəsait ayrılıb. Dünyanın heç bir ölkəsində belə adi eskalatorların qiyməti bu həddə ola bilməz. Özü də metronun çıxışında nəinki tavanı, heç döşəmənin daş örtüyünü də təzələməyiblər. Bu, korrupsiyanın göstəricisi deyilmi? Bax, bu günün reallığı budur».

İlham Şaban deyir ki, bütün bunlar neft gəlirlərinin necə xərclənməsinə, ayrılan vəsaitlərin istifadəsinə ictimai nəzarət olmadığı üçün baş verir.

YAXŞI Kİ, MÜSTƏQİL QURUMLAR DA VAR

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədlinin fikrincə, heç kim özünün pis idarəçi olduğunu düşünmür. İstənilən hakimiyyət, onun nümayəndəsi və ya şirkət rəhbərliyi hesab edir ki, hər kəs ancaq yaxşılıqları yazmalıdır. Amma reallıqda medianın funksiyası tam
Ələsgər Məmmədli
Ələsgər Məmmədli
başqadır:

«Medianın işi çatımlı olmayan bilgiləri də cəmiyyətlə paylaşa bilməkdir. Məhz neft sektorunda çox sayda informasiya var ki, onlar kommersiya sirri, yaxud da ümummilli mənafelər adı altında gizlədilə bilir. Əsas korrupsiya elementi məhz bu aspektlərdə ortaya çıxır».

Ələsgər Məmmədli deyir ki, Azərbaycanda gördüklərini yox, sadəcə yaxşıları yazan dövlət mediası ilə yanaşı, kiminsə göstərdiyini yox, məhz gördüklərini yazan müstəqil media qurumları da var. Onlar da zaman-zaman öz araşdırmaları ilə aysberqin görünməyən hissəsini cəmiyyətə göstərirlər.

ARAŞDIRMAÇI JURNALİST KONFRANSA NİYƏ ÇAĞIRILMADI

Tədbirin təşkilatçısı – Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) icraçı direktoru Alison Bethel McKenzie KİV-in demokratik proseslərdə vacib rol oynadığını, neft-qaz sahəsində şəffaflığın vacib olduğunu deyir.
Alison Bethel McKenzie
Alison Bethel McKenzie
Onun fikrincə, belə konfranslar rəsmilərlə medianın bu cür mövzuları müzakirəsi üçün əlaqələndirilməsi baxımından önəmlidir:

«Biz Azərbaycanda jurnalistlərə qarşı hər hansı təzyiqdən narahatıq və bu narahatlığımızı qətiyyətlə ifadə edirik. Bu, qəbuledilməzdir. Burada konfrans keçirməklə biz bu sahədə işlədiyimizi göstəririk. Biz həmçinin jurnalistlərə imkan yaradırıq ki, 2 gün ərzində Energetika naziri, prezidentin nümayəndələri ilə söhbət etsinlər».

Alison McKenzie jurnalistlərin suallarını cavablandırarkən AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanın neft gəlirlərinin mənimsənilməsi ilə bağlı araşdırmalarından xəbəri olduğunu bildirib. BMİ icraçı direktoru Xədicə İsmayılovanı konfransda görəcəyinə də ümid etdiyini bildirib.

Xədicə İsmayılova isə deyir ki, həmin konfransa dəvət alıb. Özü də çıxış etmək üçün. Amma sonradan ona göndərilən dəvəti geri çağırıblar. Deyiblər ki, artıq proqram tərtib edilib, gecdir. O gəlib sadəcə auditoriyada otura bilər. Xədicə İsmayılova isə bundan imtina edib.
XS
SM
MD
LG