Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:41

Prezidentin qızının adı pul yuma istintaqında


Solda Gulnara Karimova, sağda Gayane Avakyan
Solda Gulnara Karimova, sağda Gayane Avakyan
İsveçrədə həbs olunmuş Özbəkistan vətəndaşı ilə bağlı pul yuma istintaqı Özbəkistan prezidentinin qızı Gülnara Karimovaya gətirib çıxarıb.

Jurnalistlərin Fransada aşkarladığı 8 sənəddə Gülnara Kərimovanın və İsveçrədə həbs olunmuş Alisher Ergashevin birgə imzaları var.

Gulnara Kərimova sənədləri şirkətin sahibi, Ergashev isə direktoru kimi imzalayıb.
Sənədlərdə belə iki şirkət var və onların vasitəsilə Fransada əmlak almaq istəyirlərmiş ya da alıblar.

Gulnara Karimova ilə Alisher Ergashevin imzaladığı sənəd
Gulnara Karimova ilə Alisher Ergashevin imzaladığı sənəd

2009-2011-ci illərə aid olan bu sənədləri İsveçin xəbər agentliyi Tidningarnas Telegrambyra əldə edib.

FRANSADA BELƏ SƏNƏDLƏR AÇIQDIR

İsveç jurnalistləri sənədləri Fransanın şirkət registrindən götürüblər. Bu registr hamıya açıqdır.
Sənədlərə görə, Karimova və Ergashev Fransanın sahil zolağındakı Gassin şəhərində azı bir dəfə əmlak almağa cəhd ediblər.

Onların şirkətinin qərargah ünvanı kimi göstərdiyi yer də Parisin lüks rayonundadır. Burda bir kvadrat metr mənzilin qiyməti 19 min avrodan 38 min avroya kimidir.

Maraqlıdır ki, sənədlərdə imzası olan Ergashev Coca Cola-nın Özbəkistan bölməsinin rəsmilərindəndir.
O və “Coca Cola Özbəkistan”ın digər rəsmisi Shorhurh Sabirov iyul ayında İsveçrədə həbs olunublar.

İsveç televiziyasının videosu- Gulnara Karimova və Gayane Avakyan
İsveç televiziyasının videosu- Gulnara Karimova və Gayane Avakyan

DAHA İKİ 2 NƏFƏR DƏ GULNARA KARİMOVA İLƏ YAXINDIRLAR

Ergashev və Sabirovdan başqa Özbəkistanın daha iki vətəndaşının adı İsveçrədə və İsveçdə açılmış digər cinayət işlərində çəkilir.

Maraqlıdır ki, cinayət işləri müxtəlif olsa da bu 4 adam sonda bir-biri ilə sıx əlaqəli çıxır.
Və onların hamısı Gulnara Karimova ilə yaxındırlar.

Bunlardan biri Bekhzod Akhmedovdur.
O, Rusiyanın mobil telefon operatoru MTS-in Özbəkistandakı bölməsinin direktoru idi.
Özbəkistan hakimiyyəti ilə MTS arasında problem yarananda ölkədən qaçdı.

İsveçrənin pul yuma üzrə müstəntiqləri Akhmedovu Gulnara Karimovaya yaxın şəxs kimi dəyərləndirirlər. Hərçənd onların biznes əlaqələri haqda sənədlər ictimaiyyətə təqdim olunmayıb.

Akhmedovun hazırda yeri məlum deyil.

PREZİDENT QIZI İLƏ ŞƏKİL ÇƏKDİRƏN AVAKYAN

Adı İsveçrədə və İsveçdə açılmış istintaq materiallarında gedən dördüncü Özbəkistan vətəndaşı Gayane Avakyandır.

O, Takilant Limited şirkətinin rəhbəridir. Bu şirkət İsveç-Finlyandiya şirkəti olan TeliaSoneradan pul almaqda şübhəli bilinir.

Şübhələrə görə, bu pulun müqabilində TeliaSoneraya lisenziya və Özbəkistanın mobil telefon bazarına çıxış vəd olunurmuş.

Bu ayın əvvəlində İsveç prokurorluğu Takilantın İsveçdəki hesabında 30 milyon dolları dondurdu.

Hesabın açılması haqda müraciətdə Avakyan və həmin “Coca Cola Özbəkistan”ın keçmiş rəsmisi Ergashev Takilantın İsveçdəki təmsilçiləri kimi göstərilib.

İsveçdə aparılmış və mediada sentyabrda yer almış araşdırmada deyilirdi ki, TeliaSonera Özbəkistan bazarına daxil olmaq üçün 2008-ci ildə Takilanta 320 milyon dollar verib.

Yəqin sual yaranır ki, bu Takilant nə şirkətdir ki, Özbəkistanda belə nüfuzludur?
Maraqlıdır ki, bu şirkət heç Özbəkistan şirkəti də deyil. O, Cəbəllüttariq iqtisadi zonasında yaradılıb.

TeliaSonera 3G lisenziyasını və telefon nömrələrini almaq üçün 2007-ci ildə Takilanta 30 milyon dollar verdiyini etiraf edib. Ancaq rüşvət verdiyini inkar edir.

Adı cinayət işində hallanan Gayane Avakyan da Gulnara Karimova ilə bağlıdır.

Avakyan heç yerə qaçıb gizlənməyib. Hazırda Daşkənddədir.
Avakyan Gulnara Kərimovanın Moda Evinin direktorudur.
Avakyanın tez-tez prezident qızı ilə birgə fotoları çıxır.

BUNLARIN YÜZ MİLYONLARLA DOLLARLIQ ŞİRKƏTLƏRİ VAR

İsveçrə bildirir ki, bu 4 Özbəkistan vətəndaşının bütün bank hesablarını dondurub.
Onların şirkətlərinin və şirkətlərdəki paylarının qiyməti yüz milyonlarla dollar məbləğində qiymətləndirilir.

Gulnara Karimova jurnalistlərə karate göstərir
Gulnara Karimova jurnalistlərə karate göstərir
Karimovanın pullarına isə toxunan yoxdur.
40 yaşlı Karimovanın var-dövləti azı 500 milyon dollardır.
O, İsveçrədə yaşayan ən varlı qadınlar siyahısında həmişə yer alır.

Moda dizayneri, pop musiqiçi, Özbəkistanda xeyriyyə təşkilatlarının başçısı olan Gülnara Karimova İsveçrənin Cenevrə şəhərində yaşayır.

Çünki BMT-nin Cenevrədəki Ofisində Özbəkistandan səfirdir.
XS
SM
MD
LG