Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:41

Günay Ümid. Şüşənin dibindəki...(Seçmə şeirlərdən)


-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Günay Ümid


Şüşənin dibindəki...

Gözlərimə bax!
İçimə boylan.
Yaxşi görə bilməsən
lap yaxınlaş gözlərimə
Nəfəsini bol elə,
duman olsun içimin pəncərəsində.

Özünə təsəlli ver,
nə də olsa görə bilməyəcəyinə inan.
İç...
iç, şüşənin dibindəki həqiqətə oyan.

Onda
içimdəki tör-töküntüdən
barmaqlarının ucunda
bir şair gələcək gözlərimə tərəf.

Qələmi yerə atıb
bu dəfə barmaqlarıyla cızacaq
nəfəsini üfürdüyün gözlərimi.
Bir ürək şəkli,
bir də ürəyə sancılmış ox!
Fonda içimin xarabalığı...

Ürəyim qalacaq gözlərimin üstə,
Ox batmış,
gözləri sevgidən kör olmuş ürəyim.
Sonra
o şair
rəsmdən sükutu da söküb
hamı duysun deyə
səssizliyinə çəkiləcək.
Və dilinin ucundakı söyüşü
yalnızlığın düz alnına tüpürəcək.


Anla məni şair...

İçimi çölümə bürümüşəm, şair...
İsinmək üçün.
Anla məni,
Bu dəli şairi anla, lütfən...

Bu gün hamı məndən mərhəmət umur ...
Dünəndən arxamca düşən
İslanmış pişik yavrusu da qapımda...
Hamı mənə vermədiyini umur, şair...

Qucağımdakı körpənin
iniltiləriydi gecənin gözünü tökən,
bu gecə anam olmuşdu divarlar,
sıxıb sinəsinə ovudurdu çarəsizliyimi...

yuxusuz gozlərimdən tökülən
qaranlığı süpürürdü kipriklərim...
arxada qalmışdılar
mən arxa bildiklərim...


körpəmi sol qolumda
bu şeiri də kağızda yatırdim, şair.
Bir «anam» qaldi başımın üstə
bum-buz sinəsinə baş qoyduğum,
bir pişik yavrusu qaldı
qapı dalında
səbrinə daş qoyduğum,
bir də içim qaldı çölümü
isitməkdən üşüyən...


Rekviyem

Yağış yağır ...
Bu yağışın gözlərindən
səpilirəm küçələrə,
Gecələrə...

Yapışıram bir taksinin ayağına,
Yetim bir sevginin sorağına
sürüm – sürüm sürünürəm.
Həmin mahnı
İçin - için qovrulur
taksinin pəncərələrinə cırpır özünü,
Yorulur...
Röyanın kölgəli nəfəsində
Ağlayır çarəsizcə bu mahnı...
Mənsə ölümü axtarıram ...
Bu küçəyə,bu mahnıya həyat vermək ücün
ölümü axtarıram...

Şimşək çaxır...
Bu şimşəyin işığından
ələnirəm
o kafeyə,
içəri şəhərə,
sənsizliyin zülmətinə...

Ölümü gəzirəm!

bircə şey istəyirəm son dəfə səndən...
bircə şey
məni o şimşəyin səsində,
o yağışın gözündə
dəfn elə...
Suya dönmək istəyirəm,
səsə dönmək istəyirəm...
bircə torpaq olmaq istəmirəm..
Qaranliqdan qorxuram.
Torpaq olmaq istəmirəm
torpaq qədər yorğunam.
XS
SM
MD
LG