Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:02

Baş Prokurorluq “Xəyal” TV əməkdaşlarına qarşı təzyiqləri təkzib edir


-

Baş prokurorluq oktybarın 17-də yaydığı məlumatda qeyd edilir ki, «Xəyal» teleradio şirkətinin icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyevə qarşı təzyiq göstərilərək müdafiəçilərindən imtina edilməsi barədə yayılan məlumatlar əsassızdır.
Məlumatda qeyd edilir ki, Quba hadisələri ilə bağlı təqsirləndirilənVüqar Qonaqov və Zaur Quliyev dindirilərkən onların hüquqi yardım almaq hüquqları tam təmin edilib, bütün istintaq hərəkətləri də istisnasız olaraq müdafiəçilərinin iştirakı ilə keçirilib.
Baş prokurorluq bildirir ki, oktyabrın 9-da Vüqar Qonaqovun vəkili Rəşid Hacılının jurnalistə qeyri-insani rəftar olunmasına dair müraciətində göstərilən xüsusatların ayrıca icraatda araşdırılması barədə konkret göstəriş verilib.
Bu günlərdə «Xəyal TV»nin icraçı direktoru Vüqar Qonaqov saxlandığı Bakı İstintaq Təcridxanasından mətbuata məktub göndərib. Yazıb ki, ibtidai istintaq vaxtı müstəntiqlər ondan fiziki və mənəvi işgəncələr altında etirafedici ifadələr alıblar. İndi isə o, həmin ifadələrindən imtina edir.
Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.
«Xəyal TV»nin icraçı direktoru Vüqar Qonaqov həmin hadisələrə səbəb kimi göstərilən videonun montajında və «YouTube»a yerləşdirilməsində təqsirləndirilir.
Quba hadisələri ilə əlaqədar 30 nəfər məsuliyyətə cəlb edilib. Onlardan 12-si həbs edilib, 18 nəfər barəsində başqa yerə getməməklə bağlı iltizam alınıb. Hazırda həmin şəxslərlə bağlı Quba rayon məhkəməsində proseslər davam etdirilir. Zərərçəkənlər əsasən polislərdir.
XS
SM
MD
LG