Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:17

BP Rusiyadakı payını 28 milyard dollara satıb, Rusiyada qalmaq istəyir


British Petroleum (BP)
British Petroleum (BP)
BP-nin icraçı direktoru Bob Dudley-in ötən həftə Londonda «Rosneft» şirkəti ilə əldə etdiyi razılaşma onun rusiyalı partnyorları ilə illərdir davam edən çəkişməsinə son qoyacaq və qarşıdan gələn illərdə BP-nin Rusiya strategiyasını müəyyənləşdirəcək.

Bu barədə yazan «The Sunday Telegraph» qəzeti bildirir ki, onda olan mötəbər informasiyaya görə, BP özünün TNK-BP-dəki 50 faizlik payını «Rosneft»ə satmaqla 10 və 14 milyard dollar arası nağd pul və 15-20 faiz arası pay almağa razılıq verib.

Belə fikirlər var ki, BP-ni «Rosneft»lə danışıqlarda nağd puldan daha çox ona veriləcək pay maraqlandırır, belə ki, bu, BP-nin Rusiya neft sənayesindəki sanbalını saxlamağa xidmət edərdi.

Xəbər verilir ki, danışıqların əsas hissəsi bu həftəsonu yekunlaşdırılsa da, onun elan edilməsi bu həftə baş verə bilər.

BP ŞİRKƏTİNİ RUSİYADA KRESLOLAR MARAQLANDIRIR

BP-yə yaxın mənbədən bildirilib ki, şirkəti ən çox maraqlandıran onun «Rosneft»in direktorlar şurasında neçə kresloya malik olacağıdır.

«Rosneft»
«Rosneft»
Bundan əlavə BP «Rosneft»dən TNK-BP-dəki şəriklərinin mümkün məhkəmə iddiasından toxunulmazlığı üçün təminat istəyir.

Bu şəriklər isə AAR (Alfa Access Renova) kimi tanınan qrupda birləşmiş dörd Rusiya oliqarxıdır.

Qəzet yazır ki, «Rosneft» dörd oliqarxın - Mikhail Fridman, German Khan, Viktor VekselbergLen Blavatnik-in 50 faizlik payını da ala bilsə, onda gündə 4 milyon barel neft istehsalına sahib olacaq.

18 ay bundan əvvəl BP-nin «Rosneft»lə sövdələşməsini məhz bu oliqarxlar əngəlləmişdilər.

BP ÇOX MÜRƏKKƏB BİR QUMARA GİRİB

BP-yə yaxın mənbə bildirir ki, bu həftə imzalanması gözlənilən sövdələşmənin bütün təfərrüatları müzakirə olunub və şirkətin Direktorlar Şurası məsələni təkrar səsverməyə çıxarmayacaq.

Britaniya mətbuatı bildirir ki, imzalamanı həmçinin Rusiya hakimiyyət orqanlarının xeyir-duasının verilməsi prosesi ləngidə bilər.

Başqa bir mənbə bildirir ki, «Rosneft» TNK-BP müştərək şirkətində oliqarxlara məxsus 50 faiz payı bu cümə gününə qədər ala bilər.

Bununla belə BP şirkətinin əsas 20 səhmdarı «Rosneft»lə bağlanan sövdələşmədən narahatdır.

Onlar hesab edirlər ki, «Rosneft» və Rusiyadan BP-yə verilən təminatların etibarlılığı tam aydın deyil.

Təkcə BP-nin ən iri investorları deyil, həm də kənar ekspertlər hesab edirlər ki, son dərəcə mənfəətli TNK-BP-dəki payını satmaqla BP olduqca böyük riskə gedir, – belə ki, TNK-BP BP-nin bütün neft hasilatının 25 faizini verir.

«ROSNEFT» DÜNYANIN ƏN İRİ NEFT İSTEHSALÇISI OLACAQ

Igor Sechin
Igor Sechin
«Reuters» agentliyi isə bildirir ki, bu sövdələşmə Rusiya hökumətinin bir ay müddətində gözlənilən icazəsini alarsa, BP xam neft barellərinin həcmində itirəcək, lakin «Rosneft»in Direktorlar Şurasında kreslolar əldə etməklə, Rusiyanın ən nüfuzlu neft adamı, «Rosneft»in icraçı direktoru Igor Sechin-ə yaxın olacaq.

Agentlik yazır ki, «Rosneft» hal-hazırda Rusiyanın ən çox neft istehsal edən şirkətidir və əgər xəbər verildiyi kimi AAR-a məxsus 50 faizlik payı da alarsa, ölkənin neft hasilatının və ixracının yarısına nəzarət edəcək və üstəlik dünyanın ən böyük beynəlxalq neft istehsalçısı ExxonMobil şirkətini ötüb keçəcək.

PUTİNİN NEFTİ

Bu sövdələşmə həmçinin Rusiya prezidenti Vladimir Putinin urəyincə olacaq, belə ki, o, 1990-cı illərdə çox ucuz qiymətə bir qrup Rusiya biznesmeninin əlinə keçmiş sərvəti dövlətin nəzarətinə qaytarmağı vəd edib.

BP «Rosneft» sövdələşməsi baş tutarsa, bu, Vladimir Vladimirovich-in rus xalqına «ingilislərin payını verdiyi barədə» növbəti muştuluqla çıxış etməsinə imkan yaradar.

«Reuters» yazır ki, bu prosesdə ən böyük addım 2000-ci illərdə «Yukos» neft şirkətinin «Rosneft» tərəfindən udulması və «Yukos»un prezidenti Mikhail Khodorkovsky-nin həbsi olub.

Agentlik belə bir məqamı da diqqətə çəkir ki, «Rosneft»in icraçı direktoru Igor Sechin bir vaxtlar Kreml Administrasiyası rəhbərinin müavini və ya «Reuters»in təbirincə deyilsə, Putinin «eşik ağası» olub.
XS
SM
MD
LG