Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:47

Mitinq cərimələri artırılır


Milli Məclis
Milli Məclis
-


İŞTİRAKÇILAR, TƏŞKİLATÇILAR ÜÇÜN CƏRİMƏ

Razılaşdırılmamış mitinqə çıxacaq vətəndaşlar 500 manatdan 1000 manatadək cərimə cəzasının bir addımlığındadırlar. Mitinqin təşkilatçıları isə 1500 manatdan 3000 manatadək cərimənin astanasındadılar. Amma bu cərimə adi təşkilatçılar üçündür. Əgər təşkilatçı vəzifəli şəxsdirsə, ( siyasi partiyanın rəhbəri və ya funksioneri), o, 3000 manatdan 6000 manatadək cərimə ediləcək.

Təşkilatçı hüquqi şəxsdirsə (siyasi partiya, QHT, şirkət və s.), onun 15 min manatdan 30 min manatadək cərimə edilməsi mümkündür. Hələlik qanunla mitinq təşkilatçıları cəmi 500 manatadək cərimələnir.

Oktyabrın 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər layihəsini plenar iclasa tövsiyə edib.

YAŞAYIŞ MİNİMUMUNA UYĞUN OLMALI DEYİL

Əlbəttə ki, cərimələrə münasibət birmənalı deyil. Kimisi deyir ki, cərimələrin bu həddi Azərbaycanda yaşayış minimumuna adekvat deyil. Amma məhz belə kəskin artımın məntiqli olduğunu izah edənlər də var. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov cərimələrin məbləğinin artırılmasını birmənalı müdafiə edir:

Əli Hüseynov
Əli Hüseynov
«Bu sanksiyalar heç yaşayış minimumuna uyğun olmalı da deyil. Digər heç bir ölkədə də uyğun deyil. Əks halda sanksiya öz məqsədinə çatmaz. O, elə bir səviyyədə olmalıdır ki, vətəndaşı həmin xətadan çəkindirsin».

Bununla belə Əli Hüseynov deyir ki, cərimələrin hansı məbləğdə qalması məsələsi müzakirə ediləcək.

ORTA RƏQƏM?

Həmin komitənin digər üzvü Azay Quliyev sanksiyaların sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirir. Onun həmkarı Fəzail Ağamalı isə təşkilatçıların cəriməsini azaltmağı, yəni 1500 manatla 3000 manat arasında orta rəqəm tapmağı, adi iştirakçının cərimələnməsini isə tamamilə layihədən çıxartmağı təklif edir:

«Təsəvvür edək ki, mitinqdə 6 min nəfər iştirak edir. Onların 6 minini də necə saxlayıb, avtobuslara yığıb aparıb, cərimə etmək mümkün olacaq? Bunun mexanizmi mümkünsüzdü və sanksiya da hədsiz dərəcədə yuxarıdır».

Fəzail Ağamalı hesab edir ki, məhz bu dəyişiklik onlara ən çox irad tutula biləcək məqamdır. O, hesab edir ki, vətəndaşın, yaxud bir siyasi partiyanın Azərbaycanın mənafeyinə zidd addım atan hansısa ölkənin səfirliyi qarşısında da aksiya keçirilməsinə imkan verilmir. Belə çıxır ki, bu adamların hamısı cərimə olunmalıdır.

AZƏRBAYCANA QARŞI BƏHANƏ VERMƏMƏK

Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev
Millət Vəkili Qüdrət Həsənquliyev hesab edir ki, bu dəyişikliklər yaxın günlərdə bir qrup dindarın Təhsil Nazirliyi qarşısında keçirdiyi aksiyadan sonra meydana gəlib. Halbuki belə aksiyalar ildə bir- iki dəfə keçirilir. Buna görə belə dəyişikliklərlə beynəlxalq aləmin əlinə Azərbaycana qarşı bəhanə verməkdənsə, razılaşdırılmış aksiyaların keçirilməsinə şərait yaratmaq lazımdır.

Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın fikrincə, sanksiyaların sərtləşdirilməsi məqsədə müvafiqdir.

«PROSESİN QARŞISINI ALMAQ MÜMKÜN DEYİL»

Müsavat başqanı İsa Qəmbər isə hesab edir ki, hakimiyyətin bu addımı cəmiyyətdən, xalqdan, real müxalifətin aksiyalarından qorxduğundan xəbər verir. Onun sözlərinə görə, hakimiyyət çox gözəl bilir ki, demokratik düşərgənin aksiyaları getdikcə çoxalacaq, iştirakçıların sayı artacaq və Rusiya təcrübəsindən istifadə edərək cərimələrlə bu prosesin qarşısını almağa çalışır:

İsa Qəmbər
İsa Qəmbər
«Təbii ki, qanunvericilikdəki bu dəyişikliklər müəyyən çətinliklər yaradacaq. Ancaq bu cür addımlar hesab edirəm ki, hakimiyyəti xilas etməyəcək. Hakimiyyət reallıqları, dünyada gedən prosesləri, Azərbaycanın özünün maraqlarını dərk etməlidir. Bu cür addımlarla bu prosesin qarşısını almaq mümkün deyil».

İsa Qəmbər deyir ki, onlar İctimai Palata olaraq bu addımları müzakirə edəcəklər. Cəmiyyəti, beynəlxalq birliyi bu məsələ ilə bağlı prinsipial mövqe nümayiş etdirməyə çalışacaqlar.

Parlamentin növbəti iclasında «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə haqqında danışılan dəyişikliklərin müzakirəsi gözlənilir.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə deyir ki, minimum əməkhaqqı 90 manat olan bir ölkədə cərimənin 500-1000 manat müəyyən edilməsi aksiya iştirakçılarına psixoloji maliyyə basqısıdır. Hakimiyyət bununla vətəndaşa çatdırır ki, əgər sən mitinqin təşkilatçısı və ya iştirakçı olsan, bu qədər ziyana düşəcəksən.
XS
SM
MD
LG