Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:03

İradə Musayeva Sayman Aruzun romanını tənqid edir


İradə Musayeva
İradə Musayeva
-

Markes öz sözlərini nə Ursulaya, nə də Xose Arkadio Buendiaya, Amarantaya, Aurelianoya, Pilar Terneraya və başqalarına dedizdirmirdi.

Bizim yazarlar qəhrəmanlarını bir an da olsun tək qoymur, özü danışdırır, özü işlədir, hamının əvəzinə özü sevir, özü gülür, özü ağlayır... Kukla teatrındakı tamaşalarda olduğu kimi: hər kuklanın arxasında aktyorun əli görünür...



Tənqidçi İradə Musayeva bu məqaləsi ilə yazıçı Sayman Aruzun "Yüz il inqilab" romanının ("Qanun" nəşr.) "Oxu zalı"nda başlanan müzakirəsinə qoşulur.


İradə Musayeva


"YÜZ İL İNQİLAB" ROMAN DEYİL...

Çağdaş ədəbi-nəzəri düşüncədə və tədqiqatlarda roman anlayışı tarix və statistika (Azərbaycan ədəbiyyatında ilk roman, romanların mövzusu, ideyası, müəllifləri, növ və kateqoriyaları və s.) kontekstində araşdırılır.

Azərbaycan romanının bugünkü durumu, onun dünya romanları fonunda mövqeyi və bu məqsədlə müqayisəli təhlillər, “tənəzzülə uğramış janr” itkisinin səbəblərini açıqlayan məqalələr yox dərəcəsindədir.

Niyə bugünkü Azərbaycan romanı bircə məqaləlik publisist cəsarəti, ötəri, keçici və bayağı təsvirlər, qurama səhnələr, oxucu şərikliyini itirmiş dialoqlar və bir də 80-100 səhifə limitini aşa bilmir?

Monumental roman təhkiyəsi atından düşüb qələmini oxucu səbirsizliyi tempinə kökləyən və tez- tələsik anladacağı mətləbləri üyüdüb-tökən müəlliflər informasiyalardan və texniki oyuncaqlardan (televizor, kompüter, telefon və s.) başı şişmiş oxucusunun iştahasını korlamaqdan çəkinir və onun boş vaxtına qorxa-qorxa daxil olur.

Ədəbi-bədii, mənəvi-estetik zövq aşılamaq hünərini göstərə bilməyən romançılarımız elə iddiada deyillər ki, oxucusunu yuxarıda saydığımız “oyuncaq”ların əlindən ala bilsin.

Əlbəttə, bu saydıqlarımız roman deqradasiyasında yazıçıların, belə demək mümkünsə, günahı, yəni subyektlərin üzərinə düşən məsuliyyət və işdir.
Bir də var obyektiv səbəblər: oxucudan, yazıçıdan, millətdən, dövlətdən asılı olmayan, necə deyərlər “zəmanənin diqtəsi”... bundan artıq dünya dahiləri, eləcə də Norman Mailer də gileylənir: “...İndi insanlar televiziya ilə baş-başa böyüyür. Televiziyanın mahiyyətindəsə ciddi mütaliəyə düşmən olan bir element var ki, bu da kommersiyadır. Elə ki təhkiyə diqqətini çəkir, bilirsən ki, onu hər yeddi, on dəqiqədən bir kəsəcəklər. Uşaqlar televiziyaya baxır və davamlı təhkiyəyə maraqları itir. Bir romançı olaraq mən
zümü ölməkdə olan qədim sənərkarlıq növünün qocaman nümayəndəsi kimi hiss edirəm. Bir zamanlar bu, incəsənət idi, indi qədim sənətkarlıq növü həddinə enib və bu sənətkarlıq növü də tədricən öləcək... Amerika daha romançı olmaq üçün əlverişli məkan deyil. Hərçənd bir zamanlar gözəl məkan idi...”

Deməli, romançılıq üçün əlverişli zaman və məkan faktı da danılmazdır...

Bu gün bir dəftərçəlik “roman”larla üz-üzə qalmışıq. Hekayə bir yana, povest sözü də müəlliflərin xoşuna gəlmir...

***

Sayman Aruzun “Yüz il inqilab ” əsəri Güney Azərbaycanın indiki durumuna həsr olunub. Daha çox dini, sosial- siyasi problemlər qabardılır, müəllifin kəskin istehza və nifrəti ilə təsvirə çəkilir.

Əsərdə Seyid, Raziyə, Feyzi, Hacı, Cabbar, Bağdagül, Papır (Ağa Piruz), Şahin, Həjir kimi obrazlar var ki, müəllif onların vasitəsi ilə rejimə tabe olub ona xidmət edənlər və ona qarşı çıxıb üsyan edənləri səciyyələndirməyə çalışır.

Ancaq sujet Sulduz adlı şəhərdə bir küçədə böyüyən iki gəncin qəribəliklərlə və taleyin acı sınaqları ilə üz-üzə qalan sevgisi üzərində qurulub.

Sulduz sərhəddə yerləşən, güllə sədaları altında yatıb-duran, kürdlərin dəfələrlə hücumuna məruz qalan bir şəhərdir. Bu şəhərdə döyülə-döyülə, əzilə-əzilə böyüyən Raziyəni Sayman Aruz əsərinin mübariz, milli azadlıq uğrunda mücadilə aparan baş qəhrəmanı kimi təqdim edir.

Düzdür, roman adlandırılan mətndə Raziyənin istəyi, başında durduğu mübarizənin spesifikası tipikləşdirilmir və tam şəkildə bəlli olmur, yəni müəllif onun hünərindən ya özü ara-sıra söz salır, ya da Seyidin vasitəsilə “Raziyə igid, qəhrəman , mübariz bir qızdır” – qənaətini dedizdirir. Xatirələr, zindan dialoqları kontekstindəki təqdimetmələr və aşılama ştrixləri “böyük sevgi”, “böyük mübarizə” ideyasını doğrultmur.

Müəllif siyasi baxışlarını gizlətmir, sətiraltı mənada yox, açıq və faktiki misallarla danışır bu barədə. Kürdlər-türklər-farslar münasibəti və ziddiyyətlərini dönə-dönə vurğulayır:

“Kürdlər iki dəfə soyqırım törətdikdən sonra şəhərimizin 5 % - ə yaxın torpaqlarını işğal eləmişdilər. Ilk dəfə “Noyabr hadisələri” adlanan 1951-ci ildə kürd- assuri–erməni birləşməsi Sulduz və ətraf şəhərlərə hücum edib, yetmiş mindən çox azərbaycanlını öldürmüşdülər. Həmin dövrdə bir cox Azərbaycan şəhərlərini alıb, kürdləşdirib, adlarını belə dəyişdirmişdilər. Ikinci dəfəsə 1980-cı ildə iyirmi min silahlı ilə şəhərə basqın edib, əhalini kütləvi şəkildə qırmışdılar .” s 8

Əsərdə məhv olmuş talelər, zamanın və mühitin əzib ayaqladığı, dırnaq çəkib sonra çirkli həbsxana kamerasında əmrin icrası şərti kimi zorlanmış sevgilər təsvir edilir. “Yüz il inqilab”da gözəl, estetik, ümidli, xoş heç nə yoxdur. Hacılar, seyidlər, əxlaqsız, günahkar və qəddardılar. Qanunun, hüquq məcəlləsi maddələrinin icraçıları fahişələr, satqınlar və qorxaqlardır. Əsərdə haqqında danışılan obrazların yarıdan çoxu isə axmaqlar və dəlilər (Cabbar, Bağdagül, Eynulla Kırxkot, Papır və b.)...

Özünənifrət ovqatını bir an da olsa tərk edə bilməyən Seyid içindəki adamla hamının gördüyü, tanıdığı, yönləndirmələr və təsirlərlə idarə olunan adamı- həbsxana işçisi Seyidi üzləşdirməkdən, müqayisə etməkdən bezmir.

Əmrlərin icrasından sonra “sən alçaqsan, qorxaqsan, rəzil və əxlaqsızsan ” ittihamı ilə özünü qamçılayır:

“- Mən... mən... mən uşaqlıq sevgilisinə zindanda işgəncə verən bir alçaq... mən heç kim olmayan bir türk... mən... Seyid adıyla tanınan bir qatil... mən uşaqlıq nişanlısıyla zindanda evlənməyə məhkum olan bir rəzil... mən... doğrudan, mən kiməm axı...
Sayman Aruz
Sayman Aruz
Raziyə...?” s. 90

Sevdiyi qadının dırnaqlarını çəkir, onun fiziki ağrısı get–gedə azalır, özünün ruhu, qəlbi isə gör–gör göynəyir... müsbət və işıqlı nə varsa keçmişdə qalıb:

“Uşaqlıqda bu küçələrdən keçəndə elə bilirdim buludların üzərində yeriyirəm. O qədər özümü yüngül və xoşbəxt sayırdım ki, elə bilirdim istədiyim zaman göyə uça bilərəm, elə bilirdim istəsəm lap uzaqlara tullana bilərəm. Oxuya-oxuya, atıla- atıla buralardan keçərdim. Amma indi elə bil torpağın altında yeriyirəm. Özümü o qədər ağır və yorgun hiss eliyirdim ki, hər addımıma sanki bir ilimin enerjisi sərf olunur. Həvəssiz, ümidsiz və sevgisiz yaşayıram. Elə bilirəm indi küçələr ağız açıb məni udacaq. Küçələrdən qorxuram. Divarlardan qorxuram, hər şeydən qorxuram... Çox qorxaq olmuşam! ”s 27

Əsərin “Yüz il inqilab” adlanması Markesin “Yüz ilin tənhalığı” romanını xatırlatdı və dərhal müqayisə təfəkkürümüzü fəallaşdırdı. Markesin romanındakı sujet, hadisələr, obrazlar, təhkiyə, epoxal gedişatların sistemliliyi, bəşərilik, aktuallıq və dahiyanə sənətkarlıq, iyirmi Azərbaycan romanının sujetini özündə əks etdirə biləcək salnamə... İstər-istəməz bu ad Sayman Aruzun əsərini Markesin kölgəsinə sürükləyir...
Yüz il inqilab! Nəticəsiz, bəhrəsiz və ziyanlarla bitən inqilabların, üsyanların acısı vurğulanır. Seyidin atası oğlunun inqilab haqqındakı sualına belə cavab verir: “Oğlum, inqilab millətin dirçəlişə doğru üsyanının kor-koranə formasıdır. Həmişə də millətin könlüncə olmur. Yüz il inqilab etdik, üsyan etdik, amma xalqın inqilabını xalqdan alıb onun öz başına çaldılar”.s 32

Sayman Aruz İranı Şərqin xarabası adlandırır və Xomeyniyə də, Şaha da nifrət dolu münasibət formalaşdırmağa çalışır.

Əsərdəki mülahizələr, müəllifin ideya daşıyıcıları tərəfindən ərz edilən fikirlər çoxçalarlı olsa da, yəni həm siyasi–ideoloji, həm də sosial, mənəvi və dini xarakter daşısa da üzdəngetməlik, sadəcə, sözlə ifadə səthiliyi hiss olunur.

Nəzərdə tutulan ideyalar bədii mətn mənzərələri fonunda havadan asılı qalır, mətnin canından, qanından cücərmir, doğmur, elə hey kənardan gətirilir.

Sanki yazarın qeyd dəftərçəsindən götürülmüş “fəlsəfi qənaətlər”i Seyid və Raziyə macərasına yamaqlanır, hörülür...

Seyidin dilindən “atam deyərdi” və “mən belə düşünürəm” diqtəsi ilə ərz edilən həmin “fəlsəfi qənaətlər”də bu günün oxucusu üçün düşündürücü və yeni olan heç bir fikrin olmaması faktını da nəzərə alanda əsərdəki boşluğun dairəsi böyüyür.

Markes öz sözlərini nə Ursulaya, nə də Xose Arkadio Buendiaya, Amarantaya, Aurelianoya, Pilar Terneraya və başqalarına dedizdirmirdi.

Onların hər biri öz sözünü deyir, hər kəs öz həyatını yaşayır və müəllifini özlərindən min kilometr uzaqda saxlayırdı. Bizim yazarlar qəhrəmanlarını bir an da olsun tək qoymur, özü danışdırır, özü işlədir, hamının əvəzinə özü sevir, özü gülür, özü ağlayır... Kukla teatrındakı tamaşalarda olduğu kimi: hər kuklanın arxasında aktyorun əli görünür, bizim əsərlərin böyük əksəriyyətində hər obrazın arxasından müəllif boylanır...

Əsərdə bir çox üslub və cümlə quruluşu baxımından səhvlərlə də rastlaşdıq: “İnqilabdan sonrasa tövbə edərək adamları günahkar olduqlarına etiraf etdirməklə məşğul olub!” s. 39

Dəfələrlə Raziyənin iki dırnağını çəkdiyini söyləyən Seyidə s.43- də belə əmr olunur “Gəl, Seyid gəl, ikinci barmağını çək adam olsun!”

“Ölməkdən qorxmuram, ən qorxduğum şey özümü onlardan ayırdığım xalqımın üzünə baxmaq idi. Necə üzlərinə baxa bilərdim?”s 67.

“Mən də etiraf eləyəcəm. gülməliydi, sonunda etiraf eləyən Raziyə yox , mən olacaqdı.” S 82

“Məndən narahat olma... bu zindanlar mənim kimiləri çox görüb... qanım ölənlərdən qırmızı deyil ki! ” s 97.

“Yüz il inqilab”roman olmaq istəyən, ancaq ola bilməyən, hekayə və povest yerişini də itirmiş bir janrda yazılıb. Bu janrın adı haqqında düşünmək lazımdır...
XS
SM
MD
LG