Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:18

Əkrəm Əylisli. Sənəti ürəyi ilə deyil, başqa «orqanları» ilə qavrayan oxucu...


Əkrəm Əylisli
Əkrəm Əylisli
-

Əkrəm Əylisli


Yaradanlar və yamsılayanlar

...Ədəbiyyatı ömür boyu yamsılaya-yamsılaya kitab yazanlar yazıçılar deyil, cəmiyyətin yazıçıya verdiyi maddi və mənəvi imtiyazlara sahib olmaq istəyən və öz peşəkarlıq səriştəsi və ədəbi təcrübəsi ilə buna nail olmağı bacaran işgüzar adamlardır.

Bir də var qrafoman. O da yamsılayandır və o da, baxtı gətirəndə, ədəbiyyatda özünə mövqe tuta bilir.

Savadsız qrafoman yazmağın adicə quludur, xəstəsidir. İllər boyu hər gün yazdığı halda, yazmağın adicə texnikasına ömrünün axırınacan nail ola bilməyən «əfəl» qrafomanlar da var. Lakin həm yazmağın texnikasını mənimsəyən, həm də lazımi qədər savadı, məlumatı olan qrafoman, bəzi hallarda, ədəbiyyatda əməlli-başlı mövqe tutmağı da bacarır. Bu hal müxtəlif xalqların ədəbiyyatında müxtəlif formalarda təzahür edir. Burası, hər hansı bir məmləkətdə, bədii sözə olan əxlaqi münasibətin, mənəvi tələbkarlığın tarixi təcrübəsindən və cari səviyyəsindən asılıdır.

Rus ədəbiyyatında da, Azərbaycan ədəbiyyatında da qrafoman həmişə olub və var. Lakin onların ədəbiyyatda mövqe tutmaq imkanları eyni qədərində deyil. Yüksək inkişaf etmiş ədəbiyyatda sənəti yamsılaya-yamsılaya yalnız baş girləmək mümkündür. Az inkişaf etmiş, yaxud inkişafdan qalmış ədəbiyyatda isə beləsi (müvəqqəti də olsa) hərdən lap «klassik» səviyyəsinə də dırmaşa bilir. Ədəbiyyatın, necə deyərlər, suyunun suyundan özünə yazıçı karyerası yaradan, bədii söz surroqatının bu cür «hazıra nazir» mütəxəssislərini orijinal olmamaqla təqsirləndirmək o qədər də asan deyil. Özlərinin «öz yerlərində» olduqlarını əsaslandırmağa onlar həmişə «səbəb» tapa bilirlər:

Məsələn: «kiçik» ədəbiyyatın nümayəndəsi kimi! Ancaq, aydın məsələdir ki, ədəbiyyatın böyüyü-kiçiyi yoxdur. Burada, öz «kiçik» işinə böyük qiymət almaq üçün həmişə pusquda duranlar var. Bir də, buna şərait yaradan oxucu! Təbiətində bədii duyğu, bədii intellekt olmayan – bu sayat «müftəxor» oxucu hər yerdə var: mərkəzdə də, əyalətdə də. Həqiqi sənət belə oxucunu, necə deyərlər, dinə-imana gətirir, onda bədii sözə insani, mənəvi münasibət yaratmaq üçün, hər halda, əlindən gələni əsirgəmir.

Ancaq burası da aydındır ki, sənəti ürəyi ilə deyil, başqa «orqanları» ilə qavrayan bu sayaq oxucunun «mədəni» tələbatını ödəməyə həmişə can-başla hazır olan qələm sahiblərinin sənət və mənəviyyat aləmindəki bu ardıcıl və məhsuldar pozğunçuluq fəaliyyəti ədəbi tənqid tərəfindən, əksər hallarda, sükutla qarşılanır. Və bizim, «kiçik ədəbiyyat» nümayəndəsinin məhz bu sahədəki məhsuldarlığına «kiçik» demək heç cür mümkün deyil.

Bu «kiçiklik» maskasını mütləq yırtmaq lazımdır, çunki həmin o maskanın arxasında asudə həyat sürən ədəbi möhtəkirlik milli ədəbiyyatın mənafeyi ilə vicdansızcasına alver edir, onu hörmətdən salır.

1975
Ə.Əylisli. "Ədəbiyyat yanğısı" kitabından. Bakı: Yazıçı, 1989
XS
SM
MD
LG