Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:23

«Avropanın Azərbaycanla kürü diplomatiyasına son qoyulmalıdır»


Arxiv foto: kürü satışı
Arxiv foto: kürü satışı
-

«Azərbaycanın AŞPA deputatlarına kürü bəxşişi siyasəti barədə bu yaxınlarda verilmiş açıqlamalar, Avropa Şurası ilə Xəzər sahilindəki petrodövlət arasında qarşılıqlı əlaqələri izləyənlər üçün sürpriz olmadı».

Bunu Brüsseldə mənzillənmiş Açıq Cəmiyyət Avropa Siyasəti İnstitutunun (Open Society European Policy Institute) baş analitiklərindən Jacqueline Hale euobserver.com saytında yazır.

«Azərbaycanda insan haqlarının pisləşməsi və avtoritarlığın möhkəmlənməsini göstərən sübutların artmasına baxmayaraq, rejimi dəstəkləyən səslər də ucalmaqdadır», Jacqueline Hale yazır.

Analitik yazır ki, Azərbaycanın bayılmalarına səbəb olan «siyasi məhbus» terminin aydınlaşdırılmasına dair AŞPA-dakı son səsvermə, Azərbaycanın bu problemi seçkili assambleyadakı müttəfiqlərinin dəstəyi ilə birdəfəlik silib-atmaq üçün girişdiyi ölüm-dirim lobbiçiliyini göstərdi.

«Avropa Birliyinin ötən həftə Azərbaycanla insan haqlarına dair dialoq aparmış rəsmiləri, şəxsi söhbətlərində etiraf edirlər ki, kürü, Brüsselin menyusunda olub. Siyasi qərarlara rüşvətin təsirinin konkret sübutu olmasa da, Azərbaycanın Avropa Parlamentinin müəyyən çevrələri ilə münasibətləri kifayət qədər mehribandır», Jacqueline Hale yazır.

AB-nin bayrağı
AB-nin bayrağı
Müəllif bildirir ki, Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyasının ötən fevralda, Azərbaycanın xarici işlər nazirinin iştirakıyla keçirilmiş konfransında, fraksiyanın aparıcı üzvləri Azərbaycanda siyasi islahatları və ölkənin «demokratiya qurmaq niyyətində olması faktını» mədh ediblər.

Jacqueline Hale yazır ki, «başqa qonşularla müqayisədə Avropa Birliyi, deyəsən, Azərbaycana münasibətdə müstəsnalıq praktikasından istifadə edir».

BELARUSLA AZƏRBAYCANIN FƏRQİ

«Avropa İttifaqının xarici işlər üzrə ali komissarı Catherine Ashton bu yaxınlarda bir neçə günün ərzində Belarus və Azərbaycana dair son dərəcə ziddiyyətli bəyanatlar verib», məqalədə deyilir.

Müəllifin fikrincə, demokratiyanın dərəcəsi və davamlı repressiyalara görə oxşar bu iki ölkədən - Belarus məzəmmət edilir, Azərbaycansa təriflənir.

Jacqueline Hale nəticə çıxarır ki, Ashton-un Azərbaycan barədə təbrikanə bəyanatı Avropa Birliyinin qonşulara münasibətinin onların satılıq enerjisi olub-olmadığına əsaslandığını göstərir.

«Həmin tədbirdə Ashton 9 siyasi məhbusun əfvlə azad olunmasını alqışlayır, lakin daha 60 məhbusun hələ də dəmir barmaqlıqlar arxasında qalmasının üstündən sükutla keçir», müəllif yazır.

PREZİDENTİN QIZININ ŞEİRİ

Jacqueline Hale yazır ki, ötən mayda keçirilmiş «Eurovision» mahnı yarışından dərhal sonra fəallara təzyiqlər intensivləşib. Prezidentin qızının şeirinin məktəb dərsliklərinə salınmasını tənqid etdikdən sonra, narkotik maddə ittihamı ilə həbs olunmuş blogger Zaur Qurbanlı da daxil olmaqla, həbslər davam edir.

Catherine Ashton
Catherine Ashton
«Hökumət rəsmiləri, demokratiya fəallarını və müstəqil medianı onlara qarşı ictimaiyyətin nifrət kampaniyasına çağırmaqla hədələmişlər», məqalədə deyilir.

Daha sonra oxuyuruq: «Bu yaxınlarda keçirilmiş «Demokratiya naminə oxuyaq» kampaniyasında fəallar başqalarına görk olsun deyə, diqqəti siyasi motivlərlə həbs olunmuş həmkarlarına cəlb etməyə çalışıblar. Onların arasında foto-müxbir Mehman Hüseynov da olub».

«Bakıda yerləşən Media Hüquqları İnstitutunun məlumatına görə, iki jurnalist – Əvəz Zeynallı və Hilal Məmmədovun qondarma ittihamlarla məhkum edilməsilə, həbsdə olan jurnalistlərin sayı doqquza çatıb», Jacqueline Hale yazır.

Məqalədə deyilir ki, demokratik dəyərlərin və maraqların fərqləndirilməsini dilemma adlandırmaq düzgün deyil.

Müəllifin fikrincə, «Ərəb baharı» nümayiş etdirdi ki, Avropa Birliyinin dəyərləri və maraqları, bir-birindən nəinki ayrı deyil, hətta bir-birinə qarışıb.

YUXARIDAN GEDƏN AZƏRBAYCANA QAPININ YERİNİ GÖSTƏRMƏK

«Ola bilər ki, Azərbaycan tənəzzüldə olan neft istehsalını kompensasiya edə biləcək «Şah Dəniz» və digər qaz yataqlarına güvənməklə yuxarıdan gedir, lakin Avropa Birliyi xarici qazdan nə qədər asılı qalacaqsa, gəlirinin 90 faizini və ÜDM-in 47 faizini enerji ehtiyatlarından alan Azərbaycan da legitimlik istəyəcək», analitik yazır.

Bakıda neft platforması
Bakıda neft platforması
Jacqueline Hale yazır ki, Brüssel və Strasburq Azərbaycanda pozuntulara və güclənməkdə olan avtoritarlığa daha sərt reaksiya verməlidir.

Müəllifin fikrincə, Avropa Birliyi Azərbaycana açıq şəkildə şərt qoymalıdır ki, əgər 400 milyon əhalisi olan bazarla daha yaxın, birbaşa əlaqə istəyirsə, özünün təməl insan haqları tarixçəsini yaxşılaşdırmalı və korrupsiyaya qarşı mübarizə aparmalıdır.

«Qitənin əsas hüquq müdafiəçisi kimi Avropa Şurası üçünsə bu, o deməkdir ki, kürü ilə körüklənən məsxərəyə son qoyulmalı və Azərbaycana qapını göstərməlidir», Jacqueline Hale yazır.

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu [London]
XS
SM
MD
LG