Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:22

Xalxı gözəllər öpür, məni də Zəlimxan Yaqub...


-

Hüseyn Arifin lətifələri


Yazıçı İsmayıl Şıxlının “Dostum Hüseyn Arifin lətifələri” kitabı bu yaxınlarda yenidən nəşr olunub. Şair Hüseyn Arif haqda bəzi lətifələri oxucularımıza təqdim edirik.


Bir gün yenə zəng çaldı. Dəstəyi götürdüm. Kefi kök idi. O, həmişə təzə şeir yazanda kefi kök olur. Özü də mütləq şeirlərini telefonda mənə oxuyur.

- A qoca, bilirsən nə var, dünən idarədə oturmuşdum. Aşıq Pərinin sazlı qızları da yanımda. Birdən qapı açıldı, Zəlimxan Yaqub girdi içəri. Bığları da, maşallah, üzünün yarısını tutub. Atıldı boynuma, o üzümdən, bu üzümdən marçamarçla öpməyə başladı. Dedim: «dünyanın işinə bir bax, xalxı gözəllər öpür, məni də Zəlimxan Yaqub». Ona bir şeir yazmışam, qulaq as:

Vaxt olur, məclisim meyli-məzəli,
Vaxt olur, çiynimdə payız xəzəli.
Nadanın birini dünya gözəli,
Hüseyn Arifi Zəlimxan öpür.


* * *


Bir gün Hüseyn Ariflə qabaqlaşdım. Hal-əhvaldan sonra gülə-gülə soruşdum.
- A kafir, de görüm, əsl aşıqlar harda yetişir?
- Bə bilmirsənmi, - deyə təəccüblə cavab verdi.
- Göyçə mahalında. Borçalı çökəyində, Gəncəbasarda, bir də Tovuz-Qazax tərəflərdə.
- Elə isə, bəs nə üçün Aşıqlar Birliyinin sədri kimi həmişə Salyan aşıqlarını qabağa çəkirsən?
- Bə, qonaq-qonaqçam gələndə, balığı-ikranı kim gətirsin?


* * *


Hüseyn qələm dostlarından biriylə görüşür və hal-əhval tutur.
- Nə var, nə yox, atan necədir?
- Çox sağ ol, indi yaxşıdı. Yaman xəstələnmişdi. Qan təzyiqi, ürək bir-birinə qarışmışdı. Həkimlər güclə qurtardı.
Dostu gözləyir ki, Hüseyn ona ürək-dirək verəcək. Amma qəribə «təskinlik» eşidir.
- Mənim başım qarışıq olur, sonra kişiyə bir şey olar, bilmərəm. Öləndə mütləq xəbər ver.


* * *


Bir səhər Hüseynin zənginə dəstəyi qaldırdım.

- A qoca, bizim camaat lap qəribə olub. Ayə, yerindən duran diplomat kimi danışır. Ağzı söz tutmayan, siyasətdən başı çıxmayan adamlar az qalırlar ki, dünya siyasətçiləri ilə kəllə-kəlləyə gəlsinlər. Başın haqqı, iyirmi beş gün Türkiyədə qaldım, bir köpəkoğlu siyasətdən söz salmadı. Hər kəs başını salıb işini görür. Türkiyədən Qazağa gələndə beli bükülmüş, dişi tökülmüş bir qarı yolumu kəsdi.

- A şair, Qarbaçovla Yelsoyun davası nə ilə qurtardı?
- Canına azarla, - deyə sərt cavab verdim.


* * *


Bir gün Hüseynin qapısı döyülür. Dayısı çiynində xurcun içəri girir. Hüseyn görür ki, xurcunun hər gözündən bir hinduşka boynunu uzadıb ona baxır. Burnuna kabab iyi gəlir. İçəri keçirlər. Xoş-beşdən, çay-çörəkdən sonra Hüseynin dayısı (onu da deyim ki, Hüseyn özündən böyük kişi qohumlarının hamısına dayı deyir) yerini rahatlayıb, elə bil şad xəbər verir:

- A bacı oğlu, bizim ərbeşik* də allah rəhmətinə getdi.
- Bıy, ay dayı, o ki, yaxşı kişiydi, nədən öldü?
- Araxdan öldü, a bala, araxdan. Qarayazı meşəsinin yarısını satıb yedi. Qarabulaqların üstündə kababdan vurdu, araxdan içdi.
- Hayıf, cavan idi.
-Yox, hayıfslanma, vaxtında öldü, a bala, o ölməsəydi, mənə yer açılmazdı.
- Yoxsa, onun yerinə keçmək istəyirsən?
- Niyə istəmirəm, kimdən əksiyəm? Müharibə əlili, müharibə iştirakçısı. Kerçdə olmuşam, Mozdokda döyüşmüşəm. Faşistləri yuvasından qovmuşam. Məndən yaxşı kimi tapacaqsınız?

- Hüseyn azacıq fikrə edir.

- İndi məndən nə istəyirsən, ay dayı?

- Heç nə. Raykoma bircə dəfə dil bulasan, hər şey düzələr.
Elə bil bu vaxt hinduşkalar xurcundan dillənib kişinin səsinə səs verirlər.

- Hüseyn razılaşır, rayona gəlir, dayısı ilə birlikdə katibin yanına gedir. Kişi gözləmə otağında gözləyir, Hüseyn içəri girir. Katib onun ayağına durur, qucaqlaşıb-öpüşürlər.
- Şair, nə var, nə yox, çoxdandı görünmürsən, nə əcəb səndən?
- İşim düşüb.
- Buyur.
- Dayım ərbeşik olmaq istəyir.
- Olmaq istəyir, təyin edərik, burda çətin nə var ki?
- Müharibə əlili, müharibə iştirakçısıdır.
- Lap əla.
- Amma vicdanım təmiz olmaq üçün hər şeyi deməliyəm. Savadsızdı. Güclə qol çəkir. Oraya ali təhsilli adam lazımdı.

Katib tutulsa da, özünü şən göstərməyə çalışır.
- Sənin xatirinə buna göz yumarıq. Sonra nə var?
- Sonrası da odur ki, oğrudu. Əvvəlki ərbeşik meşənin yarısını yedi, bu isə kökünə balta çalacaq. Gözünü açanda görəcəksən ki, meşədə quruca kötüklər qalıb.

- Hə, bu bir az çətin oldu. Başqa nə xasiyyəti var?
- Yaman rüşvətxordu.

Katib tamam məyuslaşır.

- Şair, bəs onda niyə zəhmət çəkib gəlibsən?
- Özüm gəlməmişəm. Dayımın hinduşkaları gətirib.

Katib hər şeyi başa düşür. Görüb-götürmüş adamdı.
- Dayın hardadı?
- Qapının ağzında.
- Yaxşı, sən get, mən özüm kişini başa salaram.
- Hüseyn qapıdan çıxanda dayısı sevinmiş ayağa qalxır.
- A bala, düzəldimi?
- Düzəldi. Sənin haqqında nə lazım idi, hamısını dedim, keç içəri.
- Katib onu soyuq qarşılayır.
- Kişi, səni işə götürə bilmərəm.
- Bə, həncəri, Hüseyn mənim haqqımda bir şey demədi?
- Dedi. Hər şeyi dedi.
- Kişi suyu süzülə-süzülə bayıra çıxır ki, dişinin dibindən çıxanı bacısı oğluna desin. Amma Hüseyn çoxdan getmişdi.


* * *


Bir gün Nüsrət Kəsəmənli Hüseyn Arifi Ağstafada evlərinə qonaq aparır. Sazlı-söhbətli, xudmanı bir məclis düzəlir. Nüsrətin atası əsgərlikdən yenicə qayıdan və şeir aləmində təzəcə səsini ucaldan oğlunu dönə-dönə şairə tapşırır ki, gözü üstündə olsun. Xeyli yeyib-içəndən sonra Hüseyn ayağa durur. Nüsrət də onunla bərabər ayağa qalxır , qonağı yola salsın. Qapının ağzında Hüseynin gözü Nüsrətin divardan asılmış əsgərlik şəklinə sataşır. Ayaq saxlayıb diqqətlə baxır. Gözləri dolur.

- A Yusif qağa, bu Nüsrətdimi? -Hə.

- Allah Hitlerin evini yıxsın. Gül kimi uşaqlarımızı aparıb qırğına verdi. Fikir eləmə, başı əlində olsa, sorağı çıxar. Allah səbr versin...


* * *


Bir gün yenə zəng çaldı. Dostlarımızdan birini soruşdu.
- Ə, çoxdandı gözümə dəymir, hardadı?
- Kəndə gedib.
- Düz eləyib.
- Niyə?
- Ə, bə neyləsin, hökumət üzünə baxmır, arvad sözünə.


* * *


Yazıçılar İttifaqından işdən çıxmışdım. Bir gün axşam
Hüseyn zəng çaldı:
- A qoca, nə təhərsən, ürəyim səni yaman istəyir, gəlsən görüşək.
- Görüşmək istəyirsənsə, gəl gedək dəniz qırağına bulvara.
Onun qəti və tələsik cavabını eşitdim.
- Ə, işdən çıxmamışam, partiyadan, hökumətdən narazı deyiləm. Mənim dəniz qırağında nə işim var?


* * *


Bir gün Hüseyn şair dostlarından biri ilə rastlaşır. Hal-əhval tutur, uşaqları soruşur və axırda:
- Ə, xanımın necədir, işləyirmi? - deyir.
- Yox, a Hüseyn qağa, evdə uşaqlara baxır.
- Düz eləyirsən, arvad işləməsə, yaxşıdır.
Başqa mövzuya keçirlər. Beş dəqiqədən sonra yenə soruşur:
- Xanımın işləyirmi?
Oğlan qəsdən tərsinə cavab verir.
- Əlbəttə, Hüseyn qağa, ali təhsili var, niyə işləməsin.
- Başın haqqı, düz eləyirsən, arvad işləsə, yaxşıdır. Evdə oturanda arvadlığını da itirir.
XS
SM
MD
LG