Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:18

Bakı Avropanın ilk olimpiadasına ev sahibliyi edəcək


Bakı
Bakı
-
Bu barədə qərar Avropa Olimpiya Komitəsinin (EOC) Romada keçirilən iclasında qəbul edilib.
Bu iclasda iştirak edən 49 ölkənin nümayəndələri öz Milli Olimpiya Komitələrini əmin ediblər ki, 2015-ci ildə keçiriləcək Avropa Yay Olimpiya Oyunlarında bir qəpik də pul xərclənməyəcək, əksinə gəlir əldə olunacaq.
BBC xəbər verir ki, mahiyyət etibarilə Asiya və ya Pan-Amerika Oyunlarını xatırladacaq bu olimpiada dörd ildən bir keçiriləcək və oyunlara idmanın 15 növü daxil ediləcək.
BAKI YEGANƏ NAMİZƏD OLUB
Avropa Olimpiya Komitəsinin Romada keçirilən 41-ci Assambleyasının gizli səsverməsində Bakı 38 səslə oyunları qonaqlamaq hüququ qazanıb.
BBC yazır ki, iddiaçı kimi həm də Rusiya və Türkiyənin iştirak edəcəyi gözlənilsə də, sonda Azərbaycan yeganə namizəd kimi qalıb.
Avropa Olimpiya Komitəsi bəyan edib ki, oyunların dəqiq tarixi hələlik bəlli deyil, lakin çox güman ki, bu böyük idman tədbiri yazın sonlarında və ya yayın əvvəllərindıə yer alacaq.
Bəyanatda deyilir ki, texniki detallar üzərində iş gedir, lakin bu olimpiada Olimpiya Oyunlarına bənzəməyəcək.
Səsvermədə iştirak edən 49 təşkilatdan biri də Britaniya Olimpiya Assosiasiyası idi və Londonun başlıca narahatlığı beynəlxalq yarışların sıx gündəliyində bu oyunlara vaxt tapılması olub.
Bu narahatlığı ifadə edən heç də təkcə Britaniya deyil.
İdman Federasiyalarının Beynəlxalq Assosiasiyası (International Association of Athletics Federations (IAAF) idman yarışlarının gündəliyində hər hansı bir yeniliyin əleyhinə çıxıb.
Avropa İdman Assosiasiyası (The European Athletics Association (EAA) öz üzvlərinin Avropa Oyunlarında iştirakının əleyhinə səs verib.
ZİDDİYYƏTLİ OLİMPİADA
“The Daily Mail” qəzeti isə Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarını ziddiyyətli adlandırıb.
Maraqlıdır ki, bu qəzet də Avropanın ilk Olimpiadasında iştirak edəcək ölkələrin maliyyə baxımından heç nə itirməyəcəklərini vurğulayır, lakin pulun haradan gələcəyini də yazmır.
“Komsomolskaya Pravada” qəzeti yazır ki, Bakıda keçiriləcək oyunlar eksperimental səciyyə daşıyacaq və bu oyunlara indiyədək olimpiya növü kimi qəbul edilməyən iki idman növü də daxil ediləcək.
Bəzi ekspertlər inanırlar ki, bu idman növlərindən biri Azərbaycanın böyük potensiala malik olduğu sambo ola bilər.
Azərbaycandakı mənbələr həmçinin, şahmata nəhayət olimpiya statusunun verilə biləcəyindən yazırlar.
Bu yarışlara 7 min idmançının qatılacağı gözlənilir.
XS
SM
MD
LG