Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:11

Ramiz Mehdiyev tək hədəf deyil


Ramiz Mehdiyev
Ramiz Mehdiyev
-

Keçmiş universitet rektoru Elşad Abdullayevin Strasburqdan yaydığı videolarda daha çox Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adı çəkilir. Videoda deputat mandatı üçün tələb olunan 1 milyon manatın Administrasiya rəhbərinə çatdırıldığı iddia olunur.

Diqqəti bu videogörüntülərin açıqlanma zamanına çəkənlər hakimiyyətin ideoloqu sayılan 75 yaşlı Ramiz Mehdiyevi postundan tərpətmək niyyəti güdüldüyünü və hakimiyyətdaxili savaşın üzə çıxdığını düşünürlər. Cənab Mehdiyevin özü sözügedən videoları «təxribat» sayır.

«ŞƏRUR» VƏ «PAŞAYEVLƏR»İN NAMİZƏDİ

Şərq-Qərb Araşdırmaları Mərkəzi bir neçə il əvvəl hakimiyyətdəki qruplaşmalardan yazıb. Mərkəzin rəhbəri Ərəstun Oruclu diqqəti ona çəkir ki, seçkiyə 10 aydan az qalsa da, YAP-ın prezidentliyə namizədi hələ də açıqlamayıb. Onun sözlərinə görə, məhz bu səbəbdən hakimiyyətdaxili qruplardan hər biri öz namizədi uğrunda mübarizəyə başlayıb:

«Ramiz Mehdiyevin ətrafındakı, şərti adı «Şərur» olan qruplaşma İlham Əliyevin namizədliyində maraqlıdır. Onların ciddi rəqibi «Paşayevlər» qruplaşması isə Mehriban Əliyevanın namizədliyini yetişdirir. Birinci ledinin siyasi təbliğatı gedir. Bu qruplaşma son vaxtlar istər iqtisadi, istərsə kadrların yerləşdirilməsi sahəsində ciddi uğur qazanıb».

Ərəstun Oruclu
Ərəstun Oruclu
Ərəstun Oruclu hakimiyyətdaxili rəqabətin ən yüksək pilləyə keçdiyini düşünür. Politoloq öz mənbələrinə istinadla deyir ki, Ramiz Mehdiyevə yaxın ənənəvi qruplaşma prezidentliyə birinci ledinin namizədliyinin veriləcəyindən bərk narahatdır. Ancaq onun sözlərinə görə, Elşad Abdullayevin videolarının arxasında əks qruplaşmanın dayandığını iddia etmək də doğru olmaz:

«Elşad Abdullayev Ramiz Mehdiyevə qarşı mübarizəni aparmış olardısa, bu, böyük ehtimalla Rusiyada baş verərdi, Fransada yox. Çünki Azərbaycandakı hakimiyyət qruplaşmalarının hər ikisi daha çox Rusiyaya yaxındır. Rusiya da bu mübarizədə maraqlıdır, çünki bu, ən azı, üçüncü iştirakçını mübarizəyə qoşulmaqdan məhrum edir».

Ərəstun Oruclu Elşad Abdullayevin videolarının indi yayılmasını hər şeydən əvvəl keçmiş rektorun özəl maraqlarına bağlayır. Videoqalmaqal Qərb mediasının diqqətini çəkmədiyi üçün, onun fikrincə, bu amildən Qərb dövlətlərinin yararlandığını söyləmək də tezdir.

QƏRB DƏ, RUSİYA DA PROSESİ İZLƏYİR

Politoloq Əli Abbasov sözügedən videolardan cürbəcür qüvvələrin yararlandığını deyir. Onun fikrincə, kimsə bütövlükdə quruluşu dəyişdirmək, kimsə özünü iqtidarda görmək istəyir:

«Ona görə ki, başqa imkanlar yoxdur, müxtəlif, eləcə də Azərbaycandan kənar qüvvələr bundan istifadə etməyə başlayıb. Həm Azərbaycanla bağlı insanlar var, həm də başqa ölkələrin sakinləri. Həm Qərb, həm də Rusiya prosesi izləyir».

Əli Abbasov düşünür ki, birbaşa təsiri olmasa da, hələlik, bu videolar hakimiyyətə zərbədir. Cəmiyyət parlamentə seçkilərin necə keçirildiyini gördü və təbii olaraq, seçki sistemini necə dəyişmək barədə düşünməyə başladı.

Eldar Namazov
Eldar Namazov
«Azərbaycan Naminə» İctimai Forumun prezidenti, politoloq Eldar Namazov güman etmir ki, Elşad Abdullayevin videoları konkret bir şəxsə hədəflənib. O, diqqəti iki vacib videoya yönəldərək mandat alveri ilə bağlı videoda Ramiz Mehdiyevin adının daha çox hallandığını, amma Mahir Abdullayevin oğurlanması ilə bağlı videoda bütün hüquq-mühafizə orqanlarının adının çəkildiyini vurğuladı.

«HAKİMİYYƏTİN BÜTÜN QOLLARI HƏDƏFDƏDİR»

Politoloqun qənaətincə, videolar bütün dövlət sisteminin kriminallaşdığını, oğru aləmin qanunları ilə idarə olunduğunu göstərir: «Hakimiyyətin bütün qolları, bütün sistem, hədəfdə budur. Konkret adamların da adları çəkilir».

Videoların yayılmasının arxasında böyük güclərin dayanması fikrinə gəlincə, Eldar Namazov düşünür ki, bəzi hallarda insanların özü də proses yarada bilərlər: «Elşad Abdullayevin ən böyük gücü onun arxasında duran mifik qüvvələr deyil, yığdığı videokasetlərdir. Onlar Azərbaycanda baş verən qanunsuzluqları, cinayətləri açıq-çılpaq göstərib. Hanası ölkədə yaşasa da, belə bir videoarxiv başqa bir adamda olsaydı və onlar açıqlansaydı, yenə eyni cür effekt doğardı».

Elşad Abdullayevin özü videolar olayına necə baxır? Keçmiş rektor deyir ki, digər imkanların hamısını tükətdiyindən, hüquq-mühafizə orqanlarına müraciətləri cavabsız qaldığından gizli videoları yaymaq qərarına gəlib. O, niyyətinin qardaşı Mahir Abdullayevin niyə oğurlandığını öyrənmək və bu cinayətin üstünü açmaq olduğunu bildirir.

Videoçəkilişlərlə bağlı etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə maddəsi ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG