Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:12

Əsgər anası: «Onun əllərinin üstündə çəkmə zərbələrinin izi vardı»


Əsgər Ceyhun Qubatov ölüb, yoxsa öldürülüb?
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00
-
«Əsgər Qubatov Ceyhun yanvarın 7-si 2013-cü il tarixdə ürək çatışmazlığı diaqnozu ilə vəfat etmişdir».

3 ay əvvəl oğlunu Xırdalan hərbi komissarlığından orduya yola salan anaya yanvarın 8-də Daşkəsəndəki hərbi hissələrdən birinin komandiri adından gələn məktubda belə yazılıb.

ƏSGƏRİN YAXINLARI ƏSGƏRİN DÖYÜLƏRƏK ÖLDÜRÜLDÜYÜNÜ DEYİRLƏR

İstər ana, istərsə mərhumun yaxınları əsgərin ürək çatışmazlığından ölməsinə inanmırlar. Oğlunun üzündə və bədəninin müxtəlif yerlərində olan çoxsaylı xəsarətlər Samirə Qubatovanı onun döyülərək öldürülməsinə inandırır.

Ağlamaqdan səsi batdığından Samirə Qubatovanın bacısı Əsmayə Sadıqova danışır:

«Ölümündən bir gün qabaq Ceyhun anası, nənəsi və xalası ilə söhbət edib. Vəziyyətinin yaxşı olduğunu və sabah dağa çıxacaqlarını söyləyib. Elə həmin gecə uşaq öldürülüb».

«BİZƏ VERİLƏN SƏNƏD BU İŞİN ÖRT-BASDIR EDİLMƏSİNƏ HESABLANIB»

Bibisi Tahirə Səmədova bu fikirdədir ki, Ceyhunun ürək çatışmazlığından ölməsi barədə ekspertiza rəyi işi ört-basdır etməyə hesablanıb:

«Xırdalanın hərbi komissarı dünən burda idi. Dedi ki, biz o uşağı yoxlamışıq, ürəyində heç bir qüsur olmayıb. Biləcəridə tibbi komissiyadan keçib və ürəyində heç bir problem üzə çıxmayıb».

Tahirə Səmədovaya görə, meyitin üzərindəki çoxsaylı zorakılıq izləri də Ceyhunun döyülərək öldürüldüyünü göstərir:

«Onun əllərinin üstündə çəkmə zərbələrinin izi vardı. Qonum-qonşu o izləri görəndən sonra Prezident Aparatı qarşısına hamılıqla nümayişə çıxmaq istədi. Yenə də prezidentə qiymət qoyduq. Azərbaycan əsgəri belə işgəncə ilə öldürülürsə, onda övladlarımızı kimə etibar edək? Biz balalarımıza bayrağı öpdürüb yola salırıq. Belə bir zülmə hansı ana dözər?».

Ceyhun Qubatovun yasına Xırdalan hərbi komissarlığından və onun xidmət etdiyi hərbi hissədən gələnlər qatılsalar da, onlara ünvanlanan suallar cavabsız qaldı. Üz tutulanlar «Bu barədə danışmağa səlahiyyətli deyilik» cavabını verdilər.

RƏSMİ QURUMLARDAN HAÇALI AÇIQLAMALAR

Ceyhun Qubatovun ölümü ilə əlaqədar Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun birgə yaydıqları bəyanatda belə deyilir.

Bəyanatda bildirilir ki, Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları araşdırmaların aparılması məqsədilə bölgəyə ezam olunublar:

«Qısa müddət ərzində tam, hərtərəfli istintaq aparılmaqla təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması təmin olunacaq. Bu barədə ictimaiyyətə məlumat veriləcək».

2012-ci ildə təhlükəsizlik və müdafiə sektorunda itkilər 97 nəfər olub
2012-ci ildə təhlükəsizlik və müdafiə sektorunda itkilər 97 nəfər olub
Daha öncə Gəncə Hərbi Prokurorluğundan Ceyhun Qubatovun yaxınlarına ölüm hadisəsi ilə əlaqədar 15-ə yaxın əsgərin məsuliyyətə cəlb olunduğunu deyiblər. Bu, müəyyən suallar doğurur.

Ölən əsgərin xalası Mehparə Qubatova ölüm deyil, öldürülmə faktından danışmaq üçün belə şübhəli məqamları yetərli sayır:

«Siz 15 nəfəri içəri salmısınızsa, bizə niyə ürək çatışmazlığı ilə bağlı epikriz göndərilməlidir? Bax, biz bunu başa düşmək istəyirik».

Yaxınlarının sosial şəbəkələrdə yaydığı foto və videolarda əsgərin üzərində ciddi xəsarət izlərinin olduğu görünür.

ƏSGƏR İTKİLƏRİNİN STATİSTİKASI

Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin yanvarın 8-də yaydığı hesabata əsasən, 2012-ci ildə təhlükəsizlik və müdafiə sektorunda itkilər 97 nəfər olub. Bunun 77-nin qeyri-döyüş itkiləri olduğu bildirilir.

2003-2012-ci illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda ölən hərbçilərin sayı isə 647 nəfər olub. Müdafiə Nazirliyi, hələ ki, bu statistikaya cavab verməyib.

Mərkəzin rəhbəri Cəsur Sümərinlinin dediyinə görə, son 4 ildə Daşkəsəndəki hərbi hissələrdə azı 10 müəmmalı ölüm baş verib.
XS
SM
MD
LG